Müğənni Ülvi Qılınc əməkdar artist Elnarə Abdullayevanı polisə verdiyini təsdiqləyib. Lent.az-a açıqlama verən müğənni bildirib ki, ATV-də yayımlanan “Ondan sonra” verilişində E.Abdullayeva barəsində söylədiyi fikirlərdən sonra ona hədə-qorxu olunub: “ATV-də verilişdə olanda söylədim ki, Elnarə nə səbəbə görə deyib ki, “Oğluma müğənni qız almaram”. Yaxınlarım sual verir ki, müğənni qızlara nə olub ki, Elnarə belə deyir? Elə verilişdəcə sözümü dedim, müharibə başladı. Veriliş bitəndən sonra isə Elnarə mənə zəng elədi, təhqir etdi. Varım-yoxum qalmadı. Mənə hədə-qorxu gəldi. Dedi, səni sürgün edərik, asarıq, kəsərik. Sən bilmirsən mənim arxamda kimlər durub".
Ü.Qılınc onu da əlavə etdi ki, əməkdar artistlə danışan zaman telefonunu naməlum şəxsə uzadıb: “Elnarə sözlərini deyəndən sonra naməlum bir kişi telefonu götürüb məni hədə-qorxu gəldi. O da dedi ki, səni asaram, kəsərəm. Onların hədələrindən 5 dəqiqə sonra polisə şikayət etdim. Polisə dedim ki, məni asıb-kəsirlər. Müraciətim də yerdə qalmadı, Elnarəni polisə çağırdılar".
Qeyd edək ki, E.Abdullayevanın söylədiyi “Müğənni qızı oğluma almaram” fikri şou-biznesdə bir çox müğənnilərin ürəyincə olmayıb. Hətta bir müddət öncə həmkarı Xatirə İslamla aralarında qalmaqal yaşamışdı.