Samir Bağırov : “Həmişə istəmişəm qızım olsun...” - MÜSAHİBƏ
18 avqust 2010 18:45 (UTC +04:00)

Samir Bağırov : “Həmişə istəmişəm qızım olsun...” - MÜSAHİBƏ

Uzun müddətdir tamaşaçılarını intizarda saxlayan sənətçi Samir Bağırov ad günündə tamaşaçı qarşısına çıxmağa hazırlaşır. Bağırov efir məkanında görünməzdən əvvəllər səhnəyə ikinci qayıdışının həyəcanını eksklüziv olaraq Lent.az-la bölüşüb. Həmişə qəribəliyi seçilən Samirin müsahibəyə yanaşması digər müğənnilərdən fərqli oldu. Müğənni söhbətdən əvvəl Lent.az-ın müxbirinin bürcünü soruşdu və analiz etdi:

- Siz Buğa bürcüsüz... Oğlaqla yola getmirəm. Ünsiyyətim yaxşı ola bilər, dostluq sevgi ola bilməz. Mütləq nə isə olmalıdır. Əkizlər və Qoç ilə yola gedirəm.

- Digər sənətçilər üçün fərqi yoxdur, oturan kimi başlayırlar müsahibəyə. Amma siz başqa şəkildə reaksiya verirsiniz. Demək olar ki, Samir Bağırov Maykl Cekson həyatı yaşayır. Özünə tələbkar, ətrafa borclu həyat sürür. Bəlkə də bu səbəbdən Azərbaycandan getdiniz. Bu şəkildə getməyin sizin üçün mənası nə idi?

- Yox, bu başqa səbəb idi. Mən ona görə heç nə demədim, jurnalistlərə açıqlama vermədim. Dedilər ki, guya rus şou-biznesinə qatılmağa gedib. Səbəbi bir idi - müalicə üçün getmişdim. Artıq o problem həll olunub, daha əvvəl isə nə baş verəcəyini bilmirdim. Heç bilmirdim ki, sağ qalacam, ya yox... Hər şey keçdi, keçmişdə qaldı, artıq rahatam. Allahın köməyi ilə rahat şəkildə hər şeyi etiraf edə bilirəm.

- Müalicədən sonra qalıb işləmək, oranın imkanlarından istifadə etmək olmazdı?

- İmkan var idi, mən heç kimlə görüşə bilmirdim. Görünüşüm pis vəziyyətdə idi. Güzgüyə baxa bilmirdim, dəli olurdum. Bu şəkildə hara gedə bilərdim? Sonradan bir bahalı restoran məni dəvət elədi, azərbaycanlı işləyirdi. Sonradan problemlər çıxdı. Rusiyada üç aydan bir qeydiyyatdan keçmək lazım oldu. Bilmirdim ki, bu boyda problem ola bilər. İndi deportasiya olmuşam. Beş il Rusiyaya gedə bilmərəm.

- Bu problemlər olmasaydı, elə qalıb orda da işləyə bilərdiniz.

- Bəlkə də. Amma orda arıqlaya bilmədim. Çünki müalicədən sonra elə iştaha gəldim, alınmırdı... Gəldim bura, indi yavaş-yavaş təbii yolla, əməliyyatsız arıqlayıram.

- Deyirlər, Samir Rusiya şou-biznesində populyarlaşa bilmədi. Çünki orda da populyarlaşmaq artıq çətinləşdi. Vaxtilə Rusiya üçün çox yaxşı təklif və imkanlar olsa da, artıq o təklifləri dəyərləndirmək üçün gec idi.

- Bəlkə də. Amma başqa cür də ola bilərdi. Alla Puqaçova səhnədən getdi. Onun öz radiosu var, orda mənim musiqilərim səslənə bilərdi. Ora ki getmək lazım deyildi.

- Sizin qədər xarici görünüşünə tələbkar yanaşan ikinci müğənni tanımıram, dostunuz Aygün Kazımova səhnəyə müxtəlif ölçü və çəkilərdə çıxıb. Bəzən o heç də gözəl görünməyib, amma tamaşaçı qarşısında da sıxılmayıb.

- Bunu izah etmək o qədər çətindir ki! Əgər mənim görünüşüm pisdirsə, artıq səs tellərim də xarablaşmağa başlayır. Hər şey bir-birilə bağlıdır. Əvvəl başlayanda da mən kök idim. Sonradan arıqladım və bu rahatlığı hiss etdim. Geyinərkən, hərəkət edərkən yaranan narahatlıq bütün əhval-ruhiyyəmi öldürür. Hər şey qaydasında olanda hər şey də sənət adına yaxşı olur. Bu, kompleks də ola bilər. Adi insanlar üçün kompleks sayılan bu tələbkarlıq sənət adamı üçün normaldır.

- Neçə il özünüzü yaxşı hiss etməmisiniz?

- Həmişə hər şey qaydasında olub. Son vaxtlar özümü pis hiss etməyə başladım.

- Necə oldu ki, birdən-birə narkotik asılılığına mübtəla oldunuz?

- “Kruq”a düşdüm, ətrafımda “xeyirxah” insanlar çox idi. İndi tam yadımda deyil. Yəqin ki, depressiya səbəb oldu. Bir dəfə imtina etdim. İkinci dəfə dedim, qorxma, heç nə olmayacaq. Bu gedişlə asılılıq yarandı...

- Neçə il istifadə etdiniz?

- Altı il. Hər şey arxa planda qaldı Səhər duran kimi əlim telefonda idi. Nə vaxt narkotik olurdu, hər şey yaxşı olurdu.

- Bəs niyə o vaxt dostlarınızı yox, narkotiki seçdiniz?

- Bilirsiniz, bunu izah edə bilərəm, lakin anlamaq üçün gərək o yolu seçəsən, hər şey o qədər çətin idi ki!

- Həmin vaxt heç olmasa bir nəfəri belə qəbul edə bilərdiniz. Misal üçün, stilistiniz Samir həmişə yanınızda olub.

- Samir başqa şeydir. O mənim yaxın dostumdur. Mən axı bunu hamıdan gizlədirdim. Ətrafımda bilmirdilər ki, narkotikdən istifadə edirəm. Tamamən gizlənmişdim. Kompleks var idi. Ancaq pis şeylər düşünürdüm. Artıq hər şeyə başqa cür baxıram. İndi ona görə də o vaxta qayıdıb necə pis durumda olduğumu danışa bilmirəm. Günah məndə idi, bunu deyə bilərəm.

- Günah demişkən, yaşıdlarınız xalq artistidir. Siz isə heç bir ada sahib deyilsiz. Bunun günahı da sizindir. Səhvin nədən ibarət olduğunu bilirsiniz?

- Mənə bir şey ağırdır. Biz həqiqətən də əziyyətlə səhnəyə gəlmişdik. İndikilər kimi pulla populyarlıq qazanmamışdıq. Uşaqlıqdan pioner ansamblı, mədəniyyət evi, məktəb ansamblları, xarici ölkələr. Ona görə inciyirəm, sonra öz-özümə deyirəm, “günah səndədir”...

Bəlkə mən hamı kimi ola bilmədim. Sirr saxlamadım, buna baxmayaraq heç vaxt özümlə bağlı heç nəyi açıqlamadım, nəyisə gizlətməyə çalışmadım. Yalan sevmirəm. Suala cavab vermək istəməyəndə deyirəm olar cavab verməyim? Bəlkə şou-biznesdə bu qaydalar ziddi...

Bir şey var. Uşaqlıqdan Alla Puqaçovanın fanatıyam. O mənə bir dəfə dedi, çətin yolda heç kimdən kömək gözləmə! Mən bu sözləri eşidirdim. Bir dəfə Yaltada onunla görüşdüm. Dedim, artıq bir nailiyyətim var. Mənə laureat adı verdilər. Alla Puqaçova mənə dedi, bu zəhərdi, fikir vermə müğənni üçün ən böyük yer xalq sevgisidir. Başqa şey özlüyündə düzələcək. Bəlkə bu sözü eşitməsəydim, narahat olardım... Rusiyada hələ də məni tanıyırdılar. Bax, məni ruhlandıran budur.

- İkinci dəfə səhnəyə qayıdırsınız? Nə gözləyirsiniz?

- Demirəm nə gözləyirəm. Qayıdışımı sevənlərimə borcluyam. Rusiyada bir rus qız mənə dedi, yazışdığım azərbaycanlı qız yalvardı, ona çatdır ki, nigaranıq, yolunu gözləyirik, de, mütləq de, onun bu sözlərə ehtiyacı var. Hər dəfə belə sözləri eşidəndə uçmaq istəyirdim. Gözləmək artıq başqa söhbətdir. Qoy nə isə edim, sonra deyim ki, nə gözləyirəm.

- Maddi imkan var?

- İmkanım yoxdur, sağ olsunlar yaxşı insanlar var, kömək edirlər.

- Bakıdan kimlər sizə zəng edirdi?

- Heç kim. Daha doğrusu, elə vəziyyətdə idim ki, üç ay özümdə deyildim. Bakı nömrələrinə ümumiyyətlə, cavab vermirdim. Çünki zəng vurub olduqca pis sözlər deyirdilər. Moskvada birinci Azərbaycan gözəli Xana Qalsanagildə yaşayırdım. Xanaya nələr deyirdilər. Ona görə bir tərəfdən qorxurdum. İstəmirdim cavab verim.

- Yenidən Aygün Kazımova ilə birlikdəsiz. Başqa kimlərlə ünsiyyətiniz var?

- Hələ heç kimi görməmişəm. Bircə Aygün Kazımova ilə. Aygün həmişə mənə yaxın olub. Bir an var idi, bir-birimizdən uzaqlaşdıq. Uzaqlaşmağın günahkarı Aygün, ya da mən deyildik. Vəziyyət elə gətirdi. İndi artıq başım normal işləyir. Kimi seçə bilərəm? Əlbəttə, Aygünü!

- O vaxt Zülfiyyə Xanbabayeva da sizə az kömək təklif etməmişdi. Hətta birlikdə konsert verib bütün gəliri sizə bağışlamağı təklif etmişdi. Bəs niyə dost deyəndə təkcə Aygün Kazımova?

- Düzdür. Zulya ilə yaxşı münasibətim var. Bilmirəm necə deyim...

- Birdəfəlik getdiyiniz barədə əminliklə iddia irəli sürüləndə o vaxt Zülfiyyə Xanbabayeva demişdi, bilirəm o qayıdacaq. İkinci qayıdışı daha çox yadda qalacaq.

- Mənə də elə gəlir. Elə bir indiyədək məşq etmişəm. 20 il məşqim olub...

- Qarşıdan ad gününüz gəlir. Kimləri görmək istərdiniz?

- Heç kimlə görüşə hazır deyiləm.

- Yadıma Nərgiz Cəlilovanın illər öncə efirə gedən bir verilişi düşdü. Tamaşaçılardan biri zəng etmişdi. Sizi Faiq Ağayevlə rəqib kimi üz-üzə qoydu, sizin ondan daha istedadlı olduğunuzu dedi. Siz rəqabət aparmadınız, bəlkə də indi hər şey başqa olardı.

- O mənimlə rəqabətdə idi, mən yox. O vaxt cavan idik, indi yox. Heç kimi özümə rəqib görmürəm. Bəlkə paxıl deyiləm, ona görə belə düşünürəm. Hər sənət insanının səhnədə öz sözü var. İnsanlar seçir, kimə nə yaxındır, onu qəbul edir.

- Nəyə heyfsilənirsiniz?

- …yenidən 20 yaşında olmaq istəyərdim. Hər şey başqa cür ola bilərdi.

- Müsəlmanın sonrakı ağlı?

- Hə. Mənə elə gəlir ki, səsimi və Allahın digər bəxş etdiklərini düzgün istifadə edə bilmədim, imtina etdim.

- Zəif yoxsa güclüsünüz? Məncə, güclü olsaydınız, belə həyatı yaşamalı olmazdınız...

- Yox, güclü olmamışam. Lakin hərdən elə güc gəlir mənə... Birdən isə qorxu içində qalıram. İndi isə get-gedə gücləndiyimi hiss edirəm.

- Yenidən sizi nəsə narkotikə sövq edə bilər?

- Yox!!! Qətiyyən! Bəzən mənə bununla bağlı narahatlıq bildirəndə narahat oluram. Anama, dostlara deyirəm, bu söhbəti aparmayın, keçdi! Nə olursa, yaxşılığa doğrudur. Bəlkə də bu yolu keçməli idim. İllərimi nəzir kimi sərf elədim.

- Oriyentasiyanızla bağlı problemlərin təəssüfünü yaşayırsınız? Bildiyimə görə, əvvəllər sevdiyiniz qız olub.

- Mən heç nə etməmişəm. İnsanda ən vacib qəlbdir. Qəlbin cinsi ayrılığı yoxdur. Bu qadın və kişi də ola bilər. Mən insanları qəlbimlə sevirəm. Qaldı təəssüflənməyə, bu artıq belədir...

- Məhz buna görə sənətiniz arxa planda qalıb. Peşmançılıq yaratmır?

- Mənə elə gəlir, oriyentasiyadan əvvəl mədəniyyət lazımdır. O qədər açıq şəkildə şahidi olmuşam ki, haradasa şərt qoyublar, “Samir burda olanda mən gedəcəm, ayağı olmamalıdır, onu görəndə televizoru söndürürəm!”
Amma mənimlə ünsiyyətdən sonra insani keyfiyyətlərimə görə qədəh qaldırıb içiblər. Bu bir dəfə olmayıb. Üzümə heç nə demirlər.

- Həyatda sizin üçün dəyərli olan kimlərdir?

- Anam... (Gözü dolur). Ən yaxınım...

- Kimin üçün yaşayırsınız?

- ...Deyə bilmirəm. Yoxdur belə insan.

- Övladınız olsun istəyərdiniz?

- Çox!

- İndi arzu edirsiniz, yoxsa həmişə istəmisiniz?

- Həmişə! Qızım olsun istəmişəm.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 889

Oxşar yazılar