Müğənni Nadir Qafarzadə əməkdar artist Aygün Bəylərlə barışıb. Müğənni Lent.az-a bildirib ki, onları küsülülükləri əsassız imiş: “Mən hər zaman söyləmişəm ki, Aygün Bəylərin gözəl səsi var. Xüsusi ilə də “Tut ağacı” mahnısını bəyənirəm. Bir ara onunla aramız pis idi. Amma ötən gün iştirak etdiyimiz məclislərin birində barışdıq. Mən sevmirəm qalmaqal etməyi, sadəcə bir az aqressivəm, tez özümdən çıxıb, tez də sakitləşirəm. Kiçiyə də, böyüyə də hörmətlə yanaşıram. O, xanımdır, mən bəy. İlk addımı mən atıb, onunla barışdım. Aygün də mənə dedi ki, bu, bir anlaşılmazlıq idi, olub keçdi. Mən bir sənətçi dostu kimi, yenə də ona dəstəyəm”.
Müğənni sonra sözləri Valid Qardaşova, musiqisi Rauf Məmmədova “Ağlama sevda” adlı mahnısının hazır olduğunu deyib: “Yeni mahnımı təqdim etdim. Bu mahnını əvəzolunmaz sənətkarımız, bu gün hər bir ifaçıya nümunə olacaq Zeynəb Xanlarovanın ifasında eşidib, bəhrələndim. Düşünürəm ki, bu mahnını ifa etməklə doğru seçim etmişəm. Hər zaman Azərbaycanın əvəzolunmaz sənətkarlarının repertuarlarına sevə-sevə müraciət edirəm. Bu mahnı da həmin mahnılardandır. Düşünürəm ki, mahnıya yeni nəfəs vermişəm”.