Antalyada başından silahla vurulan 24 yaşlı həyat yoldaşı Helin Kutlayı xəstəxanaya aparan və onun öz həyatına son vermək istədiyini deyən İsmail K. məhkəməyə çıxarılaraq “qəsdən adam öldürmə” ittihamı ilə həbs edilib və cəzaçəkmə müəssisəsinə göndərilib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Kepez rayonunun Sütçülər məhəlləsi, Sütçülər prospektində 3 ay əvvəl ailə quran Helin Kutlay (24) həyat yoldaşı İsmail K. ilə birlikdə atasının evinə qonaq getdikdən sonra öz evlərinə qayıdanda aralarında mübahisə düşüb.
Gənc cütlüyün dava səslərini eşidən və vəziyyəti yoxlamaq üçün qapıya gələn qonşular mənzilin içindən bir dəfə silah səsi eşidib. Daha sonra qapını açan İsmail K. həyat yoldaşının özünü öldürmək istədiyini deyərək qucağında olan Helin Kutlayı öz imkanları ilə Kepez Dövlət Xəstəxanasına aparıb.
Gənc qadın həkimlərin bütün müdaxilələrinə baxmayaraq, həyatını itirib.
Hadisədən sonra İsmail K. Antalya İl Polis İdarəsinin İctimai Asayiş Şöbəsinin Qətl Bürosu əməkdaşları tərəfindən saxlanılaraq ifadə üçün polis idarəsinə aparılıb.
Araşdırmalardan sonra məhkəməyə göndərilən İsmail K. prokurorluqda verdiyi ifadədən sonra məhkəmə tərəfindən “qəsdən adam öldürmə” ittihamı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.