Dələduzluqla bağlı araşdırmaya görə özünü ölmüş kimi təqdim edən MTK direktoru Rafət Qəniyevlə bağlı bəzi təfərrüatlar məlum olub.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Rafət Qəniyevin avtomobilinin çox qısa müddətdə yanaraq kül olması istintaq aparan qurum tərəfindən şübhəli hal kimi qeydə alınıb. Bundan sonra avtomobildə aşkar olunan sümüklər tibbi ekspertizaya göndərilib. Ekspertiza gedən müddətdə Rafet Qəniyevin bütün yaxınları onu öldüyünü düşünüb, ona yas saxlayıblar.
Məhkəmə tibbi-ekspertizanın rəyindən sonra isə sümüklərin Rafət Qəniyevə aid olmadığı, mənşəyi bilinmədiyi ortaya çıxıb.
Bundan sonra əməliyyat-istintaq qrupu araşdırmalara başlayıb.
Üstündən 1 il keçdikdən sonra Rafət Qəniyev Bakının Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alıb. Bu zaman o hüquq-mühafizə orqanlarının peşəkar əməliyyat tədbirlərin nəticəsində saxlanılaraq istintaqa cəlb olunub.
***
10:50
Azərbaycanda MTK rəhbəri hüquq-mühafizə orqanları aldadıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar əməliyyat və istintaq tədbirləri keçirilib.
Məlum olub ki, R.Qəniyev direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparılıb.
R.Qəniyev isə bu araşdırmalardan xilas olmaq üçün avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırıb və özünü ölmüş kimi qələmə verib.
R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.