NASA və Pentaqonun sirləri necə ələ keçdi? - 170 milyonluq iş - Cinayət DOSYESİ
16 fevral 2022 20:15 (UTC +04:00)

NASA və Pentaqonun sirləri necə ələ keçdi? - 170 milyonluq iş - Cinayət DOSYESİ

Cinayət DOSYESİ – 005

Əvvəlki yazı

O bütün dünyanı şoka salanda cəmi 15 yaşı vardı. Hamı onun əməllərindən danışırdı. Pentaqon və NASA-nın sirlərini ələ keçirmək? Əgər bunu edə bilən tapılmışdısa demək artıq heç bir sirr təhlükəsiz deyildi. Çünki dünyanın ən yaxşı mühafizə edilən serverləri bunlardır. Ona görə də kimlərsə “məxfi qrift” adı altında sirr saxlayırdısa yuxuları ərşə çəkilmişdi.

Lent.az-ın “Cinayət Dosyesi” layihəsində bu dəfə sizə demək olar ki, hamının diqqətini öz üzərinə çəkə bilən yeniyetmə hakerdən danışacağıq. Onun hekayəsini oxuduqdan sonra siz də rəqəmsal dünyada saxladığınız sirlər, bank hesablarınız və sairə barədə ciddi narahat olmağa başlayacaqsınız. Beləliklə, diqqətiniz bizdə olsun.

Dünyada yazılmamış qaydaların biri də budur - hakerlər gizli həyat tərzi keçirir və anonim qalırlar. Bu səbəbdən onlarla bağlı ortaya çıxan ən xırda məlumatlar belə, insanların diqqət mərkəzində olur. Çünki bu insanların beyinlərinin fərqli işləməsi heyrət ediləcək bir məsələdir. Onlar əldə edə bildikləri informasiyaları gördükdən sonra, bir anlıq şübhəyə düşürsən - beynimdəki məlumatlar yerindədir?

Barmaqlardan klaviaturaya tökülən sehrin sirri

Kompüter dahiləri və ya “korsanları”... Onları belə də adlandırırlar. Bizim yazının qəhrəmanı Conatan Ceyms 170 milyon dolar dəyərində kod oğurluğu məşhurdur. Özü də haradan? NASA-dan. O, bu əməli ilə dünya hakerlik tarixində nəzərəçarpacaq iz qoydu. Onun o qədər maraqlı və dramatik həyatı olub ki... Lap filmlərə mövzu ola biləcək dərəcədə diqqət çəkəndir.

Conatan Ceyms

Conatan Ceymsi NASA və Pentaqon serverlərinə müdaxilə etməklə qalmadı, eyni zamanda Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinə (Defense Threat Reduction Agency) də “əl atır”. Bu səbəbdən dən onu Amerikanın ən gənc, lakin eyni zamanda ən istedadlı hakeri kimi təqdim edirlər. Onun ilkləri bununla bitmir. Conatan ABŞ-da xüsusi olaraq hakerlik ittihamı ilə həbsxanaya düşən ilk yeniyetmədir.

Kimdir bu haker?

Conatan Cozef Ceyms 12 dekabr 1983-cü ildə Florida ştatının Mayami-Dade qraflığında yerləşən Pinecrestin şəhərində anadan olub.

Şəhər əhalisinin cəmi 18 min sakini var. Conatan Amerika standartlarına görə ən adi ailədə doğulub. Atası Robert Ceyms proqramçı, anası evdar qadın idi. Hələ beş yaşında o, kompüterlərə maraq göstərməyə başladı. Atası olmayan kimi klaviaturanın sahibi özü idi. Əsasən oyunlar oynayırdı. Çox sonralar Robert Ceyms danışır ki, əslində kompüterdə müxtəlif valideyn nəzarəti qurub ki, Conatan əlavə nəsə edə bilməsin. Oğul isə hamını yuxuya verib “iş başına” keçirmiş. O, bütün gecəni ekran arxasında qalırdı. Sonra məktəb illəri başlayır və ata oğlunun dərslərinə mənfi təsir etməsin deyə kompüterə daha ciddi məhdudiyyətlər qoyur. Conatan isə bunları keçmək üçün hiyləgər yollar axtarır. Bunlar onun ilk haker təcrübəsi idi. Yaşı artdıqca oğlanın maraqları artıq dəyişir. O, artıq oyun oynamaqla kifayətlənmir. Proqram dili öyrənir. Bir gün artıq Conatan atasını təəccübləndirir. O, kompüterə elə proqramlar əlavə edir ki...

Conatan 13 yaşına çatanda onun informasiya texnologiyalarına bu qədər maraq göstərməsi, yüksək həvəsi valideynlərini ciddi narahat edir. O, bütün gününü kompüterdə keçirir, gecələri yatmırdı. Ailədə belə qərar qəbul olunur ki, uşağın əlindən kompüteri alsınlar. Bəs Conatan nə edir? Evdən qaçır və geri qayıtmaq üçün şərt qoyur – “Kompüterimi qaytarın!”

Evdə ən çox mübahisə Conatanın dərs qiymətlərinin aşağı olması ilə bağlı olur. Oğul bundan da çıxış yolu tapır. Valideynlərinə söz verir ki, qiymətləri hamısı düzələcək. Həqiqətən də onun dərs qiymətləri düzəlir. Lakin necə? Conatan təhsil müəssisəsinin şəbəkəsini uğurla sındırır. Hesabat kartlarındakı qiymətlərini yüksəldir. Valideynlər də onun təhsildəki bu “uğuruna” sevinirlər.

“C0mrade”nin doğuşu

Conatan Ceyms

Artıq bizim qəhrəmanımızı hakerlər aləmində tanımağa başlayırlar özü də “C0mrade” ləqəbi ilə. 15 yaşlı “C0mrade”nin ilk böyük qurbanı ABŞ-ın Corciya ştatındakı ən böyük telekommunikasiya şirkəti AT&T-nin BellSouth adlı bölməsi oldu. Şirkət utandığından bu məsələni ört-basdır etdi. Yalnız uzun müddət keçdikdən sonra onlar şirkətin serverlərinə “C0mrade” tərəfindən hücum edildiyini etiraf etməli olurlar.

Sadəcə onları təəccübləndirən bu olur ki, Conatan etdiyi bu qədər böyük işdən heç bir pul qazanmır. BellSouth-a heç bir ziyan vurulmur. Yeniyetmə haker gələcəkdə bunu belə izah edir: “Əsas məqsədim pul qazanmaq deyildi, əylənmək və öz biliklərini sınamaq istəyirdim. Ən çətini sistemə daxil olmaq deyil, öyrənmək və bilik əldə etməkdir ki, sonradan onunla nə etmək olduğunu yaxşı başa düşürsən”.

Hakerlərin içində Conatan ən çox inkişaf edənlərdən biri olur. Uğurdan ruhlanan qəhrəmanımız bununla dayanmır, daha da irəli gedir. Gecələr öz otağına çəkilən “C0mrade” mühafizə sistemlərini qıra biləcəyi həssas serverlər axtarır. Və getdikcə o daha çox qorunan, demək olar ki, sındırılması heç cür mümkün olmayan “çətin serverlər” axtarır.

NASA-ya hücum, 13 kompüterə giriş

29 iyun 1999-cu ildə belə bir server tapılır. “C0mrade” NASA-nın Corc Marşal Kosmik Uçuş Mərkəzi adlanan bölməsinin serverinə daxil ola bilir. Orda elə bir proqram quraşdırır ki, şəbəkədəki digər 13 kompüterə giriş əldə edir. Təsəvvür edin ki, bu nə deməkdir? Bu dövlət tədqiqat təşkilatı qabaqcıl raket mühərriklərinin hazırlanması və sınaqdan keçirilməsi, həmçinin Beynəlxalq Kosmik Stansiyası üçün rabitə sistemlərinin və proqram təminatının yaradılması ilə məşğuldur. Qəhrəmanımız Beynəlxalq Kosmik Stansiyanın həyati dəstək elementlərinə nəzarət edə bilirdi.

NASA ekspertlərinin fikrincə, onun gördüyü işin, proqram təminatının dəyəri 170 milyon dollardır. Ceyms isə deyir ki, onun əldə etdikləri heç diqqətini çəkməyib, hətta onları zir-zibil adlandırıb və heç bir məbləğə iddia etməyib. Onun bu hərəkətindən sonra NASA-nın bir çox mənbə kodunun bir hissəsi tamamilə yenidən yazılır.

Serverə müdaxilə aşkar edildikdən sonra Marşal Mərkəzinin əməkdaşları pozuntunun səbəblərini və xronologiyasını təhlil etmək üçün 21 gün ərzində təhlükəyə məruz qalmış server və kompüterləri şəbəkədən ayırıblar. Bu, NASA-ya 41.000 dollar dəyərində ziyan vurur. NASA bu hücumla bağlı məlumatları FTB-yə təhvil verir və federal agentlər ABŞ-ın milli kosmik proqramına müdaxilə edən sirli, güclü hakerin axtarışına başlayır. Conatan isə gün ərzində adi bir şagird kimi Kollecdə dərslərdə iştirak edirdi. Gecələr isə şəbəkələrdə dolaşaraq sıza biləcəyi həssas serverləri axtarırdı.

Pentaqonun poçt qutularından endirilən məlumatlar 

1999-cu ilin sentyabr axşamı, Conatanın etdikləri artıq ABŞ Müdafiə Nazirliyinə kimi gedib çatdı, hətta ölkənin milli təhlükəsizliyinə təhdid yarandı. Ceyms iki dəfə Pentaqonun serverinə ciddi müdaxilə edir. Gənc haker hələ bilmirdi ki, oğurlanmış server ABŞ Müdafiə Nazirliyinin ölkənin milli təhlükəsizliyinə xarici təhdidləri təhlil edən bölmələrindən biri olan Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinə məxsusdur. 1999-cu ilin sentyabr-oktyabr ayları arasında o, agentliyin istifadəçi etimadnaməsini ələ keçirə bildi ki, bu da ona Müdafiə Nazirliyinin 10 kompüterinə giriş imkanı verdi və Pentaqonun poçt qutularından 3300-dən çox e-poçtu endirməyə nail oldu. Conatan onların məzmununu maraqla öyrəndi və daxil ola bildiyi kompüterlərdə tapılan fayllar onun diqqətini o qədər çəkir ki, bu dəfə anonimlik məsələlərinə lazımi diqqət yetirmir.

Tarixdə ilk dəfə idi ki, (ABŞ Müdafiə Nazirliyinin iddia etdiyi kimi - tarixdə ilkdir-red.) Pentaqonun törəmə strukturlarından birinin daxili şəbəkəsinə uğurlu nüfuz olmuşdu. Təbii ki, bu diqqətdən kənarda qala bilməzdi. Çox ciddi araşdırmalar aparılır. 2000-ci il yanvarın 26-da proses başa çatır. Həmin gün Müdafiə Departamentinin agentləri polisə hakerin ünvanını verir və tutulmasını əmr edir.

Qəhrəmanımız bu günləri xatırlayanda yenə də zarafatından qalmır: "Etiraf edirəm ki, həmin gün gülləkeçirməz jiletli və pulemyotlu bu adamlar evimə soxulanda mən kollecdə çox məşhur biri oldum".

Onun evində axtarış aparılır və sübut olunur ki, Pentaqonun serverinə məhz ordan hücum olub. Haker deyir ki, təhqiqatçılar azyaşlı birinin dövlət təşkilatının şəbəkəsinə asanlıqla daxil ola biləcəyindən çox narahat olublar: “Onların əsas problemi təhlükəsizliyə kifayət qədər diqqət yetirməmələridir. Amma görünür, ən azı bunu başa düşüblər”.

NASA və ABŞ Müdafiə Nazirliyindən yazılı üzr

Ceyms müdafiəsini əsasən bu istiqamətdə qurur - sındırılmış sistemlərdə heç bir dağıdıcı hərəkət etməyib, parolları dəyişməyib, faylları silməyib və virusları işə salmayıb. Üstəlik, o, azyaşlı idi: cinayətləri törədən zaman cəmi 15 yaşı var idi. Conatan yetkin olsaydı, o, ən azı 10 il həbs və külli miqdarda cərimə ilə üzləşəcəkdi. Lakin yaşı az olduğuna və istintaqla sövdələşdiyinə görə məhkəmə onu “yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərdə” təqsirli bilib. Beləliklə, Ceyms altı ay ev dustaqlığına məhkum olur. Bununla yanaşı o, kompüterdən yalnız təhsili üçün istifadə edə bilərdi. Başqa işlər üçün qadağa qoyulur. Eyni zamanda haker etdiyi əmələ görə, NASA və ABŞ Müdafiə Nazirliyindən yazılı üzr istəməli olur.

Bəs haker nə etdi? O, ev dustaqlığı şərtlərini pozur. Buna görə küçədə polis tərəfindən saxlanılır. Onun qan analizlərində narkotikin izləri aşkarlanır. Nəticədə məhkəmə şərti cəzanı həqiqi cəza ilə dəyişir və Conatan altı ay müddətinə həbsxanaya göndərilir. Yuxarıda dediyimiz ki, qəhrəmanımız bir çox ilklərə imza atıb - ABŞ-da ilk dəfə idi ki, bir yeniyetmə kompüter cinayəti ittihamı ilə həbsxanaya gedirdi. Bu səbəbdən bu hadisə mətbuatın diqqətini çox çəkirdi. Müsahibələrinin birində Conatan hakerlikdən əl çəkməkdə qərarlı olduğunu iddia edir. Jurnalistə “buna dəyməz” deyib:

“Bunu sadəcə əylənmək üçün etdim, mənim üçün bir oyun idi və həbs olundum. Bunun bir daha təkrarlanmasını istəmirəm. Mən əylənmək üçün başqa şeylər tapa bilərəm”.

Conatan Ceyms

Cəza müddəti bitir və Conatan azadlığa çıxır. O, artıq yalnız mətbuatın diqqətində olmur. Xüsusi xidmət orqanları uzaqdan olsa da hakeri xüsusi nəzarətdə saxlayırlar.

Tanınmış haker qrupu supermarketlər şəbəkəsini necə çökdürür?

2007-ci il yanvarın 17-də maraqlı bir hadisə baş verir. Kiber aləmdə tanınan Alberto Qonzalisin başçılıq etdiyi bir qrup haker ABŞ-ın əsas ticarət və maliyyə təşkilatlarına silsilə kütləvi hücumlar həyata keçirir. Qurbanlar arasında məşhur Amerika supermarketlər şəbəkələri olur. Hücum nəticəsində hakerlər bu firmaların milyonlarla müştərisinin kredit kartı və şəxsi məlumatlarını oğurlaya bilirlər. Firmalara və reputasiyalarına ciddi ziyan dəyir.

Alberto Qonzalis

Hadisənin təhqiqatı zamanı ABŞ Məxfi Xidməti bu cinayətdə əli olan Qonzalisin şəriklərinə çıxa bilirlər. Onların bir neçəsi Conatanı haker forumlarından tanıyırdı və onunla danışırdı. Buna görə də gənc haker şübhə altına düşür. Təhqiqatçıları əsasən “CC” təxəllüsü ilə gizlənən naməlum haker çaşdırır. Onlar hesab edir ki, bu Conatan Ceymsdir. Buna görə də Gizli Xidmət agentləri Conatan Ceymsin özünün, qardaşının və sevgilisinin evlərinə basqın edirlər. Lakin sonradan müstəntiqlər öyrənir ki, sirli anonim haker “CC” çox güman ki, “Cim Cons” təxəllüsü ilə internetdə tez-tez imza atan Stiv Uottdur. O, Qonzalesin yaxın dostu olub. Axtarışlar zamanı agentlər Ceymsi bu cinayətlə əlaqələndirəcək heç nə tapmayıblar. Evindən yalnız tüfəng tapıblar, onu isə rəsmi qeydiyyatda olduğu üçün ələ keçirməyiblər.

Bu hadisədən sonra Conatan Ceymsin atası Robert deyir ki, oğlu bir müddət depressiyadan əziyyət çəkir.

Azad ölüm, yoxsa qətl?

18 may 2008-ci ildə 25 yaşlı Conatan Ceyms evinin vanna otağında ölü tapılır. Evdəki ov tüfəngi ilə başından vurulmuş vəziyyətdə. Onun atasına, qardaşına və sevgilisinə yazılmış intihar məktubu tapılıb. Conatan yazırdı: “Mən bizim “ədalət” sistemimizə inanmıram – bugünkü hərəkətlərim və bu məktub ictimaiyyət üçün ciddi siqnal ola bilər, lakin vəziyyətə nəzarəti itirmişəm və intihar mənim yeganə yolumdur. Düzünü desəm, supermarketlər şəbəkəsinə hücumla bağlı heç bir əlaqəm yoxdur. Chris (Scott) və Albert Qonzales federalların indiyə qədər tutduğu ən təhlükəli və dağıdıcı hakerlər olsalar da, mən bu iki təsadüfi axmaqdan daha çox ictimai rəyə cəlb olunuram. Bu həyatdır. Etmədiyim cinayətə görə 20, 10, hətta 5 il həbsdə qalmaq olar. Amma indi heç olmasa azad öləcəm”.

Hələ də bir çox hakerlər Conatanın intihar etməsinə inanmırlar. Hesab edirlər ki, onun ölümünün əsl səbəbi NASA və Pentaqonun serverlərinə daxil ola bilməsi, çox məxfi məlumatları əldə etməsidir. Rəsmi təhqiqat isə bildirir ki, Ceyms intihar edib.

Hakerlər bildirirdilər ki, Conatan “C0mrade” Ceyms kompüter dahisi olub. Onun ömrünün bu qədər erkən kəsilməsi isə çoxlarını üzdü.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10299
avatar

Cavidan HUN

Oxşar yazılar