Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Aytac Əliyeva və bacısı İlknur Əliyevaya hökm oxunub.
Hökmə əsasən, Aytac Əliyeva 7 il azadlıqdan məhrum edilib. Bacısı İlknur Əliyeva isə zaldan həbs olunaraq, ona 6 il müddətində cəza verilib.
İttihama görə, Aytac Əliyeva və bacısı tamah niyyəti ilə etibardan sui-istifadə etmə eləcə də aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçiriblər.
İttiham olunan bacılar özlərini geniş əlaqələrə sahib olan qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim ediblər.
Təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəlilərə baha qiymətə satacaqları barədə zərərçəkmişlərə vəd veriblər.
Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş qismində tanınıb.
Onlar zərərçkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vurublar.
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, ötən iclasda A.Əliyevanın bacısına əsəbi halda dediyi sözlərdən aydın olub ki, bacısı ev dustaqlığına buraxıldıqdan sonra onunla soyuq davranır, onu görmək üçün cəzaçəkmə müəsisəsinə gəlmir:
“Mənim hörmətimə Kürdəxanıda qızıl balıq yeyirdin. Hamısı mənə görə idi! 7 ay içəridə qaldın, özün hər şeyi gördün. Bütün işlərdə sən də mənimlə olmusan, ağlını başına qoy! Meymunun boğazına su dolanda balasını ayağının altında qoyur. Məni o həddə çatdırma!”.
İ.Turkut gülümsəyərək bacısını sakitləşdirməyə çalışıb, cümə günü cəzaçəkmə müəsisəsinə gedəcəyinə söz verib.