Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova Avropa promo-turu çərçivəsində sabah Gürcüstana yola düşəcək. Lent.az-ın məlumatına görə, Dilarə Gürcüstanda bir neçə telekanala qatılmaqla yanaşı, media ilə ünsiyyətə girəcək.
İfaçının Tbilisidəki günü Gürcüstanın aparıcı telekanalı olan “GPB”-nin səhər şousunda iştirakından başlanacaq. Sonra Dilarə radiostansiyaların, qəzet və jurnalların təmsilçiləri ilə görüşəcək.
Sonda Dilarə Kazımova üçün günün ən gözlənilən hadisəsi Gürcüstanın “Eurovision”-dakı təmsilçisi Mariko Ebralidze ilə görüş və birgə müsahibəsi olacaq.
Xatırladaq ki, Dilarə Kazımova aprelin 25-də Maltaya gedəcək. Bu səfər promo-turu başa çatdıracaq.
Qeyd edək ki, D.Kazımova Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində “Start a Fire” mahnısı ilə çıxış edəcək. Təmsilçimiz mayın 6-da 1-ci yarımfinalda 8-ci nömrə altında səhnəyə çıxacaq.