“Ay Köpəyi” Alan Frid – ARAŞDIRMA
13 fevral 2011 12:30 (UTC +04:00)

“Ay Köpəyi” Alan Frid – ARAŞDIRMA

(“Rok-n-Roll” haqda hekayələr)

İkinci söhbət

O hələ lap yeniyetmə yaşlarından deyirmiş ki, mütləq cavan öləcək və elə də oldu - 1965-ci il, yanvar ayının 20-də qara ciyər serrozundan doğan kəskin böyrək çatışmazlığından dünyasını dəyişdi. Amma adını unutmadılar. Rokun inkişafındakı misilsiz xidmətlərinə görə 1991-ci ildə Hollivudun Şərəf Xiyabanına onun da simvolik ulduzu qoyuldu...


Rok-n-rollun təvəllüd tarixini bu gün dəqiq söyləmək qeyri-mümkündür. Çünki hər şey əllinci illərin əvvəllərində başlamışdı. Amma insanların dünyaya baxışına musiqinin gətirdiyi bu inqilabın bayrağını ilk dəfə yüksəklərə qaldıran, onun “xaç atası” olan şəxsin adı artıq hamıya bəllidir: Alan Frid (Alan Freed).

O zaman üçün yeni, bənzərsiz musiqinin qəribə adını məhz bu 30 yaşlı cavan oğlan populyarlaşdırdı...

Cazmenin diceyliyi

O, musiqi aləminə kənardan gəlməmişdi, yad deyildi. Səhnənin dadını hələ gənc yaşlarında görmüş, caz tarixçilərinə yaxşı tanış olan "Sultans Of Swing" dəstəsində uğurlu debüt etmişdi.

Amma günlərin birində taleyi onun üzünə gülməkdən vaz keçmişdi. Klassik musiqi savadına malik olan Alan cazmen karyerasına səhhətindəki bir problemlə əlaqədar əlvida deməyə məcbur olmuşdu. Bəlkə də onun yerinə bir başqası ruhdan düşər, həyatdan küsərdi...
Amma Alan bir gülləylə ölənlərdən deyildi. O, qısa fasilədən sonra, Amerikanın müxtəlif əyalət şəhərlərinin kiçik radiostansiyalarında fəaliyyətə başlayır və hətta Pensilvaniyanın Ekron şəhərində keçirilən rəy sorğusuna əsasən, "ilin ən yaxşı DJ-yi" tituluna belə layiq görülür, özünə əminliyi, inamı artır.

Bəs sonra nə olur?

Sonra Klivlend televiziyasında "Tamaşaçı istəyi" proqramını efirə çıxarır və bu veriliş də bir göz qırpımında populyarlaşır. Bunun ardınca WJMO radiostansiyasında fəaliyyətə başlayır, amma dikbaşlığı və içkiyə həvəsi ucbatından işini itirir...

Ümumiyyətlə Frid özünü tapana kimi, başına belə hadisələr çox gəlir. Və hər uğursuzluğu Alan özü üçün misilsiz həyat dərsi sanır, ondan düzgün nəticə çıxarmağa çalışırdı.
Günlər bir-birini sürətlə əvəz edirdi, amma Alan hələlik ki, ortaya dəyərli bir layihə qoya bilmirdi...

Bir müddətdən sonra cazmen-dicey-şoumen öz ampluasına heç uyğun olmayan bir işə girişir - WJW radiostansiyasında klassik musiqiylə əlaqədar maraqlı bir verilişin təməlini qoyur...

Lakin o əyalət miqyasıyla kifayətlənmək fikrində deyildi, daha böyük radiostansiyalara ayaq açmaq, ölkə miqyasına çıxmaq istəyirdi. Bunun üçün dəfələrlə səy də göstərdi. Alan Frid Nyu-York radiosuna şərhçi düzəlmək fikrinə düşmüşdü, bir neçə uğursuz cəhddən sonra, axırda yenə də Klivlendə qayıtmağa məcbur qalaraq, o ərəfədə işlədiyi WJW-də diceyliyini davam etdirir...

Hadisələrin sonrakı gedişi isə ona dəlalət edir ki, hər bir işdə çalışdığın yerdən çox istedadının miqyası önəmlidir. Nəsibində parlamaq varsa, harada olsan parlayacaqsan. Və nurun əvvəlcə bütün ölkənin, sonra isə dünyanın gözünü qamaşdıracaq.

Yenilik axtarışı

Bayaq qeyd etdim ki, onun caz fəaliyyətinə nöqtə qoyan məhz səhhətindəki problem idi. Həqiqətən də, qulağının ağır eşitməsi bir musiqiçi üçün bağışlanmaz qüsurdur. Amma əvəzində Alan elə fövqəltəbii fəhmə malik idi ki, hansı musiqini nə vaxt səsləndirəcəyini intuitiv təyin edir və öz seçimində heç vaxt səhvə yol vermirdi...

Alan Fridi həmkarlarından fərqləndirən daha bir əhəmiyyətli məqam vardı: onun rahat işlə heç arası yox idi, daim bir ucundan avantüra iyi gələn ideyaların dalınca düşürdü və bilmək olmaz ki, bir-birindən bu dərəcədə fərqlənən mövzulara həsr olunmuş proqramların sırası hələ nə qədər uzanacaqdı. Lakin ortada çoxlarına bəlli olan bir həqiqət də vardı: Alan Frid bütün ömrünü həsr etməyə dəyən bir mövzu – öz mövzusunu axtarırdı. Və bu axtarışlar da çox çəkmədi...

Günlərin birində adəti üzrə şəhərdə gəzir, ətrafında baş verənləri diqqətlə müşahidə edə-edə, Klivlenddəki ən böyük musiqi salonu - Leo Mintsin mağazasına baş çəkir. İçəridə onun diqqətini bir dəstə ağdərili yeniyetmələrin cəlb edir. Onlar bir-biriylə çılğın bir tərzdə söhbətləşərək satıcıdan Alanın tanımadığı bir ifaçının valını istəyirdilər...

Maraq Fridə güc gəlir. Həmin valın üzərindəki şəklə baxanda isə lap məəttəl qalır: ağdərili oğlanlar "zənci" musiqisi alır?..

Amerikanın ötən əsrin 50-ci illəriylə tanış olanlar bilir ki, İkinci dünya müharibəsi başa çatandan sonra ölkədə irqi ayrı-seçkilik necə güclənmişdi. Ku-Kluks-Klan deyilən qatı irqçi təşkilat əməlli-başlı tüğyan edirdi. Ağdərili yeniyetmələrin belə bir fonda zənci musiqisinə necə böyük həvəs göstərməsi Alanı məəttəl qoyur, çaşdırırdı. Amma şahidi olduğu qəribə mənzərədən heç özünü itirmir, iki dollarından keçib bir dənə val alaraq özüylə aparır və evdə tineycerlərin valeh olduğu mahnılara diqqətlə qulaq asır, onlardakı melodiyaların axarına, dinamikasına məxsusi diqqət yetirir. Və yəqin elə həmin dəqiqədən sümüyünə düşən, bədəninin bütün əzalarını oynamağa vadar edən bu melodiyaların sehrindən çıxa bilmir...

Deyirlər ki, həmin gündən etibarən istedadlı dicey vaxt tapan kimi, yolunu şəhərin ağlar yaşayan hissələrinə salır, yeniyetmələrin bu musiqinin sədaları altında necə şövqlə rəqs etdiklərinə müntəzəm göz qoyurdu. O ilk dəfəydi ki, belə ekzotik rəqs görürdü - rəqsin bütün hərəkətləri fortepianonun nəbz kimi vuran akkordlarıyla, tenor-saksafonun qəfil nalələriylə tam həmahəng idi. Rəqs edən yeniyetmələr öz məşğuliyyətlərinə o dərəcədə aludə olurdular ki, hətta özlərini belə unudur, küçədən keçənlərin ayaq saxlayaraq başlarını bulaya-bulaya onlara tamaşa etmələrinə də əhəmiyyət vermirdilər...

İnqilaba aparan ideya

O gündən Alanın beynini bir fikir qurd kimi gəmirməyə başlayır: bu musiqiyə həyat vəsiqəsi vermək lazımdır, bu, onun üçün dividentləri aşkar görünən bir addım idi. Amma 50-ci illərin ortalarında belə ideyalar daha çox sərsəmliyə bənzəyir, onları həyata keçirmək isə böyük iradə və ürək tələb edirdi...

Alan çox əziyyətdən sonra, çalışdığı radiostansiyanın direktorunu zənci ritm-and-bluzuna söykənən bu "yasaq musiqi" üçün ayrıca bir veriliş açmağa razı sala bilir...

Həmin gündən etibarən ömrünün ən mühüm işi saydığı həmin proqram üzərində gərgin hazırlıq işləri başlayır. Frid özünə qəribə bir təxəllüs də götürür: “Moon Dog” (Ay Köpəyi)...
Müasirlərindən bəziləri deyir ki, Alan təbliğ etmək istədiyi musiqiyə məhz bu ekstravaqant adı uyğun sayırdı. Başqaları isə belə düşünürdü ki, bu seçimdə uğuruna çox da bel bağlamadığı riskli layihənin mümkün bədnamlığından Alanın özünü sığortalamaq istəyi də vardı...

Hər necə olsa, az sonra bütün peşəkarlar etiraf etdilər ki, Alan Fridin təxəllüsü bir tapıntıdır. Çünki o apardığı proqramın da adını "Moondogs Rock And Roll Party" (“Ay Köpəyinin Rok-n-Roll məclisi") qoydu...

Və hər şeyin başlanğıc nöqtəsi elə bu oldu...


Rok-n-Roll?

Niyə məhz "rok-n-roll"? Bu sözün mənşəyi hardandır? İndi bunu heç kəs dəqiq söyləyə bilməz. Bəlkə elə Alan Fridin özüydü onun müəllifi? Bəlkə indi qulaqlara adi gələn bu söz birləşməsi adi təsadüf nəticəsində yaranıb dilə düşənlərdəndir? Hər şey ola bilər, amma ortada bəlli bir həqiqət də bar: Bu terminin tərkibindəki hər iki söz ayrı-ayrılıqda zəncilərin şivəsində çoxdan vardı və artıq neçə illərdi ki, oxuduqları mahnılarda mütəmadi olaraq səslənirdi.

Bəlkə də bu iki kəlməni birləşdirib bir termin kimi dillərə salan da heç Alan Frid deyildi. Dəqiq olanı bircə budur ki, həmin sözləri bütöv bir musiqi cərəyanına aid edərək gündəlik danışıq dilinə məhz o gətirmişdi.

Elə əsl mərəkə də bununla başlandı...

Məsələ burasındadır ki, “rocking” (əsdirmək, silkələmək, titrətmək) və “rolling” (burcutmaq, minmək, dığırlanmaq) sözləri meşşanların beynində lap çoxdan seksual çalar daşıyırdı. Odur ki, yeni musiqi işıqlı dünyaya çıxanda, ağdərili musiqiçilər bu janrda mahnılar oxumağa başlayanda səsyazma studiyalarının nümayəndələri də qırmızı qələmlərini qapıb mətnlərə düzəlişlər etməyə başladılar. Tərbiyəsiz saydıqları sözləri dəyişərək mətnləri daha “abırlı” hala saldılar...

Onlar mahiyyətcə bəlkə də haqlı idilər. Çünki "rok-n-roll" termini süni idi və əslində birbaşa seksual anlam daşıyan və cəmiyyətin ayıb saydığı sözlərdən yayınmaq cəhdindən başqa bir şey deyildi. Frid bu sözün əsl mənasını bilməsə belə, termini özü seçmişdi və yeni musiqi ilk gündən məhz bu adı daşımağa başladı. Və elə ilk gündən də yeniyetmələrə ikiüzlü olmamağı, öz hisslərini gizlətməməyi öyrətdi...

“Ay Köpəyi” mister Rok-n-Rolla çevrilir

Alan Fridin şousu debütündən Klivlend cavanları arasında son dərəcə populyar oldu. O öz malını satmaq üçün dəridən-qabıqdan çıxır, proqramını apararkən çığırır, zingildəyir, ulayır, yumruqlarını pulta səsləndirdiyi musiqinin ritminə uyğun döyəcləyirdi. Dinləyicilərlə onu ecazkar, görünməz tellər bir-birinə bağlayırdı - qeyri-adi, yasaqlanmış, böyüklərlə ölkə başbilənlərinin nifrətini oyadan musiqinin yaratdığı tellər. Onların musiqisinin telləri...

Az sonra Frid bu qərara gəlir ki, dinləyiciləri arasında artıq formalaşmış rok qardaşlığının gücünü əyani olaraq hamıya göstərsin. Bunun əsl zamanı idi. 1953-cü martında o, Klivlend stadionunda “Ay Köpəyinin balı”nı təşkil edir. Bu tədbirin uğur qazanacağına Alanın möhkəm inamı vardı, amma hər şey onun ən optimist gözləntilərini də üstələdi. 10 min tamaşaçı tutan Klivlend stadionuna həmin gün əlli minə yaxın gənc toplandı. Özünü rok divanəsi sayan kütlə idarəolunmaz okeana çevrildi, hiss-həyəcanlarının ipini tamam buraxdı. Hər şeydən pisi isə bu idi ki, stadiondakıların ən azı üçdə biri zənci idi...

Klivlenddə hökm sürən irqi ayrı-seçkiliyin ən qatı dönəmində qara və ağdərili yeniyetmələrin bir yerdə bu boyda izdiham yaratması tamamilə qəbuledilməz idi. Şəhərin başbilənlərini ən çox narahat edən məsələ də bu idi. Narahat olmağa əsas vardı: az sonra yalnız zənci qruplarının iştirakıyla keçirilən konsertlər daha çox ağdərili uşaqları cəlb edəcəkdi...

Fontanın dalğası

Formalaşdırdığı güclü fontanın ağzını Frid özü açmışdı və indi də onun dalğasında lap yüksəklərə qalxırdı. 1954-cü ilin lap sonlarında Nyu-Yorkun Uins (Wins) radiostansiyası onunla müqavilə imzaladı. Alan “Ay Köpəyi” təxəllüsündən imtina edərək öz adıyla çıxışa başladı və iş o yerə çatdı ki, səsyazma studiyaları yeni musiqiyə onun qoyduğu addan istifadə etmək üçün pul ödəməyi qaydaya çevirdilər. Axı artıq Alan Frid və “Rok-n-Poll” az qala sinonim anlayışlar sayılırdı. Onun Vinsdəki proqramı bütün rekordları qırdı...

Artıq “yeni dalğa”nın mamaçası sayılan bu cavan oğlan öz uzaqgörənliyinin bəhrəsindən dadmağa başlamışdı. İstehsal olunan valların, şəhərdəki reklam lövhələrinin üzərində Alan Fridin şəklinin olması keyfiyyət göstəricisi sayılırdı. Onu Nyu-Yorkun “Bruklin-Paramaunt” salonundakı şoular lap çox şöhrətləndirdi. Şəhərin ictimai həyatında nəhəng hadisəyə çevrilmiş bu gecələrdə ritm-ənd-bluz və rok-n-rollun bütün ulduzları iştirak edirdi.

O gecələr yalnız şou deyildi. O gecələr bir mistik tayfanın bütün üzvlərinin bir məkana toplaşması idi. Yeniyetmələr, cavanlar öz birliklərini bayram etmək üçün, bu birliyin onlara bəxş etdiyi gücü anlamaq və bu sarsılmaz birlikdən zövq almaq üçün, minlərlə həmfikiriylə bir yerdə özünü daha güclü duymaq üçün toplaşırdılar. Həmin konsertlərdə bircə dəfə iştirak edənlər aldıqları enerjini həyatlarının sonunadək unuda bilmirdilər...

Məşhur “Bitlz” qrupunun üzvlərindən biri olan Pol Makkartninin həyat yoldaşı Linda Makkartni Alan Fridin şousu barədə xatirələrini bölüşərkən Nyu-Yorkun əsilzadələr yaşayan Starodeyl məhəlləsindəki elit məktəbdə dərsdən qaçıb Bruklinin gecəqondulu küçələrinə necə həvəslə getdiklərini xatırlayır və yazır ki, şouda hər gün iyirmiyə yaxın musiqiçi çalıb-oxuyurdu, aparıcı Alan Frid isə publikanı lap dəli-divanə edirdi. Linda Fabianı, Bobbi Darini (o dövrün şoumenləri), Çak Berrini də ilk dəfə orda görmüşdü...

Rok və Bakı gecələri

Linda Makkartninin maraqlı xatirələrini oxuyarkən yadıma bizim nəslin rokla tanışlığı düşdü. İlk söhbətimdə qeyd etmişdim ki, Bakı özünün inkişaf səviyyəsinə görə SSRİ-də avanqard yerlərdən birini tuturdu. Buna baxmayaraq, Linda Makkartninin təsvir etdiyi əhval-ruhiyyə bura yetişənədək on ildən artıq keçdi...

Bizim rok dünyasının ulduzlarıyla tanışlığımız əslində unudulmaz “Biitlz” qrupundan başlanırdı. Amma yeni musiqinin kütləvi məclislərində iştirakımız altmışıncı illərin lap sonuna təsadüf etdi. O vaxt Azərbaycan Dövlət Neft və Kimya institutunda xaricilər də təhsil alırdı. Onların dərsdən asudə vaxtlarının keçirilməsi nəzarət altındaydı. Bu işlərlə xüsusı dekanlıq məşğul idi və elə bu dekanlığın təşəbbüsü ilə, xaricilərin Bakıda sərbəst gəzib-dolaşmasına, bizim cavanlarla ünsiyyət yaratmasına mane olmaq üçün institutun zirzəmisində “İnterklub” deyilən istirahət ocağı açmışdılar. Ora yol tapanlar elə bilirəm Alan Fridin şousundakı mühitin miniatür modelindən dadırdılar. Hər halda Linda Bruklindəki şouda hansı hissləri keçirirdisə, biz də “İnterklub”a ayaq basanda həmin azadlığın nümunəsini yaşayırdıq.

“İnterklub”un öz ansamblı da vardı. Tanınmış rok ulduzlarının repertuarından olan ən gözəl nümunələri klubun alaqaranlığında müntəzəm olaraq eşitmək mümkün idi...

“İnterklub”a buraxılışı olanlar arasında bizimkilər az idi. Amma iş elə gətirmişdi ki, dostlarımla mən ora müntəzəm olaraq dəvət alırdıq...

İndi məqamı deyil, amma gələcək söhbətlərimdə əfsanəvi “İnterklub”un məhrəm fəzasına yeri düşdükcə, dönəcəyik. Özü də yalnız “İnterklub”a deyil, həm də 60-70-ci illərdə yeni musiqinin aktiv təbliğ olunduğu "Arzu", "Abşeron", "Morvağzal" kimi kafelərə, Zuğulbadakı "Gənclik" düşərgəsinə aparacam sizi...

Artıq çoxdan basdırdığımız, indi üstünə bürüşmüş bir çiçək qoymaq üçün məzarını belə tapa bilmədiyimiz o avanqard şəhərin - Bakının ab-havasına yaddaşım imkan verən qədər daxil edəcəm oxucuları.

Nələrisə unuda, səhv sala bilərəm - gör üstündən nə qədər keçib. Amma əminəm ki, bütün bunları birər-birər xatırlayanlar var: onların köməyinə arxayınam - bu gün "Mən də rok nəslindənəm!" kəlmələrini ucadan deyəcək qədər səmimi cəsarətə malik insanların...

Qarşıda zamanımız çoxdur, amma bu haşiyəm deyəsən, bir qədər uzun çəkdi, özü də daha çox heç sevmədiyim lirik ricətlərə bənzədi. Yaxşısı budur, qayıdaq Alan Fridin ilk kütləvi şousuna...

Şöhrətin zirvəsində

“Ay köpəyi” - Alan Frid yeni musiqinin təbliğindəki ilk uğurlarından sonra, artıq hamı tərəfindən dəbi müəyyənləşdirən bir insan kimi qəbul olunurdu. İti musiqi duyumu bu enerjili, yorulmaq bilməyən və daim axtarışda olan insanı inandırmışdı ki, rok-n-roll böyük mənəvi və maddi potensiala malikdir.

İndi hər hansı bir yeni musiqi cərəyanının geniş auditoriyaya təqdimatı bizlərə asan görünsə də, əllinci illər Amerikasında bu elə də asan iş deyildi. Qaradərililərə xas musiqi ənənələrinin bazasında yaranmış, amma daha dinamik, daha canlı və daha qızışdırıcı ritmlərin ağdərili insanların maraq dairəsinə salmaq, onların diqqət mərkəzinə gətirmək həqiqətən riskli bir iş idi. Gəlin unutmayaq ki, iyirminci yüzilliyin 50-ci illərində ölkənin əksər Avropa mənşəli vətəndaşları “qaradərili musiqiyə” nifrət bəsləyir, ən azından kinayə ilə yanaşırdılar.

Lakin Alan Frid bu musiqinin böyük maliyyə imkanları gətirə biləcəyini vaxtında proqnozlaşdırdığından öz fikrindən daşınmaq niyyətində deyildi. Rok-n-rollun ayaq tutub yeriməsi üçün ondan asılı nə vardısa, hamısını etdi. Çox vaxt dava-dalaşla bitən konsertlərdən belə vaz keçmədi, yeni musiqinin təbliği üçün mühazirələrlə ölkəni gəzdi.
1957-ci ildə o vaxt Amerikanın ən iri kino istehsalçılarından sayılan “Paromaunt”la film çəkilişinə başladı. Filmin adı “Dont Knick the Rock” idi. Alan Fridin rok səhnəsinə gətirdiyi ilk ulduzlar – dünya şöhrətli Bill Heyli və Littl Riçard da onun filmdəki tərəf-müqabilləri oldular...

“Tərbiyəsiz musiqiyə ölüm!”

Amma hər şey Alan Fridin arzuladığı rahatlıqla davam etmirdi. Rok-n-roll konsertləri bir qayda olaraq, ictimai fikri sarsıdır, asayiş və təhlükəsizliyi əsas sayan əhalinin narahatlığına səbəb olurdu. Bu konsertlərdəki azadlıqdan dadan, öz hisslərinə sərbəstlik verən yeniyetmələr çox vaxt hisslərinə, hərəkətlərinə sahib çıxa bilmir, dava-dalaş salırdılar. Beləliklə, cəmiyyətdəki narazılıqları nəzərə alan hökumət dairələri gənc diceyin gündən-günə artan şöhrətindən ona qarşı qəti addımlar atmağa başladı. Alana məhkəmə davası açıldı. Onu müəllif hüquqlarını pozmaqda günahlandıraraq bu yolla gözdən salmağa çalışdılar.

Sən saydığını say

Lakin rəsmi təbliğat daha çox ölkənin orta yaş həddində olan əhalisinə yönəldiyindən elə bir səmərə vermədi. Çünki Alan Fridi və onun təbliğ etdiyi musiqini sevənlər 12-20 yaş həddindəydilər. Onların arasında isə qəzet oxuyan nadir hallarda tapılardı.

50-ci illərin sonlarında Alan Frid bütün müqavimətlərə baxmayaraq Nyu-York telekanalında özünün yeni şou layihəsini reallaşdırır. “Biq Bit” (“Big Beat”) adlanan teleşou qısa bir zamanda çox populyarlaşır. Və günlərin birində, yəni 1959-cu ilin 26 noyabrında onun təbliğ etdiyi həyat tərziylə barışmaq fikrində olmayanlar qəti addım atmaq qərarına gəlirlər. Telestudiyanın ofisinə iki detektiv gələrək Alan Fridə Nyu-York prokurorluğuna çağırılması barədə rəsmi sənəd təqdim edirlər.

Prokurorluğa çağırılması Alan Frid üçün tam gözlənilməz olur. Lakin sonradan, sənədlərlə tanış olanda, görür ki, prokurorluq orqanları onu efirdə səsləndirilən bəzi mahnılara görə ifaçılardan rüşvət almaqda günahlandırır. Artıq kifayət qədər tanınmış sima olan Alan qaldırılan iddiaları təkzib edə bilmədiyindən prokurorun suallarına cavab verməkdən imtina edir. Nəticədə çalışdığı radio-televiziya strukturunu tərk etməyə məcbur olur...

Qaragüruhun hücumu

İndi bizlərə nə qədər qəribə gəlsə də, Alan Fridin bütün bəlaları məhz belə başlanıb. İndi dünyanın hər yerində bir norma kimi qəbul olunan ödənişli təbliğat o zamanlar yolverilməz qüsur sayılır, kütləvi təbliğat vasitələrinin obyektiv imicinə xələl gətirən bir amil kimi qiymətləndirilirdi. Tanınmış şoumeni də məhz bu bəhanəylə sevdiyi peşəsindən uzaqlaşdırır, cəmiyyətdə “natəmiz” adam kimi tanıtmağa çalışırdılar...

Əslində bu hadisə Alan Fridin yaradıcılıq karyerasına ilk sarsıdıcı zərbə olsa da, ümumiyyətlə rok-n-rolla yönəlmiş hücumların birincisi deyildi. Amerika mətbuatının özündə belə bir fikir formalaşıb ki, yeni musiqinin yeniyetmələrin həyatında əhəmiyyətli rol oynamağa başladığı zamandan yaşlılar ona qarşı mübarizə üçün səfərbər oldular. Və bu mübarizə üçün ən müxtəlif üsullar seçildi – valideyn qadağasından tutmuş, “mənəviyyatın qorunmasına” yönəlmiş təmtəraqlı ümummilli kampaniyalaradək. Rok-n-rollu yoluxucu bir xəstəlik sayır, onun gələcəkdə bir epidemiya kimi bütün ölkəni çulğamasından ehtiyatlanırdılar. Və bu fikirlə ölkəyə başçılıq edənlər də tam şərik idi – axı onların da hamısı yaşlılardan ibarətdir...

“Şap” elə bilir “Şup”dadı...

Yeni musiqiyə eyni münasibət keçmiş Sovet məkanında da göstərilirdi. Əgər bizdə rok-n-rollu burjua dünyasının sosialist dəyərlərə təcavüzü kimi qiymətləndirirdilərsə, Amerikada onu “kommunist ideologiyasından doğan yoluxucu xəstəlik” sayır və cəmiyyətin dayaqları üçün təhlükəyə çevrilmiş bu hərəkatın qarşısını bütün mümkün vasitələrlə almağa çalışırdılar. Alan Fridin sırf işgüzar maraqdan doğan seçimi artıq dövlət maraqlarını sarsıdan əhəmiyyətli bir amil kimi rədd edilir, onunla mübarizədə bütün metodlar məqbul sayılırdı. Bəli, məsələ bu dərəcədə şişmişdi...

“Timsah” təlimçiləri

Deyilənlərə görə, hələ 1956-cı ildə Birləşmiş Ştatlar prezidenti yanında fəaliyyət göstərən məxsusi bir şura özünün fövqəladə yığıncağına toplanmışdı. Qanunverici orqan, bütün güc strukturları və ölkə ictimaiyyətinin bütün kəsimlərindən olan nümayəndələrin, sənət adamlarının təmsil olunduğu nüfuzlu şuranın müzakirəsinə bircə sual çıxarılmışdı: “Böyüməkdə olan nəslimizi necə qoruyaq?”

Buna bənzər qurumların kiçik modelləri qısa zamanda Amerikanın bütün şəhərlərində yaradıldı. Lakin rok-n-rolla mübarizə üçün təzə heç nə tapılmadı. Bütün yük yenə valideynlərin boynuna düşdü, əlac yüzillərdən bəri tərbiyənin əsas metodikası sayılan valideyn qadağasına qaldı...

Bütün ölkədə baş qaldırmış müqavimət hərəkatının məqsədi heç şübhəsiz ki, yeni musiqinin qanunvericilikdə yasaqlanması idi. Amma bunu həyata keçirmək mümkün olmadı, çünki ölkə Konstitusiyası buna imkan vermirdi...

Birləşmiş Ştatlar mətbuatında belə bir fikir mövcuddur ki, ölkənin təhlükəsizliyinə birbaşa cavabdeh olah Federal Təhqiqat Bürosu həmin illərdə qarşısında duran mühüm vəzifənin həyata keçirilməsi üçün bütün üsullardan istifadə edirdilər. Deyilənlərə görə FTB-nin direktoru Edqar Quverin şəxsi tapşırığına əsasən rok-n-rollun tam məhv edilməsi üçün məxfi adı “Timsah” olan bir əməliyyatın planı hazırlanır. Və 1956-cı ildən etibarən bu plan həyata keçirilməyə başlanır. Birləşmiş Ştatlar mahiyyəti bilinməyən silsilə qətllər, səs-küylü qalmaqallardan sarsılır...

“Timsah”in isterikası

Onların bir neçəsini yada salaq:

1956-cı ildə tanınmış aparıcı Ed Sallivanın tele-şousuna yönələn gitaraçı-müğənni Karl Perkinz dümdüz yolda avtomobil qəzasına düşərək düz altı il səhnəyə çıxmır...

1957-ci ildə rok ulduzu Elvis Preslini orduda qulluq bəhanəsiylə yaradıcılıqdan uzaqlaşdırırlar...

1958-ci ildə Alan Fridin kəşf etdiyi qaradərili rok ulduzu Cerri Li Lüisin atrafında böyük skandal qalxır. Müğənni 14 yaşlı əmisi nəvəsiylə evləndiyinə görə məsuliyyətə cəlb olunur. Halbuki o zamanlar Amerikanın cənub ştatlarında belə hadisələr hər gün, hər yerdə baş verirdi. Lakin Cerriyə qarşı barışmaz mövqedə duran hakimiyyət dairələri bu qəbildən olan digər hadisələrə tamam göz yumurdular...

1959-cu ildə başqa bir rok ulduzu Littl Riçard gözlənilmədən səhnəni tərk edir, rok-n-rollu “İblis musiqisi” adlandırıb monastıra gedir, Bill Heyli isə Avropa turneləri bəhanəsiylə Amerikanı iki illiyə tərk edir...

1960-cı ıldə Cin Vinsent və Eddi Kokreyn avtomobil qəzasına düşürlər. Eddi həlak olur, Cin isə bir daha səhnədə görünmür. Onlardan bir qədər əvvəl rok-n-roll ifaçıları Baddi Holli, Riçi Valens və Biq Bopper təyyarə qəzasında həlak olurlar... Digər ünlü sənətçi Çak Berri “pozğun əməllərinə azyaşlıları cəlb etdiyi üçün” həbs olunur...

Bu siyahını çox uzatmaq olar. Və rok dünyasında izsiz ötüşməyən bütün bu hadisələr cəmi dörd il ərzində baş vermişdi. Nə ondan əvvəl, nə də sonra rok musiqisi belə zərbələr almamışdı...

“Timsah”ın son hücumu

“Timsah” əməliyyatını başa çatmış hesab etmək olardı. Çünki rok-n-rollun ilk dalğasının demək olar ki, bütün istedadlı nümayəndələri aktiv səhnə fəaliyyətindən uzaqlaşdırılmışdılar. Amma ideya hələ sağ idi. Rokun gətirdiyi azadlıq istəyi gənclər arasında yaşayırdı. Cavanlar pul, şöhrət, ictimai mövqe və dəyərsiz hesab etdikləri sair amillər olmadan, azad bir insan kimi, heç kəsdən asılı olmayaraq yaşamağın mümkünlüyünə hələ də inanırdılar. Amerikanın dövlət maraqlarına təhlükə sayılan bu ideyanın özünü hörmətdən salmaq lazım idi...

Bəs Alan Frid necə oldu? Bax, ona ünvavlanan iddia da özünün kulminasiya nöqtəsinə məhz həmin dönəmdə yetişdi. FTB özünün əsas kartını ortaya qoydu.

“Payola” skandalı

“Payola” süni sözdür. İngilis dilində “ödəmə” və “val çaldıran” sözlərinin birləşməsindən yaranmış bir termin kimi, müəyyən bir valın efirdə davamlı səsləndirilməsi müqabilində diceyin “xəcalətindən” çıxmağa deyilir. Araşdırma sənədlərində nümunə kimi Çak Berrinin məşhur “Maybelin” mahnısı nümunə gətirilirdi. Alan Frid bu mahnını efirdə, indiki dillə desək, “raskrutka” elədiyinə görə, Çak Berri onu ikinci müəllif kimi təqdim etmişdi. Əslində bu praktika artıq Birləşmiş Ştatların bütün radiostansiyalarında və teleşoularında mövcud idi. “Payola” qanunla qadağan olmasa da, rüşvət yasaq sayılırdı. Qısasını desəm, işinə görə rüşvət ala bilməzdin, amma əməyinin müqabilində nəsə ummaq qanunsuz sayılmırdı.

Hakimiyyət dairələri də məhz qanundakı bu uyğunsuzluğu əldə bayraq edərək, mətbuatda “payola” əleyhinə geniş bir kampaniyaya start verdilər, bütün diceyləri rüşvətxorluqda, simasızlıqda günahlandırmağa başladılar...

Məsələyə Senat qarışdı

Skandal böyüyüb Senatadək getdi. 1959-cu ildə Amerika Senatında “payola” dinləmələri başlandı. Təbii ki, bu dinləmələrə ilk dəvət olunan da elə Alan Frid oldu. Ona 26 epizod üzrə “payola” ittihamı irəli sürüldü. Frid ittihamların heç birini qəbul etməyərək, efirdə səslənən mahnıları yalnız öz zövqünə əsasən, tam təmənnasız seçdiyini söylədi. Amma buna baxmayaraq, skandal səngimək bilmirdi. Senatda ifadə vermək üçün daha 25 dicey dəvət aldı. Onların arasında Co Niaqra, Tom Kley, Mürrey Kaufman, Sten Riçard, Dik Klark kimi ünlü simalar da vardı.

Lakin məhkəməyə, nə qədər qəribə olsa da, onların ikisi çıxdı – Alan Frid və Dik Klark. Gənclər arasında xüsusi nüfuza malik, ən populyar iki şoumen. Məhkəmə araşdırmasında isə yalnız Alan Fridə qarşı hökm oxundu...

Amerikasayağı ədalət

Görünür əsas məqsəd bu olayın ciddi araşdırılması deyildi. Hakimiyyət dairələrinə hamıya görk olacaq bir məhkəmə prosesi lazım idi. Və bu proses Amerika tineycerlərinin sevimlisi Alan Fridi pulgir, satqın, prinsipsiz bir şəxs kimi təqdim olunmasına xidmət etməliydi.
Məhkəmə 1960-cı ilin payızında başlansa da, Alan Frid artıq sentyabrın 9-dan həbsə atılmışdı. Ona 2500 dollar rüşvət alması ittihamı irəli sürülmüşdü. Alan Frid bu məbləği hədiyyə olaraq qəbul etdiyini söyləsə də, andlılar onun arqumentlərini nəzərə almadılar. Məhkəmə Alan Fridin külli miqdarda cərimə olunması və şərti islah cəzasına məhkum olunması haqda qərar çıxardı. Böyük bir musiqi cərəyanına ad vermiş istedadlı bir insanın yaradıcı karyerasına beləcə nöqtə qoyuldu...

Divandan sonra

Məhkəmə bitdi və Alan Frid ehtirasları qızışdırmamaq üçün kölgəyə çəkilmək qərarina gəldi. Əslində çox sevdiyi arvadı da dedi-qodudan bezmişdi, sakit yaşamaq istəyirdilər.

Daha bir haşiyənin məqamıdır: Bir az da Alanın ailəsi barədə məlumat verim...

...Üç dəfə evlənmişdi: birinci dəfə 21 yaşındaykən, 1943-cü ildə Betti Lu Binlə. İki uşaqları olmuşdu – Alena və Lans. Ailə 1949-da dağılır. 1950-ci ildə Marcori Hesslə ailə qurur. Ondan da iki uşağı olur – Siqlind və balaca Alan. 1958-də ikinci arvadından da ayrılır və üçüncü arvadını tapır – İnqa Bolinqvhomu və ömrünün sonunadək onunla yaşayır, amma övladlarıyla əlaqəsini bir an belə kəsmir...

“Payola” prosesi başa çatır və Alan Frid ailəsiylə bir yerdə Los-Ancelesə köçərək uzun zülmdən sonra yerli radiostansiyaların birində sıravi işə düzəlir.

Amma yaxasından yenə əl çəkmirlər: 1962-ci ildə ona vergilərdən yayınmasıyla bağlı iddia irəli sürülür, yenə məhkəmə və yenə ciddi bir şey isbatlanmır – neçə ay sürən prosesdən sonra onun 300 dollar cərimə edilməsi haqda gülüş doğuran bir qətnamə çıxarılır...

... Amma bütün bu sarsıntılar nəticəsiz də ötüşmür, Alan içkiyə qurşanır və 1965-ci ildə, tam müflis vəziyyətdə, ailəsinə bircə quruş belə qoymadan qara ciyər serrozundan dünyasını dəyişir – Palm Sprinqsdə, xəstəxanada...

Onu Hardsdal şəhərciyinin Fernklif məzarlığında torpağa tapşırırlar...

Rok-n-Roll Alan Fridlə doğdu, amma onunla ölmədi...

Azadlıqsevər musiqi ölmədi, çünki ölməzdir. 50-ci illərin rok-n-rollu mayasında azadlıq istəyi olan rok-mədəniyyətin inkişafına böyük təkan verdi. Sonralar - əvvəlcə hippilər, sonra panklar və metallistlər azadlıq ehtiraslarını əllinci illərin gənclərindən qat-qat sərt metodlarla ortaya qoydular.

Dünyada iki superdövlətin – Amerika və SSRİ-nin bütün səylərinə baxmayaraq rok-n-roll da ölmədi...

1971-ci ildə, Federal Təhlükəsizlik Bürosunun şefi Quverin hələ sağlığında Londonun Uembli stadionunda böyük bir konsert təşkil olundu və həmin konsertdə ilk rok-n-roll dalğasının bütün sağ qalmış ulduzları iştirak etdilər. Stadion ağzınadək doluydu və 15 il qabaq belə konsertlərdə çılğın-çılğın rəqs edən qirxiqbaş, darşalvar valideynlərin uzunsaç, genbalaq cins getmiş övladları ata-analarından geri qalmamağa çalışırdılar. Deyilənlərə görə, həmin konsertdə Edvard Quverin altı nəvəsi də canfəşanlıq edən tamaşaçıların arasındaymış...
Daha on ildən sonra isə Strey Cats qrupu bütün dünya stadionlarında anşlaqla keçən konsertlər verməyə başladı və bu rok-n-rollun artıq ikinci doğuşu idi...

1991-ci ildə Hollivudun Şərəf Xiyabanında Alan Fridin ulduzunu böyük təmtəraqla yerləşdirdilər...

Təxminən on il sonra – 2002-ci ilin 21 martında isə ölməz diceyin qalıqlarını təntənəylə Klivlendə gətirib Rrk-n-rollun Şöhrət salonuna - layiq olduğu məkana qoydular...

(ardı var)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1315

Oxşar yazılar