Müğənni Elton Hüseynəliyev və Sevda Yahyayevanın xəstəlikdən əziyyət çəkən uşaqlar üçün verəcəkləri konsertlə bağlı Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçiriblər. Lent.az-ın məlumatına görə, tədbiri açıq elan edən prodüser Tolik (Tarix Əliyev) hər iki müğənnini bu xoş missiya üçün bir araya gəldiyini deyib: “Bu gün mənim işbirliyim olduğu Sevda Yahyayeva və Elton Hüseynəliyev yardıma ehtiyacı olan uşaqlar üçün bir araya gəliblər. Düşünürəm ki, bu xeyirxah iş bir çox şou nümayəndələrinə nümunə olmalıdır. İki balamızın əməliyyat olunması üçün 30 min manat pul lazımdır. İkinci dərəcəli skaliozdan əziyyət çəkən Nübar və Leylaya yardım etmək istəyirik. Bu məqsədlə konsert təşkil etmək qərarına gəldik. Biletlər 10-30 manatadır”.
Sonda BMM-də müğənni Sevda, Elton, aparıcılar Afaq Gəncəli, Şəhriyar Əbilov öz fikirlərini media nümayəndələri ilə bölüşüblər.
Qeyd edək ki, E,Hüseynəliyevlə S.Yahyayevanın konserti mayın 26-da Heydər Əliyev sarayında olacaq. Konsert 20:00-da başlayacaq.