Masallıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 1 ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkar edilərək götürülüb.
Faktlarla bağlı Masallı rayon Polis Şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Həmçinin Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Şüvəlan qəsəbəsində yaşayan narkotik maddələrin satışı ilə məşğul olan İntiqam Şeydayev, Araz Rzayev, qardaşı Ceyhun Rzayev və Rəşad Bağırov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslərin üzərinə və yaşadığı evlərə baxış zamanı 4 kiloqrama yaxın heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birində yaşayan narkotacirlərdən onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq hərəkətləri davam etdirilir.