Yanvarın 23-də Vergilər Nazirliyində vətəndaş müraciətlərinə baxılması ilə bağlı nazirliyin məsul vəzifəli şəxslərinin və yerli vergi orqanlarının nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib. Nazirliyin Analitik-informasiya şöbəsindən Lent.az-a verilən məlumata görə, vergilər nazirinin müavini, üçüncü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov müşavirəni açaraq qeyd edib ki, ölkə başçısının tapşırığı ilə mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri mütəmadi olaraq yerlərdə vətəndaşları qəbul edir, onları narahat edən məsələlərlə bağlı müvafiq tədbirlər həyata keçirir və bu məsələ vergi orqanlarının da fəaliyyətində prioritet təşkil edir.
Vergilər naziri Fazil Məmmədovun vətəndaş müraciətlərinə baxılmasının vergi yığmaq qədər vacib məsələ olduğu barədə fikrinə istinad edilərək bildirilib ki, rəhbərlik vətəndaşların qaldırdıqları problemlərin dəqiqliklə araşdırılmasını və müvafiq tədbirlərin görülməsini daim diqqət mərkəzində saxlayır, vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti barədə ayda bir dəfə nazirə xüsusi xidməti məruzə təqdim olunur.
Sahib Ələkbərov vurğulayıb ki, vətəndaş müraciətləri dövlət-vətəndaş münasibətlərinin barometri kimidir, ona görə də müraciətləri daim nəzarətdə saxlamaq, onlardan nəticə çıxarmaq və vaxtında lazımi tədbirlər görmək vergi orqanları qarşısında qoyulmuş ən mühüm vəzifələrdəndir. Sahibkarların qarşılaşdıqları problemlərin öyrənilməsi baxımından ən aktual və dəqiq məlumatlar da məhz vətəndaş müraciətlərinin araşdırılması zamanı üzə çıxır.
Müşavirədə çıxış edən Vergilər Nazirliyi Aparatının rəhbəri Əli Həsənov qeyd edib ki, 12 noyabr 2015-ci il tarixdən qüvvəyə minmiş «Vətəndaş müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu vətəndaşların öz hüquq və azadlıqları çərçivəsində müraciət hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləmək, vəzifəli şəxslər tərəfindən müraciətlərə baxılma qaydalarını müəyyən etmək məqsədi daşıyır. Qanunla dövlət orqanları tərəfindən vətəndaşların müraciətlərinə baxılması sahəsində dəqiq və əhatəli hüquqi tənzimləmə mexanizmi müəyyən edilib.
Qanunda öz əksini tapmamış bir sıra müddəalar - vətəndaşların müraciətlərinə baxılmasının prinsipləri, müraciətlərə dair tələblər, müraciətin baxılmamış saxlanılması, nəzarətin həyata keçirilməsi, müraciətlərə baxılma zamanı vətəndaşların hüquqları, canlı yayımlanan teleradio proqramları, telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri, elektron müraciət kimi yeni normalar müəyyən olunub.
Aparat rəhbərinin müavini Elçin Namazlı tədbir iştirakçılarını 2015-ci ildə vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti ilə tanış edib. Qeyd olunub ki, ötən il ərzində vergi orqanlarına ümumilikdə 95.996 vətəndaş müraciəti daxil olub ki, bu da 2014-cü illə müqayisədə 7% azdır. Daxil olmuş müraciətlərin 92.445-i ərizə (96,3%-i), 3402-si şikayət (3,5%), 149-u təklif (0,2%) olub. 2014-cü illə müqayisədə ərizə və təkliflərin sayında azalma müşahidə olunsa da, şikayətlərin sayı artmışdır. Müraciətlərin 37,9%-i kameral vergi yoxlamaları, 33,1%-i müxtəlif arayışların alınması, 3,9%-i vergi borcları, 2,2%-i səyyar vergi yoxlamaları, 1,7%-i nağd hesablaşmaların aparılması qaydalarının pozulması və operativ vergi nəzarəti tədbirləri, 1,5%-i vergidən yayınma və dividendlərin verilməsi, 19,7%-i digər məsələlərlə bağlıdır. Baxılmış müraciətlərdən 70,1%-i müsbət həll edilmiş, 22,3%-i barədə müvafiq izahatlar verilmiş, 4%-i əsassız sayılmış, 0,6%-i qismən həll olunmuş, 0,5%-i aidiyyəti üzrə göndərilmiş, 2,5%-i isə icradadır.
Vergi orqanlarında sənədlərə baxılması zamanı yol verilən nöqsan və pozuntuların, onlara şərait yaradan halların müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə Vergilər Nazirliyinin Aparatı tərəfindən müntəzəm olaraq monitorinqlər aparılır.
E.Namazlı müraciətlərin cavablandırılması prosesində yol verilən nöqsan və çatışmazlıqlar barədə də müşavirə iştirakçılarına məlumat verib.
Vergilər Nazirliyinin Daxili təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi Şahin Səfərov korrupsiya ilə bağlı hüquqpozmalara toxunaraq bildirib ki, 2015-ci ildə vergi orqanları əməkdaşlarının qanunsuz hərəkətləri barədə Baş İdarənin icraatına 626 şikayət daxil olub. 233-ü eyni, 47-si isə təkrar olduğundan, şikayətlərin faktiki sayı 346-dır. Şikayətlərdən 33,5%-i operativ vergi nəzarəti, 11%-i vergi auditi, 3,5%-i vergi ödəyicilərinə xidmət, qalanları isə digər məsələlərlə bağlı olub. 346 faktiki şikayətin hamısına bilavasitə müraciət müəlliflərinin iştirakı ilə baxılıb. Onlardan 15%-i tam və ya qismən təsdiqini tapıb, 4,6%-i ilə bağlı qanunamüvafiq izahatlar verilib, 80,4%-i isə əsassız sayılıb.
Ş.Səfərov Daxili təhlükəsizlik Baş İdarəsi tərəfindən vergi orqanları əməkdaşlarının qanunsuz hərəkətləri və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı aparılmış xidməti araşdırma və təhqiqatların nəticələri barədə, hər bir nöqsan üzrə misallar göstərərək, ətraflı məlumat verib, bu halların aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi üçün görülməli olan zəruri tədbirlər barədə danışıb.