Eldar Qasımov: “O qız yaxınlaşıb deyəndə ki gəl şəkil çəkdirək, bütün romantikam ölür...” - SÖHBƏT
28 iyul 2012 14:03 (UTC +04:00)

Eldar Qasımov: “O qız yaxınlaşıb deyəndə ki gəl şəkil çəkdirək, bütün romantikam ölür...” - SÖHBƏT


Qadın klubumuz fərqli layihələr təqdim edir. İlk layihəmiz klubumuza məşhur kişiləri dəvət edib, müxtəlif mövzularda söhbət etməkdir.

Klubumuzun üzvləri:

Xalisə Şahverdi – hüquqşünas
Günel Mövlud – yazar
Aygün Aslanlı – kinoşünas
Zərifə Quliyeva – həkim

Obrazlarımız

Xalisə Şahverdi – realist iş adamı
Günel Mövlud – romantik solçu
Aygün Aslanlı – melanxolik ziyalı
Zərifə Quliyeva – çılğın ictimaiyyətçi

Budəfəki qonağımız: “Eurovision” mahnı müsabiqəsinin ötən ilki qaliblərindən biri, Bakı Slavyan Universitetinin məzunu, müğənni Eldar Qasımovdur.

Qadın Klubu başlayandan hələ sənətçi qonağımız olmamışdı. Amma biz Eldar Qasımovu sadəcə müğənni kimi deyil, eyni zamanda milyonların kumiri olan bir gənc kimi dəvət eləmişdik. O elə kafeyə girən kimi qadınlar elə bil göydən yağmağa başladı. Adətən üç, nadir halda dörd qadından ibarət olan klubumuza düz altı qadın yığışdı.

Söhbətimizə gənc müğənninin təhsilindən başladıq.

Günel:

- Eldar, niyə müğənni olmaq istədiyiniz halda, təhsil olaraq beynəlxalq əlaqələri seçdiniz?

Eldar Qasımov:

- Bilirsiniz, hələ on beş yaşım olanda mən istəyirdim ki, musiqidən də başqa mənim bacardığım bir şey olsun. Fikirləşdim ki, bu diplomatiya ola bilər. Çünki diplomatiya həm də danışıq aparmaq sənətidi. Bu iş də adamdan rol oynamaq tələb edir.

Aygün:

- Siz nəyə hazırlaşırdız ki, rol oynamaq, incə danışıqlar aparmaq sənətinə ehtiyac görürdünüz?

Günel:

- Doğrudan da, on beş yaşında belə şeyi niyə istəyirdiniz ki?

Eldar Qasımov:

- Mən insanları tanımağı xoşlayıram. Təkcə insanları deyil, yeni mədəniyyətləri də həmçinin. İnsanlar və mədəniyyətlər çox fərqlidir. Onların hamısını ixtisasıma görə tanımaq gələcək səfərlərimdə mənə xeyirli olacaq, tanışlıq, ünsiyyət problemi yaşamayacam.

Günel:

- Bəs musiqi?

Eldar Qasımov:

- Musiqiyə gəlincə, mən hələ uşaqlıqdan bilirdim ki, nəsə olacaq. Bilirdim ki, həyatım musiqi ilə bağlı olacaq. Amma ixtisas olaraq diplomatiyanı seçdiyimə görə sevinirəm. Məsələn, “Eurovision” vaxtı xaricdə jurnalistlər ən müxtəlif və qəliz suallar verirlər. Onların sualları təkcə mədəniyyətə, musiqiyə aid olmur. Qarabağ məsələsindən, ermənilərdən, geylərdən, ölkədəki vəziyyətdən soruşurlar, bunlara münasibət öyrənirlər. Onlara düzgün, diplomatik cavablar vermək lazım olur və mən buna hazır idim.

Aygün:

- Maraqlıdır, geylər barədə necə diplomatik danışmaq olar? Ümumiyyətlə, Avropada geylər barədə sizdən nə soruşurdular ki?

Eldar Qasımov:

- Onlar Azərbaycan barədə çox yanlış fikirdədilər. Elə bilirlər ki, bura ərəb ölkələri, ya da İran kimi bir yerdir. Elə bilirlər ki, müsəlman olduğumuza, Şərq olduğumuza görə biz cinsi azlıqlarla qəddar rəftar edirik. Mənə sual veriləndə çalışırdım ki, bu barədə onlara düz məlumat verim.

Aygün:

- Eldar, bilirsiz ki, bizdə müğənnilərin hamısının üstünə bir şou-biznes damğası vurublar. Və belə bir fikir var ki, müğənnilər kitab oxumur, heç nədən məlumatı yoxdu. Siz gəncsiniz və kifayət qədər maraqlı ifa tərziniz, imiciniz var. Kitab oxumaqla aranız necədi?

Eldar Qasımov:

- Mən kitab oxumağı çox xoşlayıram. Filmlərə baxmağı xoşlayıram. Hansısa filmə baxanda çalışıram ki, sonra kitabı da oxuyum və müqayisələr aparım. Alman və ingilis, rus dillərindəki əsərləri orijinaldan oxuyuram. Çalışıram ki, dili daha mükəmməl öyrənim və əsərlərin çoxunu orijinaldan oxuyum.

Günel:

- Dünya ədəbiyyatından sevdiyiniz beş klassikin adını çəkə bilərsiniz?

Eldar Qasımov:

- Mən rus ədəbiyyatını xüsusilə çox sevirəm. Tolstoy və Qoqola xüsusi sevgim var. Dünya ədəbiyyatından isə Şekspiri sevirəm. Alman ədəbiyyatından xeyli şeylər oxumuşam, Henrix Heyne xüsusi diqqətimi çəkib, amma alman ədəbiyyatı mənə doğma deyil. Düşünürəm ki, dünya klassikasını ona görə oxumaq lazımdır ki, sadəcə bunsuz mümkün deyil. Klassikanı hamı oxumalıdır. Bu artıq dünya görüşünü zənginləşdirmək üçün deyil. Sadəcə lazımdır, vəssalam. Dünya görüşümü zənginləşdirmək üçün isə mən müasir ədəbiyyat oxuyuram və təzə filmlərə baxıram.

Xalisə:

- Eldar, nə vaxtsa «07» sürmək həvəsinə düşmüsüz?

Eldar Qasımov:

- Nəinki «07», ümumiyyətlə maşın sürmək həvəsim olmayıb. Maşın sürməyi sevmirəm, maşın mənim hobbim deyil. Üstəlik, bizdə bu qədər naşı, mədəniyyətsiz, yol hərəkət qaydalarını, mədəniyyətini bilməyən adamlar var. Buna görə də, yəqin ki, gələcəkdə də sürməyəcəm. Bu çox böyük məsuliyyətdir və adamdan yüksək peşəkarlıq tələb edir. Peşəkar olmayan adam sadəcə həvəs üçün sükan arxasına otura bilməz.

Günel:

- Bəs, nə ilə hərəkət eləyirsiz?

Eldar Qasımov:

- Hərdən taksidən istifadə edirəm, hərdən qardaşım öz maşınında aparır.

Xalisə:

- Siz yaxşı mənada istisnasınız, çünki bizim gənc oğlanların əlinə pul düşən kimi, ilk arzusu maşın almaq, özlərini göstərmək, maşınla, maşını sürətlə sürməklə fəxr eləmək olur.

Eldar Qasımov:

- Bunu niyə eləyirlər ki, başa düşmürəm?

Günel:

- Özlərini göstərirlər, diqqət çəkmək istəyirlər...

Eldar Qasımov:

- Mən belə şeylər çatmır. İnsan niyə gözünü başqasına göstərməlidir ki? Niyə başqasına nəsə sübut eləməyə çalışmalıdır ki? İnsan bircə dəfə yaşayır və bu həyatı özü bildiyi, istədiyi kimi yaşamalıdır. Heç kimin həyatını yaşamaq, ya da kimisə sənin həyatını yaşamağa məcbur eləmək olmaz. Buna görə də, o gənclərin elədiyi boş-boş şeylərdi.

Günel:

- Heç kimə görə, kiməsə nəsə göstərmək üçün yaşamaq istəmirsiz, bu əladı. Bəs, kimin üçünsə fədakarlıq eləməklə aranız necədi?

Eldar Qasımov:

- Fədakarlıq yaxşı şeydi, amma baxır kimin üçün. Hansı vəziyyətdə. Slavyan Universitetinin qarşısına yığışan minlərlə fanat qız üçün mən fədakarlıq eləmək fikrində deyiləm. Amma kimin üçünsə də fədakarlıq edirsənsə, bu da eqoizmin bir növüdür. İnsan da fədakarlığı ona görə eləyir ki, ona xoşdur, bundan zövq alır.

Günel:

- Bayaq Şekspiri çox sevdiyinizi dediniz. Həyatınızda bir Cülyetta varmı?

Eldar Qasımov:

- Mən bir dəfə sevmişəm. İndi də sevirəm. Amma biz bir yerdə deyilik. Buna baxmayaraq, bunu faciə kimi qəbul eləmirəm. Hər şey yaxşıdı. Sevgi bağlılığından qurtarmaq da azadlığın bir növüdü. Çünki sevgi də həbsin bir formasıdı. Sən azad deyilsən, birinə bağlısan, hər şeyi ona hesablayırsan, özünü onsuz təsəvvür edə bilmirsən. Bu bağlılıqdan qurtarmaq çox yaxşıdır. Azadlıq sevgidən yaxşıdı. Elə mənim yeni mahnım da «Mən azadam» adlanır. Azadlıq çox gözəldir. Özünü sərbəst hiss eləyirsən, hara istəyirsən gedirsən, kiminlə istəyirsən danışırsan, görürsən ki, dünya ancaq bir adamdan ibarət deyil.

Günel:

- Siz qalib gələndən sonra “Cülyetta” olmaq istəyən qızlar çox oldu?

Eldar Qasımov:

- Bəli, çox qızlar mesaj, məktub yazmağa, zəng eləməyə, sevgi elan etməyə başladılar. Amma mən bu qızlarla, yəni müğənni Eldar Qasımovu sevən qızlarla tanış olmaq, onlarla nəsə yaşamaq istəmirəm. Mənə çox çətindir. Bəzən bir tədbirə dəvət eləyirlər. Tədbirdə xoşuna gələn bir qız görürsən. Baxırsan, nəsə hiss eləyirsən. Ona yaxınlaşmaq üçün bəhanə axtarırsan. Və qəfildən qız özü yaxınlaşıb deyir ki: «Olar, sizinlə şəkil çəkdirək?». Bu hal mənə çox pis təsir eləyir. Bütün romantikam ölür.

Aygün:

- Bəs, qız sizə necə yaxınlaşmalıdır?

Eldar Qasımov:

- Bilmirəm, amma mən istəmirəm ki, məni müğənni kimi tanıyan qızla münasibətim olsun. Tanış olmağın, tədricən yaxınlaşmağın, tanımağın romantikasını yaşamaq istəyirəm.

Xalisə:

- Bu məncə çox çətin olacaq, çünki ölkədə sizi tanımayan yoxdur.

Eldar Qasımov:

- Ölkədə yoxdusa da, hər halda altı milyardlıq dünyada elə bir qız tapılacaq ki, müğənni Eldar Qasımovu tanımasın.

Günel:

- Uzağa niyə gedirsiniz, mənim anam da sizi tanımır.

Eldar Qasımov (gülür):

- Doğrudan? Heyf, gərək ananızla gələrdiniz! Zarafat bir yana, insanın, xüsusilə də qadının yaşı, çəkisi, zahiri görünüşünün mənim üçün elə bir fərqi yoxdur. Əsas onun daxili aləmidir. İnsan kimi mənəvi zənginliyidir. Bu mənada özümü çox xoşbəxt hesab edirəm, çünki insana baxan kimi onu tanıya bilirəm.

Xalisə:

- Eldar, özünüzün bir gənc kimi ictimai faydalılığınızı nədə görürsünüz?

Eldar Qasımov:

- Universitet vaxtlarında mən bir çox ictimai fəaliyyətlə məşğul olurdum. Bütün tədbirlərə qoşulur, xeyriyyə ilə məşğul olurdum. Məşhurlaşandan sonra isə mən daha sadə gənc olmadım. İndi bir çoxları üçün mən örnəyəm. İndi məsuliyyətim daha artıqdır. Danışığıma, geyimimə, üslubuma diqqət eləməliyəm. Formada qalmaq üçün çox çalışmalıyam. Buna görə də ictimai məsələlərdə elə də fəal deyiləm. Amma belə tədbirlərə dəvət alanda, mütləq gedirəm.

Zərifə:

- Düzdü, bir neçə belə tədbirdə mən sizi görmüşəm. Və eşitmişəm ki, hansısa təşkilat sizə belə işlərə görə müraciət eləyəndə, məmnuniyyətlə razı olursunuz.

Aygün:

- Eldar, “Eurovision” vaxtı şəhərdə baş verən dəyişikliklərə necə oldu münasibətiniz?

Eldar Qasımov:

- Məsələn, hansı məsələlər?

Aygün:

- “Eurovision” vaxtı bulvarda öpüşməyə icazə verdilər. Parklarda otların üstündə oturmağa icazə verdilər. Küçə musiqiçilərinə icazə verdilər ki, istədikləri yerdə ifa eləsinlər. Yollarda tıxaclar olmadı. Amma on gündən sonra məlum oldu ki, bulvarda öpüşmək olmaz, çünki “camaatın anası-bacısı var”. Otların üstündə oturmaq olmaz. Yollar yenə tıxacla dolu oldu. Bu nə deməkdir? Axı şəhər eyni şəhər, xalq eyni xalqdı.

Eldar Qasımov:

- Bilirsiniz, bizim müstəqilliyimizin yaşı hələ çox azdı. Qəfil azad olmuş xalqıq. Belə olanda onun özünü itirməyi normaldı. Hökumətdən tələb eləmək olmaz ki, buna birdəfəlik əncam çəksin. İlin on günü yollardakı tıxacları nəzarətdə saxlamaq olar. Amma il uzunu bunu eləmək mümkün deyil. İnsanlar özləri özlərinə nəzarət eləməlidirlər.

Günel:

- Azərbaycandan getsəniz, hansı ölkədə yaşamaq istərdiniz?

Eldar Qasımov:

- Almaniyada yaşamaq istərdim.

Zərifə:

- Vaxtınız olanda hansı ictimai işlə məşğul olmaq istərdiniz?

Eldar Qasımov:

- Xeyriyyə ilə məşğul olmaq istəyirəm. Başlayanda ilk işim sahibsiz heyvanlar üçün sığınacaqlar açmaq olacaq. Mən eşitmişəm ki, bizdə küçə itlərini öldürürlər. Bu dəhşətdi. Onlar üçün sığınacaq asmaq istərdim. Həmçinin, xəstə uşaqlara qayğı göstərmək, bu işlərin iri miqyaslı olmağını istəyirəm.

Aygün:

- Özünüz ev heyvanı saxlayırsız?

Eldar Qasımov:

- Hə, iki pişiyim var.

Aygün:

- Eldar, siyasətlə maraqlanırsınız? Məsələn, bizim siyasətçilərdən kimisə tanıyırsınız?

Eldar Qasımov:

- Açığı, yox. Heç kimi tanımıram. Əgər seçkiqabağı kampaniyalarda mənə kiminsə tədbirində iştirak etməyi təklif eləsələr, o adamın, namizədin kim olmağını, necə adam olmağını öyrənməyi mənim imicimlə məşğul olan adamlara tapşırıram. Onlar öyrənir və mənə məsləhət görürlər ki, bu tədbirdə iştirak edim, ya yox.

Günel:

- Toylara necə, gedirsiz?

Eldar Qasımov:

- Mən gələcəkdə fəaliyyətimi toylarda oxumaqla görmürəm. Ciddi mahnılar yazıram, üzərimdə işləyirəm, imicimi gözləyirəm. Böyük bir heyətlə işləyirəm. Bəzən doğrudan da yaxşı, səviyyəli toylar olur. Baxırsan ki, toy sahibi zövqlü adamdı. Oxuyan da təkcə mən deyiləm, məndən başqa da müasir, maraqlı müğənnilər dəvət olunub. Belə olanda iştirak eləyirəm. Amma məndən əvvəl toy yerinə gedib, ordakı vəziyyəti, ovqatı öyrənən imicmeykerlər desə ki, bu mənə yaraşan yer, ortam deyil, imtina edirəm. Burada artıq heç bir böyük məbləğ puldan da söhbət gedə bilməz. Çünki bayaq dediyim kimi, gələcək fəaliyyətimi toy müğənnisi kimi görmürəm.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3822

Oxşar yazılar