Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.
Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən, çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət, nə qədər pul xərcləyir?
Lent.az-ın “Bazarlıq”ında ailə həyatı qurmağa hazırlaşan daha çox “Keyxanım” kimi tanınan əməkdar artist Ülviyyə Əliyevadır.
Onunla görüşümüz bazarlıq edəcəyimiz super-marketin qarşısında oldu. Çəkilişə tək yox, ailə quracağı bəylə gəlmişdi. Nişanlısının şəklinin çəkilməsinə qəti razılıq vermədi, “yox” deyib, durdu. Bizdə Ülviyyə xanımın seçiminə hörmətlə yanaşdıq:
- Lent.az vaxt tapan kimi informasiya aldığım ilk saytdır. Bilirsən Yalçın, bu mənim şəxsi həyatımdır. İstəmirəm nişanlımın fotosu saytda çıxsın. Mən sənətçiyəm, istəmirəm özəl həyatımla gündəmə gəlim. Yaxşısı elə mənim alış-verişimi çəkin. Şəxsi həyatım toxunulmazdır.
- İlk əvvəl soruşum ki, evdə alış-veriş işinə kim baxır?
- Baxır vəziyyətə. Mən də, anam da. Əksər hallarda bu işin öhdəsindən anam gəlir. Buna görə də ona çox sağ ol düşür. Nə yaxşı ki, var.
- Dedin ki, əksər hallarda alış-verişi anan edir, bəs yemək bişirməklə aran varmı, evdə əksər hallarda bu işi kim görür?
- Bu, bir az qəliz sual oldu. (gülür) Əlbəttə, yemək bişirməklə aram əladır. Amma vaxt olan kimi. Sizcə həftənin yeddi günü çəkilişdə olan adamın yemək bişirməyə vaxtı olar? Zamanım olanda bişirirəm. Amma çox vaxt anam hazırlayır. Evimizdə qulluqçu-zad da yoxdur. Başqa adam mənim işlərimi görsə, narahat olaram.
- Keçək alış-verişimizə. Hardan başlayaq?
- Heç özümdə bilmirəm. Haradan başlasaq yaxşı olar? Məncə, ağartı məhsullarından başlayaq.
Ağartı məhsulları satılan şöbədən 2 ədəd xama, 1 balon qatıq götürür. Xama və qatığı səbətə qoyduqdan sonra çox məhsul almayacağını deyir.
- Bu gün elə də çox məhsul almayacam. Çünki, bilmirəm evdə nə var, nə yox.
Ət məhsulları satılan şöbədəyik.
- Hə, burda ilişdik. Balıq, toyuq, mal, qoyun əti. Hansından alım?
- Daha çox hansı məhsuldan hazırlanan yeməyə üstünlük verirsiniz ki?
- Hamısından yeyirəm. Amma dəniz məhsullarına çox üstünlük verirəm. Balıq yeyənəm. Bizdə evdə balıq tez-tez bişir. Amma indi balıq almayacam.
Satıcıdan mal ətini vitrindən çıxartmasını və ona göstərməsini istəyir. Satıcı ilə dialoqdan məlum olur ki, sümüklü-sümüksüz ət anlayışından xəbərdardır. Satıcı əti vitrindən çıxardıb, göstərir.
- Bilirsiniz elə verin ki, qabırğa olmasın, dolmalıq. Yox, qərarımı dəyişdim. Mal əti yox, mal dili alacam. Dildən elə yaxşı yemək hazırlayıram ki...(gülür)
- Yeməkdən danışmışkən...
- (Sözümü kəsir) Hər yeməyi yeyirəm. Mənim düşüncəmdə pis, yaxşı yemək yoxdur. Heç sevmədiyim yemək də yoxdur.
- Bəs pəhriz saxlamırsan?
- Yox. Əvvəllər pəhriz saxlayırdım, pəhrizlə on kiloqram arıqladım. Amma indi nə oldu yeyirəm. Çəkimə görə kompleks yaşamıram.
- Deyəsən “Toppuş bacı”ya çatmaq fikrin var?
- Hə. (gülür) Bilirsən Yalçın, mənim üçün çəki problemi yoxdur. Hansı çəkidə istəsən, səhnədə hər bir hərəkətin öhdəsindən asanlıqla gəlirəm.
Tərəvəz satılan şöbədəyik. Bura girər-girməz üzüm götürüb fotoqrafa pozalar vermək qərarına gəlir.
- Meyvə-tərəvəzlə aram yaxşıdır. Xüsusi ilə üzümü çox xoşlayıram. Hərəsindən bir kilo olmaqla ağ və qara üzüm götürəcəm. Bundan əlavə kartof və kükü bişirmək üçün göyərti alacam.
Dediyi kimi də edir, 2 kilo üzüm, 3 kilo kartof, 7 ədəd də göyərti alır.
- Sənin üçün məhsulun keyfiyyəti nə qədə önəmlidir? Diqqət etdim ki, məhsulun keyfiyyət nişanına diqqət etmirsən...
- Düzdür, indi o qədərdə diqqət etməyə bilərəm. Amma hər zaman alış-verişdə keyfiyyətə baxıram.
- Ailə həyatı qurduğunuz zaman ev işlərini kim görəcək?
- Öüm. Başqa adam görsə, narahat olaram.
Şirniyyat məhsulları satılan şöbədəyik.
- Şirniyyatla aran necədi?
- Hə. Çox xoşlayıram. Elə indi 1-2 kilo alacam.
Satıcı 1 kilo 700 qram konfet verdikdən sonra, çörək satılan şöbəyə keçirik. Oradan da 2 çörək götürüb, alış-verişi yekunlaşdırmağı qərara alırıq.
- Yalçın, alış-verişi yekunlaşdırsaq yaxşıdır. Çünki, lazım olan hər şeyi aldım. Dediyim kimi olmadı. (gülür) Demişdim az şey alacam, amma çox alası oldum. Amma aldığım məhsullardan evdə az qalmışdı...
Kassir xanım malları bir-bir hesabladıqca, aktrisa pul kisəsinin ağzını açır, ödənişi də nağd pulla edir.
***
Beləliklə sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 49 manat 86 qəpik...