Xırdalanda ərinin binadan atdığı qadın ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bu gün səhər saatlarında Abşeron rayonu, Gənclər şəhərciyində 22 yaşlı A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşməsi və aldığı xəsarətlər nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.
Aparılan araşdırmalar zamanı A.Kazımovanın həyat yoldaşı 22 yaşlı Hüseyn Kazımovun qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı qəsdən mənzilin eyvanından yerə atdığı müəyyən edilib. H.Kazımov saxlanılıb.
Araşdırmalar aparılır.
***
saat 12:27
İyulun 23-ü saat 7 radələrində 22 yaşlı Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində hündürmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 2002-ci təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.
Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, vəziyyəti hazırda ağır qiymətləndirilir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.