Ərini öldürməkdə ittiham edilən qadın: “Uşaq olan evə siçan zəhəri gətirmərəm”
13 dekabr 2023 16:56 (UTC +04:00)

Ərini öldürməkdə ittiham edilən qadın: “Uşaq olan evə siçan zəhəri gətirmərəm”

Ərini sifarişlə öldürtdürməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Əli Seyidlinin anası Pəricahan Seyidova ifadə verib.

Onun sözlərinə görə, hadisə gününə qədər gəlini ilə oğlu arasında heç bir dava olmayıb:

“Oğlum Əli zəng edib dedi ki, hazırlaşın gəlirəm sizi götürüm, şəhərə gedək. Əzizəyə deyəndə o, getmək istəmədi. Dedi ki, uşaq yatmalıdı. Mən Əliyə bir də zəng edib dedim ki, uşaq yatmalıdı maşından düş gəl. Elə bu an qışqırıq səsi eşitdim.

Çölə çıxanda oğlum Əlini həyətdə qanlar içində gördüm. Qucaqladım, kimin etdiyini soruşanda Əli görmədiyini dedi. Elə bir az sonra da qucağımda öldü”.

Qadının bildirib ki, Əzizə onlarsız heç vaxt çölə çıxa bilməzdi:

“Oğlumla gəlinim arasında heç vaxt dava olmayıb. Bir-birilərini çox sevirdilər. Problemlərini görməmişəm. Əzizə bizim canımızdı, onu çox istəyirdik”.

İfadədən sonra Əzizə Seyidovanın vəkili sual ünvanlayıb:

- Əzizə hadisə günü harda olub?

- Evdə.

- Əzizənin həmin gün telefonu işləyirdi? Harasa gedib-gəlirdi?

- Əzizə biz olmadan heç vaxt çölə çıxa bilməzdi. Əri heç vaxt onu döyməyib. Həmin gün Əzizənin “whatsapp”ı işləmirdi. Əli ilə mənim telefonumla danışırdı.

Prokuror istintaqdakı ifadə ilə məhkəmədəki ifadənin aralarında ziddiyyətlərin olduğunu bildirib. Buna görə istintaqdakı ifadənin elan edilməsini istəyib.

Hakim Əzizə Seyidovanın qaynanası, qətl edilən Əli Seyidlinin anası Pəricahan Seyidovanın istintaqdakı ifadəsini elan edib.

İfadədən çıxan ziddiyyətlər barədə Əzizə Seyidovanın vəkili siçan dərmanını soruşub.

Mərhumun anası bildirib ki, hadisədən qabaq oğlumun paltarları arasında siçan dərmanı tapmışdım:

“Oğlum hamamda idi paltar istədi. Gedib götürəndə siçan dərmanını orda tapdım. Heç ağlımdan belə bir hadisənin olacağını, Əzizənin ərini öldürmək istədiyini keçirməzdim”.

Əzizə Seyidova replika verərək “Mən körpə uşaq olan evə necə siçan dərmanı gətirərəm. O dərmanın necə və haradan gəldiyindən xəbərsizəm” deyib.

Daha sonra, hadisənin digər şahidi, qətlə yetirilən şəxsin qardaşı Ayaz Seyidov ifadə verib:

“Qardaşım Əli Əzizəgili restorana aparacaqdı. Mən də evdə idim. Küçədən səs-küy gəlirdi. Qışqırır səsi gəldi ki, məni vurdular. Qardaşım Əli qapını açıb girdi həyətə. Üstü-başı qan içində idi. Dedi ki, 3 nəfər məni vurdu. Heç kim yox idi. Əzizə tutulandan sonra anam mənə siçan zəhəri ilə bağlı məlumat verdi”.

Bildirək ki, təqsirləndirilən Əzizə Seyidova hadisə üzrə özünü təqsirli bilmir.

Digər təqsirləndirilən Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli hesab edir.

Məhkəmənin növbəti iclası fevralın 14-ə təyin edilib.

İttihama görə, hadisə bu il martın 16-da Sabunçu rayonunda baş verib. Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5526
avatar

Fidan İlqar

Oxşar yazılar