Bu yaxınlarda rayonların birində 15 yaşlı qızın bir qrup oğlanla cinsi əlaqədə olması və təqsirləndirilənlərə daha az, 6 ay və ya 1 il cəza verilməsi vətəndaş cəmiyyətinin, medianın müzakirəsinə, sosial media istifadəçilərinin narazılığına səbəb oldu.
Xəbərdə “təcavüz”, “bakirəlik” anlayışları olanda bu kimi nəsnələr haqlı olaraq insanların qıcığına səbəb olur, cinayət törətməkdə təqsirləndirilənlərin daha ciddi cəza almasının zəruriliyi əsaslandırılır.
Mən lüzumsuz olaraq artıq cəza verilməsinin əleyhinəyəm. Amma cəza cinayətə adekvat olmayanda belə halları stimullaşdırır. Çünki cəza şəxsin islahı ilə yanaşı, sosial ədaləti bərpa etməli, cəmiyyətin digər üzvlərini eyni məzmunlu cinayət törətməkdən çəkindirməlidir.
Azərbaycan Milli Məclisi "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurasının Konvensiyasını (Lanzarotta Konvensiyası) 22 oktyabr 2019-cu ildə ratifikasiya edib.
Məsələ ondadır ki, konvensiyanı təkcə ratifikasiya etmək yox, onu işlək vəziyyətə gətirmək vacibdir...
Bəs nəyə görə bəzən ”təcavüz” kimi tirajlanan hadisələrdə 1 il kimi azadlıqdan məhrum etmə cəzası verilir?
Burda Cinayət Məcəlləsində diqqət yetirməli olduğumuz iki maddə var: Cinayət Məcəlləsinin 149-cu maddəsi (zorlama) və Cinayət Məcəlləsinin 152-ci maddəsi ( yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olma).
Zorlama - Cinayət Məcəlləsinin 149-cu maddəsi ilə sanksiyalaşdırılıb.
Zərərçəkmiş şəxsə və ya başqa şəxsə qarşı zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə, həmçinin zərərçəkmişin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaq zorlama hesab edilir.
Zorlama cinayətində həmişə zərərçəkmiş qadın olur. Çünki təbii cinsi əlaqə yalnız müxtəlif cinslərdən olan şəxslər arasında mümkündür. Qeyd edim ki, zorlama cinayəti cinsi əlaqə aktı başlayan anda başa çatmış hesab edilir.
Zorla cinsi əlaqədə olmaqla bağlı şikayətçi kişi olanda bu əməl zorlama kimi qiymətləndirilmir.
Bəzən sosial mediada və ya cəmiyyət arası müzakirələrdə qadını evlənəcəyi vədi ilə aldadıb cinsi əlaqədə olmaq zorlama kimi qələmə verilir ki, bu, kökündən yanlışdır. Çünki qadınla onun razılığı ilə cinsi əlaqədə olma zorlama deyil.
Bəzən mental dəyərlər və “ailə adının qorunması” əsaslandırması ilə cinayətin subyekti zorlanma qurbanı ilə evlənəcəyi təqdirdə onun məsuliyyətdən yaxa qurtarmasına çalışılır. Bu kimi hallar istintaqa bəlli olmadan çox vaxt “el arasında” həll edilir də. Əlbəttə ki, bu cür “ailə”nin uzunmüddətli olmadığını, qadının da, kişinin də birlikdə olduqları müddətdə psixoloji diskomfort yaşadığını hamımızı bilirik. Bu, sadəcə cinayətdən yayınmaq üçün vaxt udmaq gedişidir. Çünki cinayətin mahiyyəti qadının evlənib-evlənməməyi deyil, cinayətin obyekti qadının cinsi azadlığı, yetkinlik yaşına çatmayan və az yaşlıların isə cinsi toxunulmazlığıdır.
Zorlama zamanı qadının bakirəliyini itirib-itirməməsinin əməlin tövsifində əhəmiyyəti yoxdur.
Digər xüsusat isə “Yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə olma” isə Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Bu maddəyə görə, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ona qarşı seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada zərərçəkən həm qadın, həm də kişi ola bilər.
16 yaşdan kiçik şəxs qeyri-rəsmi evlənsə də belə, onunla cinsi əlaqə cinayətdir.
Cinayət Məcəlləsinin 152.1-ci maddəsi üzrə məsuliyyətin yaranması üçün təqsirkarın 16 yaşının tamam olması əsas şərtdir, zərərçəkmiş şəxslə aralarında isə 2 il yaş fərq olmalıdır.
Bu cinayətin xüsusiyyətlərindən biri də təqsirkarın zərərçəkmişin 16 yaşının tamam olmamasını bilməsidir.
Bu cinayət 16 yaşına çatmayan şəxslə cinsi əlaqəni və ona qarşı seksual hərəkətləri ehtiva edir ki, bu əməllər könüllü surətdə olmalıdır.
Cinayət işi üzrə 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulduğu halda 1 il cəza verilməsi sanksiyanın 1/3 hissəsinə bərabər tutulur ki, buda kifayət qədər humanist cəzadır. Cəzanın verilməsi hüquqa və qanuna əsaslanmalıdır. Hakimin belə “humanist” cəzası cəmiyyətdə birmənalı qarşılanmır. Amma burada da sual doğuran əsas budur: İstintaq niyə Cinayət Məcəlləsinin 149-cu yox, 152.1-ci maddəsi ilə aparılıb?!
Amma cəmiyyət hər cinsi əlaqədə olma faktını zorlama kimi alqılamamalıdır, çünki qanunvericiliyimiz yuxarıda dediyimiz kimi bunları fərqləndirir.
Cinayət işinin zərərçəkmişi yetkinlik yaşına çatmayan şəxs olduğuna görə iş yuvenial ədliyyə ilə bağlı ölkəmizin ratifikasiya etdiyi konvensiyalara əsasən, Cinayət Məcəlləsinin bu kimi hallarla bağlı fəslinə uyğun həyata keçirilməlidir.
Cinayət işi üzrə məhkəmə-tibb, məhkəmə-psixoloji, bu durumda eyni zamanda məhkəmə-psixiatrik ekspertizalarını keçirilməsi zəruridir.
Bundan başqa məhkəmə-trasaloji, məhkəmə-lifli, fiziki-kimyəvi, digər hallara bağlı bioloji, eyniləşdirmə və s. kimi ekspertizaların keçirilməsini təmin etməli idi.
Əməliyyat aparatı formal işlər əvəzinə ciddi əməliyyat tapşırığını həyata keçirə, hadisə baş verən günü və onun başlama formasını izləyə, hadisənin zorlama olub-olmamasına görə versiya irəli sürə bilərdi.
Ümumən cəmiyyətin belə hadisələri gizlətməyə meylli olması, tərəflərin barışdıqdan sonra şikayət etməməsi seksual xarakterli cinayətlərin istintaqını çətinləşdirən amillərdəndi.
Bu işlərlə bağlı istintaqda xeyli ziddiyyətlər olsa da, Ali Məhkəmənin tövsiyəsi yoxdu. Bizim məhkəmələrdə hələ də SSRİ Ali Məhkəməsinin Plenumunun 25 mart 1964-cü il tarixli “Zorlama işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına istinad edilir.
Burda digər məsuliyyət isə təhsil sisteminin üzərinə düşür, əlbəttə daha çox mənəvi məsuliyyət. Şagirdlərlə məktəbdə işin düzgün qurulmaması, qızda hamiləlik baş verdikdən sonra valideynlərin bu məsələdən xəbərdar olması məktəblərdə işini düzgün qurulmadığını göstərir. Bunu dəfələrlə yazmışıq, məktəblərdə psixoloq ştatları doğru təyinatla çalışmır, bura daha çox qeyri-ixtisas sahibləri işə götürülür. İbtidai təhsildən etibarən psixoloq yardımı alınmasına təşviq edilməli və buna real şərait yaradılmalıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra və hüquq-mühafizə orqanları bu halları müəyyən etməkdə çox aciz durumdadırlar. Eyni zamanda biz hüquq-mühafizə orqanlarının Qeyri-Hökumət Təşkilatları ilə birlikdə maarifləndirmə fəaliyyətini də görmürük…
Norma Hüquq Mərkəzinin rəhbəri
Şamil Paşayev