Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...
Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...
26-cı yazı
Ağır itki
Şirin Mirzəyevin ölümündən sonra batalyonda əsgərlər arasında ruh düşkünlüyü yaşandı. O cümlədən məndə. Elə bilirdim ki, daha Qarabağı müdafiə edə bilməyəcəyik , sanki inancımızı, güvəncimizi, dayağımızı itirmişdik. Bir çoxları kimi mən hələ də buna inanmırdım. Kəşfiyyat dəstəsinin yerləşdiyi binadakı otağımda tez-tez məni qara basırdı. Gecə çarpayıda uzanıb gözümü yuman kimi qapı açılırdı, səsə ayılırdım ki, Şirin Mirzəyev içəri daxil olur. Tez durub uşaqları çağırmaq istəyirdim ki “ay uşaqlar, komandir ölməyib!” Amma bir də görürdüm ki, o, qeybə çəkildi, bunlar hamısı qarabasmadır.
Hidayəti də itirdik...
Minaatanlar dəstəsinin komandiri Hidayət İbrahimov dəstənin yerləşdiyi binada otaqların birinin divarından böyük bir Azərbaycan bayrağı asdırmışdı. Bayrağın üstündə də Məmməd Əmin bəyin iri bir portreti var idi. Ora dəstədən şəhid olan əsgərlərin fotolarını vururdular. Hər dəfə şəhid şəkli asılandan sonra Hidayət deyirdi ki, müharibədir, uzun müddət yas saxlamağa vaxtımız yoxdur. Bu hadisə hər birimizi gözləyir. Sabah mən də şəhid ola bilərəm. O zaman mənə də beləcə qısa müddətə yas saxlayarsınız. Həmişə bunu deyib, uşaqları “yasdan çıxarırdı”.
Şirin Mirzəyevin yeddisi günü minaatanlar dəstəsinin komandiri, qəhrəman döyüşçümüz Hidayət İbrahimovu avtoqəzada faciəli şəkildə itirdik. Çılğın, olduqca humanist, amma bir o qədər də davakar bir gənc, komandir idi Hidayət. Nədənsə Hidayəti həmişə Azərbaycanın böyük yazıçısı Sabir Əhmədlinin “Yamacda nişanə” əsərindəki Laçına bənzədirəm. Laçınla Hidayətin xarakterində, taleyində bir eynilik var idi. O da Laçın kimi bu dünyadan nakam köçdü...
Hidayət yaralı halda hospitalda olanda elə bilirdik ki, yaşayacaq. Amma yaşaya bilmədi, daha doğrusu, yaşamaq istəmədi... Əfqanıstan müharibəsini odundan, alovundan sağ-salamat çıxan Hidayəti Qarabağda itirdik. Uşaqlar onun şəklini otaqlarında divardan vurdular. Otağındakı çarpayısının üstünə qızılgüllər düzdülər, böyüdülmüş fotosunu balışının üstünə qoydular.
Amma daha bizi heç kəs yasdan çıxara bilmirdi...
Allahverdi Qəmbərov batalyon komandiri oldu
Şirin Mirzəyevin və Natiq Camalovun ölümündən sonra batalyona Allahverdi Qəmbərov komandir təyin olundu. Kolanı dərəsinin mərd, cəsur və mübariz bir oğlu idi Allahverdi. Kolanı dərəsi demişkən, tarixi bir məkan olan bu dərədən Qarabağ müharibəsində xeyli insan şəhid oldu...
Yeri gəlmişkən, Kolanı şəhidlərinin bir qisminin adını çəkib, ruhlarını şad edək: Şiraslan Nəsibov, Əlabbas İsgəndərov (Azərbaycanın Milli Qəhrəmanı), Şəmsəddin İsgəndərov, Elxan Fərzəliyev, Çingiz Mustafayev, Mahir Hüseynov, İlqar Quliyev, Bəylər Zeynalov, Allahverdi Qəmbərov (ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib), Telman Həsənov, Yelmar Ədilov (Azərbaycanın Milli Qəhrəmanı), Fərhad Əsgərov, Qədir Şirinov, Atamoğlan Məmmədov, Akif Əsədov, Bəylər Qəmbərov, Səməndər İsgəndərov, Elşən Edilov, Elçin Hüseynov, Əlcəzair (Qazax) Vəliməmmədov, Telman Babayev, Nadir Əliyev, Məhəmməd Alməmmədov, İdris Hümbətov, Saleh Ələkbərov, Natiq Əhmədov, Səftər Cəfərov, Şahin Məmmədov, Sahib Hüseynov, Yusif Cəfərov, Adil Əliyev, Bəşir Rzayev, Elnur Gülməmmədov, İlqar Həsənov, Hüseyn Muradov və çox güman ki, adını unutduğumuz da neçə-neçə digər şəhidləri var Kolanının. Ruhları bizi bağışlasın!
Allahverdi Qəmbərov Şirin Mirzəyevin ən yaxın silahdaşlarından, sirdaşlarından idi. Heç yadımdan çıxmaz, 1992-ci ilin əvvəllərində ermənilərin qərar tutduğu Fərrux-Daşbaşı mövqeyinə zərbə vurmaq üçün Yeddi Xırman adlanan yüksəkliyə top çıxarılmalı idi. Amma dağın başına sıx meşəliklə bu topu qısa bir vaxtda necə çıxarmaq olar? Şirin Mirzəyev o zaman bu ağır işi həmin ərəfədə qərargah rəisi olan Allahverdi Qəmbərova 10 gün müddətinə görməyi tapşırdı. Allahverdi Qəmbərov da bu işi Cinli rotasının komandiri Rasim Nəsibovun vaxtında və daha keyfiyyətlə yerinə yetirə biləcəyini dedi. Onlar düz yeddi günə topu Yeddi Xırmana çıxardılar. Yağışlı, qarlı havada traktorlarla dağın başına necə yol çəkildiyini döyüşçülər Rasim Nəsibov, Elman müəllim, Alış müəllim daha yaxşı bilirdilər. Hər üçü orta məktəbdə dərs dedikləri üçün bütün əsgərlər onlara müəllim deyirdi. Müəllim dediyimiz bir döyüşçü dostumuz da var idi - Mehralı müəllim. Müharibədən sağ çıxsa da, torpaqlarımızın işğalından sonra çox yaşaya bilmədi Mehralı müəllim. Ürəyi tap gətirmədi bu itkiyə...
Allahverdi Qəmbərov haqqında gələn yazılarımızda daha ətraflı məlumat verəcəyik.
Fəhlə-kəndçi balaları ilə yanaşı direktor oğlu da döyüşürdü...
Bizim kəndimizin fəhlə, qulluqçu, müəllim və kasıb balaları ilə yanaşı, uzun illər sovxoz direktoru işləyən Arif Abdullayevin oğlu Sakit Abdullayev Şirin Mirzəyevin yaratdığı batalyonun ilk könüllülərindən idi. Yeri gəlmişkən, Qarabağın ağır seyidlərindən sayılan Seyid Lazım Ağanın nəvəsi Lazım da bizimlə birgə döyüşürdü...
Sakitlə Şirin Mirzəyevin şəxsən özünün keçdiyi ilk təlimdə birgə iştirak etmişik. Sonrakı dövrlərdə isə onunla Ağdamın Abdal kəndinin ermənilər yaşayan Yenicə kəndi tərəfində - dağın başında bir postda olmuşam. Bu uca dağın başında ermənilər bizim posta hücum etdilər. Atəş altında səngərdən çıxıb təbiətin yaratdığı bir qədər daha etibarlı səngər kimi çalada mövqe tutduq. Üzü ermənilərə tərəf vuruşduğumuz zaman qəflətən sağ tərəfdən atılan güllərə qarşımızdakı torpağı, daşları göyə sovurdu. Sakit arxası üstə geri atıldı. Elə bil kimsə Sakiti götürüb zərblə geri atdı. Rəngi ağarmışdı Sakitin. Elə bildim onu vurdular. Sakitə yaxınlaşdım. Əlimlə nəbzini, güllə dəyib-dəymədiyini bilmək üçün sinəsini başını yoxladım. Sağ idi. Bəs nə olmuşdu ona? Özünə gələn Sakitin dodaqları iri lopa bığlarının arasından qaçdı-gülümsədi. Əlini sol tərəfə, ürəyinə sarı aparıb təbəssümlə dedi:
- Vallah, Allah saxladı ha, yoxsa ölmüşdüm, qaqa!
Güllə Sakitin uzanarkən sürüşərək düz ürəyinin üstünə gəlmiş patronqabı (30 güllə tutan 4 daraq yerləşən qalın, balaca çanta) çantasının cod bir yerinə dəyib istiqamətini dəyişərək sol qolunun altını yalayıb keçmişdi.
Sakitin ölümdən qurtulan an gördüyüm siması indi də gözümün qabağındadır.
Canyataq, Gülyataq döyüşü...
İyunun sonları idi. Bizi əməliyyat adı ilə Ağdam rayonunun Qalayçılar kəndinə apardılar. Orada məktəbdə Bakıdan, Şəkidən və Ağdam mədəniyyət evindən gələn musiqiçilər, sənət adamları konsert verirdilər. Elə konsert yenicə başlamışdı ki, ermənilər kəndi ağır artilleriyadan atəşə tutdular. Qarışıqlıq düşdü. Bizim kəşfiyyat dəstəsinin əsgərləri ilə batalyonun əsgərləri toplaşdıq. İndi unutmuşam, digər bir batalyon da bizimlə orada idi. A.Qəmbərov bizə bildirdi ki, Canyataq və Gülyataq kəndlərini ermənilərdən təmizləmək üçün əməliyyat olacaq. Rasim Edilovun komandiri olduğu və digər rotalarla birgə Canyataqla Gülyataq istiqamətinə irəliləməyə başladıq...
Rasimin qardaşı Şəfa Edilov da bizimlə idi, birlikdə irəliləyirdik. Elə də böyük olmayan dağın başında ermənilər mövqe tutmuşdu. Canyataq və Gülyataq o dağların arxasında yerləşirdi. Ermənilərin postuna xeyli yaxınlaşdıq və Şirin Mirzəyevsiz ilk ağır döyüşə başladıq...
(Ardı var)