Cəmil Məmmədli
07 sentyabr 2023 16:17 (UTC +04:00)

Cəmil Məmmədli

Jurnalist Cəmil Məmmədli Ramil Usubovun oğlunun adından necə istifadə edib? - MƏHKƏMƏ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluq və hədə qorxu ilə tələb etməkdə təqsirləndirilən jurnalist Cəmil Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Lent.az-ın verdiyi xəbərə görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Daha sonra zərərçəkmiş Fuad Həbibov ifadə verib. O bildirib ki, Cəmil Məmmədlini 2017-ci ildə tanıyıb: "Anam Nəcimə Babayevanın qətli ilə bağlı 7 il ildir ki, iş açılmırdı. Məsələni ictimailəşdirmək istəyirdik.

Cəmil Məmmədli ilə tanış olduq. Mənə dedi ki, ananın ölüm işində məmurların əli var, bu barədə məlumatları paylaşacaq. Həmin vaxt bu adla ayrı-ayrı vaxtlarda bacım Gülnarə Həbibovadan 6500 manat aldı. Sonra bu pulun müqabilində heç bir iş görmədiyini bilib ondan ayrıldıq. Bir il sonra Cəmil Məmmədli mənə zəng vurub dedi ki, Nəcimə Babayevanın qətli ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətində xüsusi qrupa yaradılıb, işi araşdırmağa gəlirlər. Bizimlə yenidən görüşdü, mənə səs atdı və dedi ki bu DTX-nın polkovnikidir. Bir dəfə də mənə zəng vurdu dedi ki, guya Nabranda sabiq nazir Ramil Usubovun oğlu ilə çay içirəm, mənə məlumatlar at. Bu adla da məndən ayrı-ayrılıqda 3500 manat aldı".

Fuad Həbibov əlavə edib ki, C. Məmmədli özü onlardan pul tələb etməyib. “Bizdən pul tələb etməyib. Özümüz vermişik”, - deyə o bildirib.

Cəmil Məmmədlinin vəkili Fariz Namazlı zərərçəkəndən pulun verilməsi ilə bağlı hər hansı sübutun olub-olmadığını soruşub. 

Fuad Həbibov sübutunun olmadığını deyib.

Müdafiəçilərin suallarını cavablandıran zərərçəkmiş qeyd edib ki, pulları Cəmil Məmmədliyə verərkən onun səsini yazmayıb.

Proses oktyabrın 5-də davam edəcək.

Xatırladaq ki, Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3993
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar