Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə aprelin 22-də saat 22 radələrində Yasamal rayonu ərazisində qeydə alınıb. “Khazar” markalı bir avtomobildə olan 2 sərnişinin sürücünü arxadan əllə boğmağa cəhd göstərmələri, bu zaman sürücünün avtomobili tərk etməsi və həmin şəxslərin nəqliyyat vasitəsini qaçırmaları barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhəri ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağsu rayon sakini Vasif Mikayılov və Abşeron rayon sakini Bəymurad Ənvərli müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.