Bakıda oğluna görə  qətl törədən atanın MƏHKƏMƏSİ: "Namaz adı ilə  uşağı apardı"
30 dekabr 2025 17:38 (UTC +04:00)

Bakıda oğluna görə qətl törədən atanın MƏHKƏMƏSİ: "Namaz adı ilə uşağı apardı"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Emil Hüseynov özünü qismən təqsirli bildiyini deyib. Daha sonra məhkəmə E. Hüseynova ifadə verməyi təklif edib.

Təqsirləndirilən Emil Hüseynov oğluna görə qətli törətdiyini bildirib:

"Rasimi 2023-cü ildən tanıyırdım, məhləmizdə yaşayırdı. Haradan gəlib, kimdir - haqqında heç nə bilmirdik. Oğlum bir gün gəldi ki, belə bir adam var, insanlara yaxşılıq edir. Əvvəl Rasimlə normal münasibətimiz var idi. Sonra onda qəribə hallar, davranışlar müşahidə etməyə başladım. Üz-gözü daim yara içində olurdu, qəribə döymələr etdirirdi. Sonradan öyrəndim ki, o, oğurluq üstündə dəfələrlə məhkum olub, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkib. Onunla danışanda əvvəlki əməllərindən peşman olduğunu, namaza başladığını dedi mənə. Məhəllədə Rasimlə bağlı getdikcə söz-söhbət artırdı. 14 yaşlı oğlum Məhəmmədin də davranışları dəyişməyə başlamışdı, evdə tapılmır, çox gec evə gəlib çıxırdı. Bir dəfə gəlib elan elədi ki, artıq Rasimlə qalacaq. Artıq il yarıma yaxın idi ki, Məhəmmədi harada itirirdimsə, Rasimin evində tapırdım, demək olar ki, onun evində yaşayırdı. O, uşağımı namaz öyrətmək adı ilə apardı. Məhəmməd bir dəfə gəldi evə pul istədi anasından. İstədiyi məbləği verə bilmədik, başladı özünü ora-bura vurub döyməyə, yaralamağa. Qorxumdan pensiya kartımı ona verdim ki, gedib istədiyi məbləği götürsün. Bir dəfə də Rasimlə gəlib pul istəməyə başladı.

Uşaq onun təsiri nəticəsində tamam dəyişmişdi. İnternetdə özü yaşda uşaqlar və Rasimin də olduğu bir məclisdən video paylaşmışdı. Oturub "vorovskoy" mahnılar oxuyurdular, qəlyan, siqaret çəkirdilər. Artıq dözümüm tükənmişdi. Axşamüstü Hövsandakı bağ massivində yerləşən evimin arxa tərəfində onu söhbətə çağırdım. Həmin gün bıçağım da üstümdə idi. Gördüm ki, Rasim oğlum Məhəmmədlə gəldi. Çatan kimi ülgüc çıxardıb üstümə cumdu. Bunu görəndə qorxumdan tez cibimdəki bıçağı çıxarıb onu qarın nahiyəsindən vurdum. Qışqırığa, hay-küyə qonşular çölə çıxdı. Həkimi özüm çağırdım. Uşağıma görə məcbur qalıb bu əməli etmişəm. Oğlum onunla tanışlıqdan sonra tanınmaz olmuşdu: qəlyan və pis vərdişlərə qurşanmışdı".

Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Alıyeva Kəmalə "Bu adamın psixi problemləri var. Hətta buna görə Maştağada da yatıb. Mənim şikayətim yoxdur. Allahın bədbəxtidir, qoy gedib müalicə olunsun" deyib. 

Şahid Hüseynov Elçin hadisədən bir gün qabaq anasının zəng edib onu çağırdığını bildirib:

"Dedi ay bala, evdə qırğın qiyamətdir, tez özünü çatdır. Getdim bağa, yolda oğlum 102-yə zəng elədi. Bir də gördüm 30-cu bölmədən zəng gəldi. Gedib gördüm qardaşımın qolu şişib gömyöy olub, yoldaşımın da paltarları cırıq - cırıq idi. Axşamtərəfi saat 6-7 arası çatdım. Rasimin əlində ülgüc oğlumun üstünə cumduğunu gördüm. Bir də gördüm Rasim başladı özünü kəsməyə. Bağ qonşum da yanımızda idi, çöndü ona ki, ağsaqqal, istəyirsən səni də kəsim? Qardaşım məcbur qaldı bu işi etməyə".

Şahid Hüseynova Məşədixanım hadisə günü bağda olduğunu dedi:

"Emil dərman içib yatmışdı. Gördüm qapı daşla döyülür. Açdım ki, Rasimdir. Məni necə itələdisə, qabırğalarım çartladı. Rasim gətirib əlindəki oyuncaq kuklanı mənə uzadaraq, al bu kuklanı, uşağının (Məhəmmədi nəzərdə tutur) əvəzinə bunu sənə verirəm dedi.

Şahid Hüseynova Ağgül "Məhəmməd daim gəlib evdən pul istəyirdi, verməyəndə də özünü kəsib doğrayırdı, atasına təpik atırdı" - deyib.

Məhkəmə növbəti şahid ifadələrinin dinlənilməsi üçün prosesi  14 yanvar saat 14:45- ə təyin edib.

Xatırladaq ki, Suraxanı rayon Prokurorluğunun məlumata görə, 2025-ci il avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar