Yeni il BAZARLIĞI  – Süfrənizi neçəyə qura biləcəksiniz?
19 dekabr 2023 20:15 (UTC +04:00)

Yeni il BAZARLIĞI – Süfrənizi neçəyə qura biləcəksiniz?

Həm həyəcanlı, həm də tələskənli dövrdəyik. Çünki bayram gəlir. 

Sayılı günlər sonra 2023-ü geridə qoyub, 2024-cü ili salamlayacağıq. Bu günlərdə kimisi siyahı yazır, kimisi bişiriləcək xörəkləri sadalayır, bəlkə də bəziləri həmin gecənin hər şeyi hazır halda gəlməsi ilə gözləyir. 

Belə günlərin olmazsa-olmazı bayram süfrələridir. Bayram süfrələrini hazırlamaq üçünsə, necə deyərlər, “yaxşı bazarlıq” etmək vacibdir. Amma hər bayramqabağı süni qiymət artımının olması isə danılmaz faktdır. 

Maraqlıdır, Azərbaycanda orta statistik ailə üçün yeni il süfrəsi neçəyə başa gəlir? 

Lent.az-ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, orta statistik 4 nəfərlik ailəyə yeni il gecəsindəki süfrəni hazırlamaq üçün 150-200 manat lazımdır:

“Xərclər ailədən-ailəyə dəyişir. Elə ailə var, xaricə dincəlməyə gedir, eləsi var, bayramı restoranda qeyd etməyə üstünlük verir, eləsi də var ailə ortamını sevir. Orta statistik Azərbaycan ailəsini götürsək, yeni il masasının hazırlanması, bazarlığın olunması və yeni il şənliyinin keçirilməsi ən azı 150-200 manat civarında vəsait tələb edir. 

Amma ümumi bayram günlərindəki süfrə taamlarından danışırıqsa, bu məbləğ 500 manata qədər yüksələ bilər”.

Bayram süfrəsində standart yeməklər - salat, dolma, plovla bəzəmək istəyənlər bu nemətlər üçün ən azı 100 manat ödəməlidirlər. Əlavə xərclər (meyvə, pomidor, xiyar, şirə, çərəz, tort) üçün isə 50-70 manata qədər xərc çəkmək tələb olunur. Bu rəqəmin üzərinə yolka, bəzək əşyaları əlavə etdikdə isə məbləğ bir az da şişir.

Hələ Yeni il ağaclarının builki qiyməti isə ayrı mövzudur. 

Böyük şənliklərin böyük qiymətləri.

Ərzaq qiymətlərinə nəzər salsaq, evdə bayram qeyd etmək istəyənlər ötən illə müqayisədə bu il daha çox pul xərcləməli olacaqlar. Restoranlardakı əyləncənin qiymətində isə ötən illə müqayisədə demək olar artım yoxdur. Hazırda restoranların əyləncə qiyməti ən azı adambaşına 120-150 manatdan başlayır. Bu məbləğ 400 manata kimi qalxır. 

Bakının tanınmış restoranlarında dekabrın 31-nə nəzərdə tutulan şou proqramların qiyməti əsasən oturacaq yerlərindən asılı olaraq dəyişir. Belə ki, səhnəyə yaxın olanda qiymətlər daha da bahalaşır. Gecənin qiymətləri 100 manatdan 500 manata kimi yüksəlir.

Demək ki, bir ailə bayramı restoranda qarşılamaq istəsə, yüngülvari yeni il şənliyi adambaşına 100 manat, 4-5 nəfərlik ailəyə isə 400-500 manata başa gəlir. Evdə isə bu məbləğin yarısı ilə yeni ili qarşılamaq mümkündür. 

Lakin bunun da bir “əmması” var. Bu zaman siz əzizlərinizin əhatəsində şou-biznes ulduzlarının çıxışını yaxından deyil, mavi ekrandan izləməli olacaqsınız.

Xaricdə 1 həftəlik bayram istirahəti neçəyə başa gəlir?

İnsanlar hər dəfə təzə ili fərqli şəkildə qeyd etmək istəyir. Yeni il ərəfəsində bütün ölkələrdə fəaliyyət göstərən otellər və əyləncə mərkəzləri tam gücü ilə işləyirlər. Buna səbəb də xarici turistlərin axınının olmasıdır. 

Yeni il bayramının yüksək səviyyədə keçirildiyi ölkələrdə tətil etmək istəyənlər isə təbii ki, bunun bahalı olacağını bilir. Bəziləri isə heç də xəsislik etmirlər. Yeni il ərəfəsində yerli turizm şirkətlərinin xarici ölkələrə təşkil etdiyi yeni il paketlərinin qiymətləri də fərqlidir. Belə ki, bir nəfər üçün Milanda - 700, Antaliyada - 750, Londonda - 800, Romada - 850, Parisdə - 800, Praqada - 750 manata yeni ili qeyd edə bilərsiniz.

Hə, bir də bunlardan uzaq, bayramı sevdiyi ilə bulvarda 50 qəpiklik simitlə keçirənlər də var. Burda deyiblər, könüllər bir olunca, samanlıq seyran olar. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7494
avatar

Fidan İlqar

Oxşar yazılar