Lent.az “Dəyirman” və H.O.S.T. qrupunun prodüsseri Emin Əfəndi ilə müsahibəni təqdim edir:
- Emin bəy, məlumatlara görə, 1990-cı illərin əvvəlindən başlayaraq musiqi sahəsində addımlar atmısınız. O dövrləri necə xarakterizə edərdiniz?
- Tələbəlik illərimizdə dörd nəfərlə birgə “Dəyirman”ı yaratdıq. Daha doğrusu, ondan öncə özfəaliyyət idik. 1996-cı ildə isə tam olaraq səhnəyə, mediaya çıxmağa başladıq. Mən sözləri yazırdım, solistlər isə ifa edirdi. Ümumiyyətlə, prodüser sənəti də o vaxtlar yox idi. Qrupun yaradılışında “ANS” telekanalının və Seyfulla Mustafayevin böyük rolu var. Bizə layihələrimizi, işlərimizi təqdim etməyə şərait yaratdılar. Bundan başqa, “ANS”də “De gəlsin”, “Meyxana şou” layihələrini təqdim edirdim. Azərbaycanda ilk meyxana verilişinin aparıcısı olmuşam.
- Bəs “H.O.S.T.” qrupu ilə sizi nə bağlayır?
- “H.O.S.T.”un yaradıcısı deyiləm. Qrupun yaradıcısı bacım oğlu Elxan Zeynallıdır. Məndən həvəslənib bu sahəyə yönəldi. Replər yazıldı, qrup yığıldı və s. Qrupun solistləri istedadlı uşaqlardır. Mən də onlara kömək olub dəstəkləmişəm.
- Düzdür ki, “Dəyirman” qrupu maddiyyat ucbatından dağılıb?
- Xeyr, elə deyil. Azərbaycan repinə birinci “Dəyirman” başlamışdı. Solistlərin 16-17 yaşları var idi. Elə güclü bir cərəyan yox idi. Repçi Anar Nağılbaz, Elşad Xose var idi. Ancaq biz birincilər siyahısında olmuşuq. Bəziləri elə fikirləşir ki, insanlar 40-50 yaşlarında artıq rep deməməlidirlər. Düşündük ki, daha ciddi işlərlə məşğul olmaq lazımdır. Ona görə qrup dağıldı. Maddiyyata gəldikdə isə o dövrlərdə rep sahəsində o qədər də pul yox idi. Bununla ailə saxlamaq belə çətin məsələ idi. Gün keçdikcə repin öz kütləsi genişləndi, ifaçıları da çoxaldı.
- Sizcə, “Dəyirman” layiq olduğu dəyəri ala bildimi?
- Onu dinləyici kimi deyə bilmərəm. Ancaq qrupun içindən biri kimi deyə bilərəm ki, məncə, yox. Almadı. Daha çoxuna layiq idi.
- Bu, “H.O.S.T.” qrupuna da aiddir?
- Bəli. O da həmçinin. Bu qrupun böyük kütləsi var idi və o, gənclər üçün bir həyat tərzi olmuşdu. “H.O.S.T.” ilk növbədə mənim üçün Qaraqandır. Qaraqan isə mənə görə tək repçi deyil, həm də yazıçıdır. Onu ən çox yazıçı kimi bəyənirəm. O biri solistlər isə repə davam edirlər deyə, öz kütlələri var. Yəni, dəyər aldılarmı, ya yox, deyə bilmərəm.
- Bir az da “Kəllə-kəlləyə” layihəsindən danışaq. Xüsusən də, 3 il əvvəl repçilər Paster və Tibunun “battle”nın indiyə qədər danışıldığını sosial şəbəkələrdə görürük. Sizcə, Paster niyə qalib seçilmədi?
- Ümumiyyətlə, Azərbaycanda müsabiqə keçiriləndə bəzi insanlar fikirləşir ki, mənə qiyməti kim verəcək? “Qiymət verən məndən çox bilir?”. Bu “battle”da iştirak etmədim, ancaq sonra baxdım. Bildiyimə görə, çox tamaşaçı deyib ki, Paster qazanmalı idi. Amma izləyicilər bunu hər dəfə deyirlərsə, deməli, nəsə bilirlər.
- Hətta çoxları düşünürdü ki, yarışmada pul söhbəti var və s.
- Yox, elə deməzdim. Tibu savadlı, istedadlı biridir. Sosial şəbəkələrdə müxtəlif fikirlər ola bilər. İstənilən halda, ajeotaj yaranmışdı. Nəyə görə Tibu qazandı və s. Ancaq unutmaq olmaz ki, yarışmada qalibiyyət yalnız tamaşaçıların səsi ilə həll olunmur. Format elədir ki, orada münsiflər heyətində 3 və ya 5 nəfər olur. Qiyməti onlar verir, onlar seçir. İki iştirakçı da güclü idi. Bundan başqa, “battle”da güclü-zəif söhbəti olmur. Münsiflərin verdiyi qiymət elə də əhəmiyyətli də deyil. Əsas odur ki, xalqın yaddaşında performanslar və istedadlılar qalsın.
- Deyişmədə də eyni kriteriyaları görürük, elə deyil?
- Eyni ilə deyişmə. Tutaq ki, rəhmətlik Aydın Xırdalanlı ilə Ələkbər Yasamallı, və yaxud Namiq Qaraçuxurlu. Oturub meyxana desinlər. Kim deyəcək ki, kim güclüdür, kim zəif? Ona əsl qiymət verəcək insanlar çoxdan ölüb. Hərənin öz dəsti-xətti var.
- Həmin “battle”da bir maraqlı nüans var ki, sizin adınız çəkilir. Paster “Sənə kömək olan deyil Emin Əfəndi” – deyir. Bu parça çoxlarının dilində qaldı.
- Bəli. Hamı maraqlanırdı ki, görəsən, Emin Əfəndi kimdir? Sadəcə qafiyəyə düşürdü deyə, Paster elə dedi. Özüm də gülmüşdüm ona. Əla idi. Pasterə də, Tibuya da halaldı. Əfsuslar olsun ki, daha “Kəllə-kəlləyə” layihəsi yayımlanmır.
- Hip-hopda əsas istedaddır, yoxsa...?
- Əgər “battle”ı deyirsinizsə, təbii ki, istedad. İstedad, yumor hissi, səs tembri, səhnə hərəkətləri və s. Hər mikrofon götürən rep deyə bilməz. “Battle” ayrıca bir sənətdir. Çox çətindir, asan məsələ deyil.
- Sizcə, Azərbaycan musiqisində niyə bayağılıq var?
- Bayağılıq hər sahədə var. Bu, zövq məsələsidir. Bayağı musiqi sevən birinə necə deyə bilərsən ki, sən niyə buna qulaq asırsan?
- Amma ən çox “YouTube”da bayağı musiqilər trendə düşmürmü?
- Heç kəs bilərəkdən onu trend etmir axı. Məsələn, klassik musiqi sevən biri olaraq niyə bayağı hesab olunan mahnılara qulaq asmayım? Sümüyümə düşürsə, qulağıma xoş gəlirsə, dinləyəcəyəm. Burada nə var ki? Burada əsas söz sahibi KİV-dir. Ümumiyyətlə, 1990-cı illərin əvvəlində yaradılan “ABBA” müstəqil telekanalında səviyyəli, çox keyfiyyətli verilişlər yayımlanırdı. “ANS”, “Space” kimi telekanallar da səviyyəni qaldırmaq məqsədilə eyni ilə o cür verilişlər təqdim etdi. Get-gedə yerli kanalların reytinqi qalxdı. Vaxt keçdikcə daha çox telekanallar yaranmağa başladı və o reytinqi aşağı saldılar. Bayağı verilişlər yayımlandı və gördülər ki, insanların marağına səbəb olur. O biri kanallarla birgə başladılar rəqabətə. Beləcə səviyyə aşağı düşdü.
- Emin bəy, dövrümüzün gənclərinin önünü kim kəsir?
- Gənclərin önünü ilk növbədə tənbəllik kəsir. Bir enerjili, istedadlı, savadlı, bacarıqlı gəncin önünü başqa necə kəsmək olar? Vallah özündən başqa kimsə kəsə bilməz.
- Maddiyyat ola bilərmi?
- Maddiyyat olan yerdə istedada yer yoxdur. Nə qədər imkanı zəif olan gənclərimiz inkişaf edib irəli gediblər. Qarşısını kəsmək söhbəti sovet düşüncəsidir. Sovet dövründə bir insanın irəli getməsinə kimlərsə qərar verirdi. Ancaq indi yalnız insanın özündən asılıdır. Əziyyətsiz nələrəsə nail olmaq absurddur.
- Ədəbiyyat əhlinin əksəriyyəti Rəşad Dağlının məlum hadisəsindən sonra deyir ki, meyxana gəncləri kriminala səsləyir. Bunu doğru hesab edirsinizmi?
- Yox. Rəşad Dağlının törətdiyi hadisəni meyxanaya bağlamaq da düzgün deyil. Nəyə görə onun sənətinə aid edirlər, bilmirəm. Gəncləri normalda kriminala səsləyən milyon dənə vasitələr ola bilər. Meyxana onların içində bəlkə də ən axırıncısıdır. Mənə görə meyxana bir sənətdir və ötürücü vasitədir. Meyxananı ifa edənlər ondan pul qazanır və evlərinə çörək aparırlar. Burada bəhs olunan şeylər yüksək təbəqəyə də aid ola bilər, aşağı təbəqəyə də. Azad sözdür. İfaçı dediyini deyir, nəticə çıxarmaq dinləyiciyə məxsusdur. Bilirsinizmi ki, İkinci Dünya Müharibəsində SSRİ Azərbaycanında meyxanadan agetasiya kimi istifadə edirdilər. Yəni cəbhədə faşistlərin düşmən olduğunu söyləyən, Hitler əleyhinə, vətənpərvərliyi aşılayan meyxanalar deyilirdi. İndi də başa düşə bilmirəm. Meyxananın üstünə niyə bu qədər düşüblər?
- Bəs günah kimdədir?
- Günah meyxana ifaçılarının özündədir. Çünki indiyə kimi meyxanaçılar öz aralarında bir qurum yaratmayıblar. Necə ki, Aşıqlar Birliyi, Yazıçılar Birliyi var, meyxanaçıların da birliyi yaradılmalı idi.
- Qarşıma internetdə belə bir məlumat çıxdı. Deməli, Mirşahin Ağayevə sual ünvanlayıblar ki, nəyə görə “De gəlsin” meyxana layihəsini efirdə təbliğ edirsiniz? O isə cavabında “buna tələbat var”, - deyib. Yəni insanlar baxırsa, niyə də yayımlamasınlar?
- Bəli. Mirşahin Ağayev meyxana sənətinin televiziya səviyyəsinə gəlib çıxmasında baş rollardan biridir. Onun da öz kütləsi varı. Nəyə son vaxtlar meyxananın üzərinə düşüblər? Rəşadın yerində hansısa futbolçu olsa idi, dünya futbolun üstünə düşəcəkdiniz? Aşıq olsa idi, aşıq sənətini boykot edəcəkdiniz? Meyxananı bu qədər linç etməyə dəyməz.
- Emin bəy, son olaraq yeni işlərinizdən danışaq. Nələr təqdim edəcəksiniz?
- Miri Yusiflə gözəl bir layihəmiz var. Adı “Xəzərim”dir. Klip çəkmişik və bu yaxınlarda işıq üzü görəcək. Bundan başqa, futbolla bağlı radio layihəm davam edir. Belə.