Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Bakıda qəsdən adam öldürmədə təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.
Şahid Yusif Hüseynzadə hadisə günü Rasimin əmisinin üstünə gəldiyini bildirib: "Rasim əmimin üstünə cumanda onu bıçaq dəydi. Rasim Məhəmmədə deyirdi ki, get atandan pul istə. O Rasimin evində haradasa bir ilə yaxın yaşadı.Əmim çox qalşırdı ki, onu qaytarsın, hər dəfə gedəndə Məhəmməd özünə əl qatıb kəsib- doğrayırdı. Rasim Məhəmmədə deyirdi ki, səni oğru aləminin ən adlı adamı olacaqsan.14 yaşlı uşağa içki içirirdi".
Təqsirləndirilən Emil Hüseynovun vəkili vəsatət verərək, təqsirləndirilən şəxsin Qarabağ müharibəsinin iştirakçısı olduğu, müharibədən sonra psixoloji müalicə aldığını, şizofreniyadan əziyyət çəkdiyini bildirərək, ona kompleks stasionar ekspertiza təyin olunmasını istəyib.
Müşavirədən sonra məhkəmə vəsatəti qismən təmin edərək, E. Hüseynovun kompleks stasionar ekspertiza təyin olunması barədə qərar verib. Növbəti məhkəmə 10 fevral 15:30-a təyin olunub.
Xatırladaq ki, Suraxanı rayon Prokurorluğunun məlumata görə, 2025-ci il avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.İlkin araşdırmalarla 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.