CİNAYƏT İŞİ
Qısa arayış...
2021-ci il noyabrın 29-u saat 20-də 3 saylı şəhər Klinik Xəstəxanasında 1962-ci il təvəllüdlü Məhəmməd Əliyevin başından aldığı xəsarətdən ölməsi barədə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə məlumat daxil olur.
Dərhal xəstəxanaya əməliyyat qrupu yollanır. Hadisəni törədən şəxs müəyyənləşir və faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanır.
Hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini Rəhman Əzimov isti izlərlə saxlanılır.
Lent.az məlum cinayət işinin istintaq materiallarını əldə edib
İstintaqla müəyyən edilib ki, noyabrın 27-si saat 23 radələrində Rəhman Əzimov Zabrat qəsəbəsində yerləşən kafedə Rövşən Nəzərəliyevlə yeyib-içərkən tanışı Məhəmməd Əliyev içəri daxil olub, kinayəli şəkildə Rövşənə “Rəhman bir masada oturduğuna” görə iradını bildirib. Bu sözündən hiddətlənən Rəhman Əzimov Məhəmməd Əliyevi öldürmək qərarına gəlsə də, həmin vaxt kafedə insanların çox olmasını nəzərə alıb əlverişli məqam gözləyib. Bir müddətdən sonra o, kafedən çölə çıxan Məhəmmədə yaxınlaşaraq, işlətdiyi ifadəyə görə narazılığını bildirib. Aralarında yaranmış mübahisə zamanı Rəhman Əzimov tanışının üzünə yumruqla zərbə vurub. Bunun təsirindən arxası üstə yerə yıxılan şəxsin qarın nahiyəsinə təpiklə 2 dəfə zərbə endirib. Rövşən Nəzərəliyev müdaxilə edərək Məhəmməd Əliyevi yerdən qaldırarkən, yenidən yaxınlaşıb, təpiklə baş nahiyəsinə ağır xəsarətlər yetirib. Hadisə yerində olan şəxslər zərərçəkmişi 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırıblar. Müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, Məhəmməd Əliyev ayın 29-da xəstəxanada ölüb.
İş üzrə dindirilmiş Rəhman Əzimov bildirib ki, hadisə günü işdən gələndən sonra, Zabrat qəsəbəsində 118 saylı avtobusun axırıncı dayanacağının yaxınlığında yerləşən kafedə Rövşən, Ruhulla və Qalib adlı tanışları ilə birlikdə yeyib-içib. Bir müddətdən sonra Ruhulla ilə Qalib çıxıb gediblər. Məhəmməd Əliyev kafeyə daxil olduqdan sonra Rövşəni əyləşdiyi masaya çağırıb. Tanışı isə Məhəmmədə Rəhmanla bir yerdə oturduğunu söyləyib. Cavab olaraq Məhəmməd isə Rövşənə “Rəhman kimdir ki, onunla bir masada oturmusan?” deyib. Bu sözü eşitsə də, əvvəl buna fikir verməyib. Amma bir neçə dəqiqədən sonra Məhəmmədin onun haqqında belə ifadə işlətməsindən əsəbiləşib. Bəlkə də həmin vaxt içkili olmasaydı, bu hadisə baş verməzdi. Rövşənlə Məhəmməd kafedən çölə çıxanda, onların arxasınca küçəyə çıxıb. Marketin qarşısında bir az əvvəl işlətdiyi ifadəyə aydınlıq gətirməsini tələb edəndə, Məhəmməd “yaxşı elədiyini» deyib.
Kobud cavab qaytaran şəxsin üzünə yumruqla zərbə vuran kimi o, yerə yıxılıb. Huşsuz vəziyyətdə olan Məhəmmədi təpiklə 1-2 dəfə vurub ki, yerdən ayağa qalxsın. Bu zərbələrin təsirindən öləcəyinə inanmayıb. Onun bir neçə dəqiqədən sonra ayılacağını düşünüb və həmin ərazini tərk edərək, evə gedib. Növbəti gün 15-ci bölməyə dəvət olunanda, baş vermiş hadisəni polis əməkdaşlarına danışıb.
Rəhman Əzimov əlavə edib ki, Məhəmməd Əliyevi yumruqla vurarkən, onu öldürmək niyyəti olmayıb. Baş vermiş mübahisənin belə ağır hadisə ilə nəticələnməsini istəməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Cavid Əliyev ifadəsində göstərib ki, noyabrın 28-i gecə saat 1 radələrində o, Məmmədli kəndində yaşadığı evdə olanda, Rövşən Nəzərəliyev zəng edərək, ona atasının yıxıldığını və baş nahiyəsindən xəsarət aldığını xəbər verib. Hadisə baş verən yerə taksi ilə çatana qədər şahidlər onun atasını təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salıblar. 3 saylı xəstəxanaya çatanda, atası koma vəziyyətində reanimasiya şöbəsinə yerləşdiriblər. Heç kim ona hadisə barədə dəqiq məlumat verməyib. Hamı atasının yıxılaraq, xəsarət aldığını deyib. Atası ölən gün ona danışıblar ki, Rəhman Əzimov yaşadığı qəsəbədə, marketin qarşısında Məhəmməd Əliyevə zərbələr endirib, o da yıxılaraq, başı yerə dəyib. Buna görə 102 xidmətinə zəng edib, məlumat verib. Bundan sonra 15-ci bölmənin əməkdaşları hadisə baş verən əraziyə gəliblər. Polis əməkdaşları ilə birlikdə marketin təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntülərə baxıb. İlk zərbədən sonra Əzimov atasından əl çəkməyib və başına təpiklə zərbələr vurub.
Şahid Rövşən Nəzərəliyev ifadəsində göstərib ki, noyabrın 27-si saat 21 radələrində qonşusu Rəhman Əzimovla kafedə yeyib-içərkən Məhəmməd Əliyev içəri daxil olub və onlarla salamlaşaraq, yan masada oturub bir qədər pivə sifariş verib.
Təxminən 2 saatdan sonra masadan qalxmağa hazırlaşanda, Məhəmməd onları çölə çıxararaq, yaxınlıqda fəaliyyət göstərən marketə getməyi təklif edib. Mağazaya çatanda, Məhəmməd alış-veriş üçün içəri daxil olub. Bu zaman oradan keçən Nurulla adlı tanışı yaxınlaşıb, salamlaşıb və onunla söhbət etməyə başlayıb. Marketdən çıxan Məhəmməd, Rəhmanla onlardan 7-8 metr aralıda, üz-üzə dayanıb. Bir neçə dəqiqədən sonra Məhəmmədin yerdə huşsuz uzandığını görüb, dərhal ora yaxınlaşıb. Onu yoldan kənara çəkib. Əvvəl elə zənn edib ki, spirtli içki qəbul etdiyinə görə, onun halı pisləşib və buna görə yerə yıxılıb. Şahid, Rəhmanın Məhəmmədi vurduğu anı görmədiyini bildirib.
Şahid Mətanət Əlixanova bildirib ki, Zabrat qəsəbəsində işlətdiyi kafedə, yeyib-içən müştərilərin arasında hər hansı mübahisə olmayıb. Məhəmməd Əliyev Rövşən Nəzərəliyevə çölə çıxmasını təklif edəndə, Rəhman Əzimov da arxalarınca gedib. 2 gündən sonra qonşulardan Rəhmanın Məhəmmədi döydüyünü və sonuncunun xəstəxanada koma vəziyyətindən çıxa bilməyərək, öldüyünü eşidib. Kafedə olduğu müddət ərzində Məhəmməd Əliyev heç kimlə kobud danışmayıb.
Məhkəmə iclasında Rəhman Əzimov ittiham üzrə özünü qismən təqsirli bilərək, ona yüngül cəza təyin edilməsini xahiş edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini istəyib.
Məhkəmə nəticəyə gəlib ki, Rəhman Əzimovun CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var. Əzimov cinayətin törədilməsində təqsirlidir və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Əzimov cəzasını ümumi rejimli CÇM-də çəkməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.