Əvəz Zeynallının məhkəməsində növbəti QALMAQAL
22 sentyabr 2023 16:11 (UTC +04:00)

Əvəz Zeynallının məhkəməsində növbəti QALMAQAL

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, prosesdə ifadə verən şahid Sabunçu rayon bələdiyyə sədri  bildirib ki, Ruslan Vəliyev ərazidə tikinti aparmaq üçün ona müraciət edib:

“Mən başa saldım ki, bura SOCAR-ın ərazisidir. Tikinti üçün onlardan icazə almaq lazımdır. Vergi ödəyiciləri onlardır. Amma nə Əvəz Zeynallını, nə də Elnur Şükürovu tanımıram”.

Hakim şahidlərdən Orxan Dadaşov və Telman Vəliyev məhkəməyə çağırılsa da, gəlmədiklərini elan edib. 

Təqsirləndirilən şəxs Əvəz Zeynallı isə bildirib ki, həmin şəxslərin cinayət işinə heç bir aidiyyəti yoxdur:

“Şahidlərin heç birinin mənim həbsimə aidiyyəti yoxdur. İşə dəxili olan tək adam Elçin Sadıqovdur, onu çağırın məsələni də həll edin. Aidiyyəti olmayan adamları şahid çağırırsınız. Hər prosesdə bir şahid dindirməklə məhkəmə işi hara gedir?. Sizin fikriniz nədir? Belə getsə, 2025- ci ilə qədər burda qalaq? Bu nə biabırçılıqdır?"

Hakim məhkəməyə gəlməyən şəxslərin yenidən çağırılmasını istəyib. Əks-təqdirdə ifadələri elan olunmalıdır.

Daha sonra prosesdə şahid “Yaşıl Mənzərə” MMC-nin icraçı direktoru Əjdər Hüseynov ifadə verib:

"Hövsan qəsəbəsində fəaliyyət göstərirdik. MMC-ni sahibi ayrı adamdı. Oranı satmaq istəyirdik. Salman adlı maklerlə razılaşdıq, başladıq sənədləşməyə. Sənədləşmə prosesində Salman dedi ki, torpağı almaq istəyən Fərid adlı şəxs çıxarış istəyib. Buna görə də 120 min manat lazımdı. Bir müddət sonra Salman məni çağırıb dedi ki, Elnur Şükürov adlı şəxslə danışıb, prosesi 50 min manata həll edir. Mən heç birini də tanımıram". 

Əvəz Zeynallı məhkəmə prosesinə etiraz edib. O, hakimə “Siz prokurordan betər olmusuzun” ifadəsini işlədib.

Hakimin xəbərdarlığına məhəl qoyulmayıb. Nəticədə hakim prosesi təxirə salıb.

Proses sentyabrın 29-da davam etdiriləcək. 

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3519
avatar

Fidan İlqar

Oxşar yazılar