Elçin Sadıqov Əvəz Zeynallının məhkəməsində nələr dedi?
08 dekabr 2023 16:04 (UTC +04:00)

Elçin Sadıqov Əvəz Zeynallının məhkəməsində nələr dedi?

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və "Səda TV" youtube kanalının rəhbəri Elnur Şükürovun məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Aqil Layıc və Rəşad Əliyev məhkəməyə birgə vəsatət təqdim edib.

Vəsatətdə bildirilib:

“Elçin Sadıqovnan Əvəz Zeynallı eyni mövqedədilər. İşin ayrılıb-ayrılmaması mahiyyətə təsir etmir. Elçin Sadıqov təqsirləndirilən şəxs olduğu üçün o, məhkəmə zalında ifadə verməsin. Bundan əlavə, Elçin Sadıqovun istintaqdakı ifadəsinin sübutlar siyahısından çıxarılmasını müşavirə otağında qiymət verilməsini istəyirik.

 

Elçin Sadıqov ifadə verərsə, şahid kimi and içəcək. Amma o, təqsirləndirilən şəxs olduğu üçün özünü müdafiə məqsədli yalan danışa bilər”.

Münasibət bildirən prokuror vəsatətin təmin edilməməsini istəyib.

Məhkəmə yerində müşavirə keçirərək bildirib:

“Epizodların əksəriyyəti Elçin Sadıqovla bağlı olduğu üçün onun məhkəmə zalında ifadə verməsi məcburidir”.

Şahid Elçin Sadıqov məhkəmə zalına dəvət edilib. Onun anket məlumatları dəqiqləşdirilib.

Elçin Sadıqov bildirib:

“Mən ibtidai istintaq materialında verdiyim ifadəmi təsdiq edirəm. Bura gəlmək istəmirdim. Amma görürəm ki, gəlməməyimdən qarşı tərəf sui-istifadə edib. İstintaqdakı ifadəmi təsdiq edirəm. Əlavə hansısa sözüm yoxdur. İltizama da imza atmıram. Çünki təqsirləndirilən şəxs qismindəyəm”.

Rəşad Əliyev Elçin Sadıqovun şahidlər siyahısından çıxarılmasını və ifadənin dayandırılmasını istəyib.

Hakim bunun hazırki məqamda baş tuta bilməyəcəyini deyib.

Elçin Sadıqov barəsində aparılan cinayət işinə görə, bu prosesdə şahid qismində çıxış etməkdən imtina edib.

Prokuror şahidin ifadə verməkdən imtina etdiyi təqdirdə məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.

Hakim son dəfə şahid qismində göstərilən Elçin Sadıqova ifadə verməsi ilə bağlı sual verib. O, ifadə vermək istəmədiyini və istintaqdakı ifadəsini təsdiqlədiyini bildirib.

Elçin Sadıqovun istintaqdakı ifadəsi elan edilib.

Daha sonra, hazırda həbsdə olan “Baku Steell Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun yoldaşı Mehriban Məmmədovanın və Rasim Məmmədovun sürücüsü Səxavət Hümbətovun istintaqdakı ifadəsi elan edilib.

Elan olunduqdan sonra, Əvəz Zeynallı vəsatət qaldıraraq Elnur Şükürovun ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmə müşavirə keçirdikdən sonra Elnur Şükürov barəsində qərar verilmənin hazırda prosesə uyğun olmadığını bildirib. Nəticədə vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası dekabrın 22-nə təxirə salınıb.

Qeyd edək ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4449
avatar

Fidan İlqar

Oxşar yazılar