Lent.az aktyor Müşviq Şahverdiyev ilə müsahibəni təqdim edir.
- Müşviq bəy, artıq Azərbaycanda kifayət qədər tanınırsınız. Heç inanardınızmı Lənkəran Dövlət Dram Teatrından buralara qədər gələcəksiniz?
- Yox, inanmazdım. Bilirsiniz, uşaqlığımdan bəri həmişə istəmişəm ki, aktyor olum. Amma ailəm buna qarşı çıxıb. Onlar məni tamam başqa sahəyə yönəldirdilər. İstəyirdilər ki, hərbçi olum. Düzdür, Vətənimi sevirəm, hər bir kişinin borcudur ki, Vətənə xidmət etsin. Ancaq mənim həvəsim yox idi və özümü orada görmürdüm. Böyük çətinliklərlə istədiyim universitetə daxil olmuşam.
- Tələbəlik illərinizi necə xatırlayırsınız?
- Çox əziyyət çəkmişəm, ağır günlərdən keçmişəm. Dost-tanış evində qala-qala, tələbə yoldaşlarımın paltarlarını geyinə-geyinə yaşamışam. Elə olurdu ki, kirayə pulu verə bilmirdim deyə, başqa universitetdə oxuyan tanışlarımın evində qalırdım. Ac qaldığımız günlər də olurdu. Ən güclü yeməyimiz blinçik, ya da kartoflu, ətli peraşki idi (gülür). Sevinirdik ki, bu gün naharda bunları yeyəcəyik. O illəri heç vaxt unutmaram. Şükür olsun ki, televiziya layihələrinə qoşuldum. Sonra yavaş-yavaş, belə deyək də iməkləyə-iməkləyə tanınmağa başladım.
- Maraqlıdır, sizi kim kəşf etdi?
- Məni kəşf edən illər öncə “Tək səbr” layihəsinin aparıcısı Həsən Əliyev oldu. O vaxt “KVN”ə dəvət etmişdilər məni. Orada gördü, danışdı ki, belə bir layihəmiz var, gəl, özünü yoxla. Böyük məmnuniyyətlə qəbul etdim, tələbə adamam da, mənim üçün qapı açılmışdı. Getdim, ilk olaraq mənə əlli dollar maaş yazıldı. O vaxtı 19 şirvan edirdi. O, gözümdə çox böyük dəyərə malik idi. Təsəvvür edin, o vaxta kimi o qədər pulu bir yerdə görməmişdim.
- Nə etdiniz o pulla?
- Birinci əyin-baş aldım özümə. Yadımdadır indiyə qədər, 2002-ci il idi. İndiki “Gənclik mall”ın yerində “Amay” var idi. O ticarət mərkəzində bahalı şalvar, köynək aldım. Bahalı oğlan oldum. 20 il keçib e, dəhşət (gülür). Düşünürdüm ki, artıq tanınmış adamam, əyin-başım yaxşı olmalıdır.
- Universitetdə sizə necə davranırdılar bəs?
- Düzü, pul məni bir az çaşdırdı. Pul qazanandan sonra gedib son model mobil telefon almışdım. Dərslərdə iştirak etməməyə başladım. Üçüncü kursda universitetdən məni xaric etdilər. Dedilər ki, sən tələbələrə yaxşı örnək deyilsən, daha bizə lazım deyilsən.
- Ondan sonra nə oldu?
- Ondan sonra yaxşı oldu. Diplomumu almasam belə, irəli getdim, populyarlaşdım. Bir neçə gün əvvəl sinif yoldaşlarım bir xatirə dəftəri göstərdilər mənə. Dəftərdə “Böyüyəndə nə olmaq istəyirsən?” sualını yazmışdılar. Mən də ora “Böyük aktyor olmaq və Lənkərandan kənarda tanınmaq istəyirəm” yazmışdım. Mənim üçün Bakıda aktyor olmaq çox böyük bir şey idi. Bakıya gəlib burada və sonralar Türkiyədə də tanınacağım, Amerikada yaşayan bir azərbaycanlının belə məni sevəcəyi ağlımın ucundan da keçməzdi.
- Müşviq bəy, tənqid qəbul edən birisiniz?
- Bəli, tənqid qəbul edirəm. Ancaq yersiz tənqidlər də çox olur. Bilirsiniz, kino və şou-biznes sahəsi uğura sevinməyən bir aləmdir. Paxıllıq həddən artıq çoxdur. Zülmlə səni təbrik edir, sözləri kəlbətinlə alırsan. Bir nəfərin irəli getməsi kimlərisə narahat edir. Başa düşürsünüz vəziyyəti? Məsələn, mənim layihələrimin kimlərə pis təsir etdiyini də çox gözəl bilirəm. Biri var ki, sağlam rəqabət, biri də var qurdluluq. Bu, bizim ən yaralı yerimizdir. Əgər bir işin pisdirsə, buna yüz minlərlə baxan və kinoteatra gedib, bilet alıb izləyən tamaşaçı da pisdir? Tənqid nəyisə düzəltmək, biabırçı bir iş üçün olunmalıdır. Onda hə, qəbul edərəm. Amma yersiz tənqidləri qəbul etmirəm.
- Düşmənləriniz də olar onda, elədir?
- Görmürsünüz? (gülür). Düşmənlərim təbii ki, var. Onlar da tam düşmənlərim deyillər. Sadəcə haqq və ədalətin yerini tapacağına inanıram.
- Artıq yaşlaşandan, yaş öz sözünü deyəndən sonra nə etməyi düşünürsünüz?
- 40 yaşına çatandan sonra insan artıq düşünür ki, bundan sonra nə işlə məşğul olacaq. Düzdür, çoxlu səhvlərim olub. Vaxtı ilə qazandığım pulları dağıtmışam. Maşın alıb dəyişmişəm, təmtəraqlı ad günləri keçirmişəm və s. Gəzməyi çox xoşlayıram deyə pulum olan kimi gedirəm gəzintiyə. Ən çox ona pul xərcləyirəm.
- Soruşmaq eyib olmasın, neçə eviniz var?
- (Gülür). Elə aktyorlar var ki, pulunu evə, biznesə xərcləyir. Elə biri olmadım. Bir evim var. Halbuki evlər, torpaq, obyektlər almağa imkanım olub, almamışam. “Əşşi, neyləyirəm e?” demişəm.
- Səhnədə başınıza gələn ən yaddaqalan hadisəni danışa bilərsiniz?
- “Komedixana”nın konsertindəki rok səhnəciyində əməlli-başlı hər şeyi dağıdıb sındırmalı idim. Demişdilər ki, şkafın küncünə təpik vurmalısan, yıxılmalıdır yerə və onu yerdə parçalamalısan. Qışqıra-qışqıra gəldim, səhvən ayağım şkafın ortasına girdi. Ayağım taxtanın içindən keçdi və geri çəkə bilmədim. İki min insanın qarşısında əməllicə pis vəziyyətə düşdüm. Hiss etdim ki, ayağımın dərisi sıyrılıb və göynəyir. Aktyor Həsrət gördü bunu, gitara ifa edə-edə kömək etdi. Ayağımı çıxara bildim. Sonra stulu qaldırdım yuxarı, sən demə, o da sınıqdı və itiuclu hissəsinə fikir vermədim. Qoluma bərk vuranda hiss etdim ki, nəsə batdı. Səhnəcik bitəndə hamı üstümə qaçdı. “Tez olun, pambıq gətirin”, - deyə, qışqırırdılar. Nə baş verdiyini başa düşmürdüm. Gördüm ki, qolumdan qan axır. Səhnədə o qədər olur ki, sözlər yaddan çıxır, donub qalırsan yerində. Bu da bu işin özəllikləridir.