“Öyle bir geçer zaman ki”nin Balıqçısı: “Xəyanət kişilərdə gözdən, beyindən başlayır” - MÜSAHİBƏ
02 iyun 2011 19:32 (UTC +04:00)

“Öyle bir geçer zaman ki”nin Balıqçısı: “Xəyanət kişilərdə gözdən, beyindən başlayır” - MÜSAHİBƏ

Azərbaycan tamaşaçılarının böyük maraqla izlədiyi məşhur türk serialı “Öylə bir keçər zaman ki...”nin məşhur aktyoru, Balıqçı-Hikmət Karcı obrazını canlandıran aktyor Orxan Alkayanın Lent.az-a eksklüziv müsahibəsi

Alkaya müsahibəyə əlində əsa ilə gəldi, çəkiliş vaxtı ayağını əzib. Bu vəziyyətdə işə gələn aktyor dedi ki, hər dəqiqəsi qiymətlidir. Necə olur-olsun, işini yarımçıq qoya bilməz. Yeri gəlmişkən, bu məqamda ona “İncəsənət qurban tələb edir” cümləsini xatırlatdıq, aktyor gülərək təkrarladı və söz verdi ki, leksikonunda Azərbaycan deyiminə yer verəcək:


- Azərbaycanlılar hesab edirlər ki, dilimiz oxşardır, sizi asanlıqla anlaya bilərik. Amma sizin işlətdiyiniz sözlər düzgündür, öz mənasını əks etdirir. Bizdə isə tərcümədə başqa mənanı verə bilər. Üstəlik, dilimizdə alınma sözlər çoxdur. Hə, yeri gəlmişkən, mənimlə bağlı gələn bütün müsahibə təkliflərini geri çeviririk. Bu, ilk və məhz Azərbaycan mətbuatı üçün eksklüziv müsahibəm olacaq.

- Niyə? İnsanların sizi yaxından tanımaq arzusu normal deyil?

- Bu, bir siyasətdir. Zənn edirəm, serialın sehrini, əsrarəngizliyini qorumaq üçün atılan addımdır. Biz də burada müqavilə ilə çalışırıq.

- Bura gələrkən yolboyu Məlahət xanım ( Türkiyədə işləyən aktrisamız Məlahət Abbasova- L.Y) sizin haqqınızda danışırdı. Teatrda iki il onun rəhbəri olmusunuz. Rejissor, jurnalist, şair kimi özünüzü sınamısınız...

- Peşəkar aktyor sayılıram, 1976-cı ildə incəsənətə aktyor kimi gəldim. Şəhər teatrında oynadım, az sonra ştata daxil oldum. Şəhər teatrları arasında ştata girən ən gənc aktyor sayılırdım. Əsgərlikdən sonra siyasi düşüncələrimə görə teatrdan qovdular. Artıq o vaxtdan qəzet müxbiri kimi fəaliyyət göstərməyə başladım. Bir müddətdən sonra fəaliyyətimi daha çox ədəbiyyata istiqamətləndirdim. Bu müddətdə adım həm də şair kimi anıldı. Az keçmədi ki, özümü rejissor kimi sınadım. Yeri gəlmişkən, paralel olaraq teatr tənqidçisi kimi də qəzetlərdə çıxışlarım oldu. Məqalələr, köşələr də təbii ki, davam edirdi. Teatra daha çox diqqət yetirdikcə son dayanacaqda özümə teatr direktorluğunda rast gəldim. Amma burda çox qala bilmədim. Çünki məmurluq incəsənət adamından sənəti sanki alıb aparır. Teatrımız çox böyük idi, onu idarə etmək asan iş deyildi. “Bu müddət yaradıcılığımın azaldığı dövrlər idi” - deyə bilərəm. Aktyorluğa da uzun bir fasilə vermişdim. Bir-iki fəaliyyətim olmuşdu, lakin o qədər də meylim yox idi. Buna baxmayaraq, hər il mənə təkliflər gəlirdi. Mən də təşəkkür edir, qəbul etmirdim...

- ... Son cümləniz maraqlı idi. Necə oldu ki, “Öyle bir geçer zaman ki”yə həm təşəkkür etdiniz, həm də qəbul etdiniz?

- 15 seriya üçün razılaşdıq. İşi çox sevdim, aktyorluğa qayıtdığım dövrdən bu günə qədər ən çox zövq aldığım işim oldu.

- Sizi nə üçün bu rola uyğun gördülər?

- Bu serialda rol almamaq üçün əlimdən gələni etdim. Uzun müddət aktyorluğa ara verdiyim üçün istəməmişdim. Əslində rolu o obraza uyğun gəldiyi üçün deyil, sadəcə bacara bildiyindən əmin olduğu üçün aktyora həvalə edirlər. Misal üçün Əli Kapitan xarakterini Ərkan Petekkaya super oynadı, mən oynasaydım, mən də başqa cür canlandırardım. Mən öz roluma həyatdan bir çox şey qatdım. Əl hərəkətləri, başqa şeylər... Həqiqətən sevməyi öyrəndim. Sevginin son dərəcə zəhmət tələb edən bir iş olduğunu gördüm. Adi, asan iş deyil sevmək! Təbii ki, bunların da ortaya çıxan nəticəyə bir dəstəyi oldu.

- Əli Kapitan (Erkan Pətəkkaya) və sizin rolunuz - Balıqçı təzadlıdır. O sevgidən anlamayan, öz həyat yoldaşını sevdiyi halda sevgisinin fərqində olmayan, xoşbəxtliyi başqasında axtaran obrazdır. Sizin obraz isə sevginin müsbət nümunəsidir. Real həyatda insanlar sizə necə münasibət göstərir, serialın təsiri ilə hansı davranış nümayiş etdirirlər?

- Balıqçı ilə Cəmilənin evlənməsi üçün sorğu belə keçirdilər. Çox insan “evlənsinlər” cavabını verib. Əli və Balıqçı əslində bir kişinin iki tərəfidir. Kişilərin bir çoxu əslində Əli kimidir. Daha kiçik qismi Balıqçı kimidir. Qadını anlayan və anlamayan kişilər var. Güc, şiddət, sahiblənmə bunlar kişilərin xarakterinə hopan pis ünsürlər, xoşagəlməz tərəfləridir. Lakin insanlar Əlini də çox sevirlər, çünki, çox yaxşı aktyordur və xarakteri də məharətlə oynayır.

- Qadınlar hansını daha çox istəyir, Əlini, yoxsa, Balıqçını?

- Həm Əlini, həm də Balıqçını istəyirlər. Bu da qadınlıq durumunun problemidir. Real həyatda kişilər qadınlara “sən qadınsan, amma qadın olaraq, bunu etməməlisən” deyir. Qadının bu göstərişləri qəbul edən qismi Əli kapitanın, qəbul etməyən qismi isə Balıqçını seçən tərəfidir.

- Son illər Türkiyədə kino sektorunda uğurlu inkişaf var. Ərəb dünyasında, elə bizim Azərbaycanda da seriallar diqqətlə izlənilir. Seriallarda da açıq ismarıclar, siyasət görünməkdədir. “Öyle bir geçer zaman ki”nin siyasəti, ismarıcı nədir?

- Bu serialda qadının durumu ilə kişinin yaşamı əks olunur. Kişi ilə hesablaşan və hesablaşmayan xüsusiyyətləri ilə qadın misalı Cəmilədir. Qadın seçim etməlidir - kişi necə olmalıdır? Real həyatda mənim üçün qadın seçimi çox əhəmiyyət daşıyır. Sosial həyatda qadın geri plandadır, kişi daha qüvvətlidir. Cəmilə ayaqları üstə qalxdı, yaşadığı fəlakətlərə səbir nümayiş etdirməyə və hətta mübarizə aparmağa başladı. Bu film Avropa ölkələrində də izlənilir. Əslində bu serial qadınların hüququnu müdafiə edən və onları istiqamətləndirən bir serialdır.

- Öz ailənizdə necə insansınız?

- Mənim 13 yaşında bir qızım, qızımı dünyaya gətirmək üçün ailə qurduğum və əslində 25 ildir, birlikdə olduğum sevgilim var. Hər ikimizin də öz hüququmuz və qayda-qanunumuz var. Bir-birimizin işinə qarışmırıq.

- Balıqçının sevgisini real həyatda yaşadınızmı?

- Balıqçının sevgi hekayəsi kimi bir sevgi yaşamadım. Amma bu sevgini yaşaya bilmək, o atmosferdə olmaq üçün açığı çalışdım. Sevgiyə layiq olmaq üçün əmək sərf etdim.

- Bəs Əli kapitan kimi real həyatda qadınınıza xəyanət etdinizmi?

- Xəyanət? Bu mövzuda bayaqkı kimi ağız dolusu danışmayacağam. Xəyanət kişilərdə artıq gözdən, beyindən başlayıb (gülür). Lakin Əli Kapitandan fərqli olaraq, həyatımda zorakılıq yoxdur. Mən heç kimin heç kimə zorakılıq göstərmədiyi bir ailədə yetişdim. Atam da öz atası tərəfindən döyülməyib.

- Azərbaycan sizi tanıdı, sevdi. Sizin ölkəmizə sevgi və marağınız, bizim haqda məlumatınız varmı?

- Azərbaycanda sənət aləmində əməkdaşlığım olacaqdı. Əslində bu barədə Məlahət daha çox məlumatlıdır. Bir neçə il öncə Akademik Milli Dram teatrının rəhbəri Maqbet Bünyadovla bir əməkdaşlığımız olacaqdı. Bir də sizdə yeni “Üns” teatrı yaradıldı, məşhur rus rejissorları o teatrlarda tamaşalar səhnələşdirdi. Bir gün “Üns” teatrında tamaşa qoymağı arzu edirəm.

- Serilaın son bölümlərində tamaşaçıları nə gözləyir?

- Əsla demərəm! İşin dadı qalmaz. Bax, siz 30-cu seriyanı seyr etdiniz, biz 36-nı çəkirik. Bu, romanın son səhifəsini oxumaq kimdir. Bildiyin zaman artıq maraq itər.

Lalə YUSİFQIZI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3297

Oxşar yazılar