- Ramin bəy, bu yaxınlarda Facebook səhifənizdə belə bir iddia ilə çıxış etmişdiniz ki, Nar Mobile şirkətinin 2012-ci il üçün nəzərdə tutulan kreativ tenderi qeyri-şəffaf şəkildə həyata keçirilmişdi. Oxucularımıza daha əraflı məlumat vermənizi xahiş edirik.
- Bildiyiniz kimi keçən ilin iyun ayında Nar Mobile şirkəti tender elan etmişdi. Əvvəlki agentlikləri ilə olan müqavilənin müddəti sentyabr ayında bitəcəyindən tender elan etdilər və bizə də tenderdə iştirak üçün dəvət etdilər. İlkin mərhələdə bizdən şirkət haqqında məlumatlar tələb olunurdu. Bu mərhələdən sonra kreativ ideyanın hazırlanması üçün tapşırıq göndərildi. Yeri gəlmişkən, tender prosesi müddətində əsas əlaqələndirici şəxs qismində Təchizat şöbəsinin əməkdaşı Elçin Aslanov çıxış edirdi. Göndərilən tapşırığa əsasən komandamız kreativ konsepsiya hazırladı (storibordlar, fleşbanerlər, musiqi, skiptlər) və müştəriyə göndərdi. Həmin təklifin video təqdimatını də oxucularınızın diqqətinə çadırmaq istərdik (Video təqdimatla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz - redaktor). İyul ayının ortalarında bizə məlumat gəldi ki, tender kommissiyası sizinlə görüşmək istəyir. Bizim tərəfdən həmin görüşdə mən və Orxan Yusifov , Nar Mobile tərəfindən isə İlqar ibrahimli (Marketing Menecer), Anton Kulçinksi (Təchizat Departamentinin Rəisi) və Elçin Aslanov iştirak edirdi. Görüşdə bizə bildirildi ki, Nar Mobile bizim ideyanı bəyənib və konsepti almaq istəyir. Qeyd edim ki, həmin görüş çox gərgin keçdi. Belə ki, Anton Kulçinski bizə bildirdi ki, bu konsept üçün şirkətin 6 min manat büdcəsi var və bizə bu qədər pul verə bilərlər. Mən də təbii ki, razılaşmadım və öz səbəblərimi bildirdim. Bu rəqəmə diqqət yetirmənizi xahiş edirəm. Görüşdə mən bildirdim ki, bizim xərclərimiz 8 min manatdı. Heç olmasa xərclərimizi ödəyin. Halbuki, tenderə göndərdiyimiz qiymət 12 min manat idi. Görüşdən sonra hətta Orxan Yusifov mənə irad tutdu ki, portfolio üçün gərək mən onların rəqəmi ilə razı olardım. Bir neçə gün sonra cənab Anton Kulçinski bizə elektron məktub yazdı və 8 min manata ideyamızı alacaqlarını bildirdi. Görüş zamanı bizə həmdə bildirdi ki, biz, “Uptime” və “Bruketa” agentlikləri son mərhələyə qalmışıq. Amma buna baxmayaraq, şirkət konseptimizi istifadə etmək istəyir.
Eşitdiyimə görə, bizim konsepti Nar Mobile şirkətinin əvvəlki Kommersiya Direktoru Stefan Teysedrin bəyənib və Marketinq Departamentinə həmin ideyanı bizdən almaları üçün tapşırıq verib.
23 iyul tarixində Anton Kulçinski mənə elektron məktub yazaraq bildirdi ki, bizim qiymətimiz onlara uyğundur və Təchizat Departamenti müqaviləni rəsmiləşdirməyə başlayacaq.
Paralel olaraq şirkətin Marketinq Departamenti bizə bildirdi ki, konsepsiya ilə bağlı görülmüş bütün işləri də onlara göndərək. Biz də bütün işləri bir diskə yazıb İlqar İbrahimliyə göndərdik.
- Şirkət sizin ideyadan istifadə etdimi?
- Açığı biz ideyanı İlqar İbrahimliyə göndərəndən sonra bir müddət Nar Mobile-dan səs çıxmadı. Görüş zamanı bizə bildirilmişdi ki, bu ideya ilə bağlı çəkiləcək reklam çarxlarının çəkilişlərində biz də iştirak edəcəyik. Amma belə olmadı. Avqust ayının ortalarında Facebook-da Nar Mobile şirkətinin bir neçə əməkdaşı yeni reklam çarxını paylaşarkən bizə məlum oldu ki, bizim ideyanın yalnız müəyyən elementlərindən istifadə olunub. Şirkət başqa bir ideyadan istifadə edib, halbuki, bizim ideyanı icra edəcəklərinə söz vermişdilər. Və açığı mənim öz şəxsi qənaətim belədir ki, əvvəlki kommersiya direktoru bizim kreativ ideyamızı bəyəndikdən bir müddət sonra şirkətdən ayrıldığı üçün şirkətdə bir az boşluq yarandı. Və Marketinq departamentində olan insanlar həmin ərəfədə öz eqolarını sərbəst şəkildə reallaşdırmaq imkanı əldə etmişdilər. Məhz buna görə də onlar öz istəklərinə uyğun bir reklam çarxı çəkdilər, və yalnız çarxın demo hissəni bizim konseptə uyğun etdilər.
- Bəs bundan sonra nə baş verdi? Tender prosesi necə yekunlaşdı?
- Bir müddət sonra bizə bildirildi ki, son mərhələyə qalmış şirkətlər üçün yeni tapşırıq olacaq. Elçin Aslanov bizə bir sənəd göndərdi və bildirdi ki, təqdimat hazırlamalıyıq. Onların göndərdiyi sənəddə Nar Mobile şirkətinin yeni strategiyası haqqında məlumatlar var idi. Bizə bildirildi ki, 1 illik marketinq kommunikasiyaları planı hazırlayaq. 14 avqust tarixində mən İlqar İbrahimliyə elektron məktub yazdım və bildirdim ki, bu fiziki olaraq mümkün deyil, biz yalnız ümumi baxışlarımızı yaza bilərik. Avqustun 15-də Nar Mobile şirkətinin yeni baş ofisində bizimlə görüş oldu. Görüşdə Nar Mobile tərəfdən İlqar İbrahimli, Anton Kulçinski, Elçin Aslanov, Nadir Qafarov, Firuz Suymanov, Maks Fyodov və şirkətin yeni İcraçı Direktoru Kent McNeley iştirak edirdi. Görüşdə biz strategiya ilə bağlı öz fikirlərimizi bildirdik. Bizə göndərilən sənəddə göstərilirdi ki, şirkət yeni müştəri seqmentinə istiqamətlənməyi planlaşdırır – bu 30-40 yaş arası evli insanlardı, amma şirkət onları sadə səsli xidmətlər təklif etməklə qazanmaq istəyirlər. Biz bildirdik ki, bu strategiya Nar Mobile şirkəti üçün uyğun deyil, çünki 30-40 yaşlı insanlar hazırda cəmiyyətin aparıcı hissəsi sayılır, onların maddi durumları digər sosial qruplarla mübahisədə daha yaxşıdır və onlara əlavə dəyər xidmətləri (VAS) verilməsə onlar sadə səsli xidmətlərə görə mobil operatoru dəyişməyəcəklər. Bizim bu fikirlərimizə Kent McNeley etiraz etdi və bildirdi ki, onlar araşdırma aparıblar və onlarda “araşdırmanın nəticələri” var. Bİz də bildirdik ki, hətta belə olsa da, bu kreativ tenderdi və biz başa düşmürük nə üçün bizə belə tapşırıq verilib. Kent McNeley bildirdi ki, kreativ tenderlə bağlı tapşırıq yaxın günlərdə bizə göndəriləcək. Hətta görüş zamanı Kent McNeley mənə birbaşa olaraq bildirdi ki, belə danışsanız sizinlə müqavilə imzalamayacağıq. Mən isə bildirdim ki, strategiyanızı siz göndərmisiniz və öz düşüncələrimizi bildirməyimizi xahiş edibsiniz. Biz də öz fikirlərimizi bildiririk.
- Yəni demək istəyirsiniz ki, yeni strategiya araşdırma yox, sadəcə yeni İcraçı Direktorun şəxsi mülahizələri əsasında hazırlanıb?
- Açığı hazırda həmin strategiyanın icra olunub-olunmadığından xəbərim yoxdu. Amma şəxsi qənaətim budur ki, orta gəlir səviyyəsi olan insan artıq smartfon telefonlarından istifadə edirlər və onları yenidən səsli xidmətlər dövrünə qaytarmaq qeyri-mümkündü. Məhz elə buna görə də mən belə bir qənaətə gəldim ki, yeni strategiya araşdırma əsasında deyil, yeni İcraçı Direktorun şəxsi fikirləri əsasında formalaşdırılıb.
- Hadisələr daha sonra necə inkişaf etdi?
- Bu görüşdən bir müddət sonra, sentyabr ayının əvvəlində bizə yeni kreativ tapşırıq göndərildi və bildirildi ki 21 sentyabra kimi təklifimizi hazırlayıb onlara göndərək.
Biz bu tapşırıq üçün 2 fərqli kreativ konsepsiya hazırladıq və qeyd olunmuş tarixədək sifarişçiyə göndərdik.
25 sentyabr tarixində şirkətin baş ofisində bizimlə görüş oldu və biz öz ideyalarımızı bir daha təqdim etdik. Görüş zamanı bizə bildirildi ki, oktyabr ayının əvvəlində nəticələr açıqlanacaq.
Oktyabr ayının əvvəlində İlqar İbrahimli bildirdi ki, proses uzanır və bir az gecikəcək.
Açığı bu vaxt biz eşitdik ki, Kent McNeley Moskvada yerləşən Y&R Moskva agentliyi ilə danışıqlara başlayıb. Xatırladım ki, son mərhələyə 3 şirkətin qaldığı bildirilirdi. Bu məlumatı eşitdikdən sonra mən İlqar ibrahimliyə zəng etdim və soruşdum ki, doğrudan belə bir fakt varmı. O mənə bildirdi ki, belə bir şey yoxdu. Amma əldə etdiyim məlumata əsasən Kent McNeley və İlqar İbrahimli hətta Moskvaya səfər edib və orada Y&R Moskva şirkəti ilə görüşüblər. Burda bir haşiyə çıxım ki, Kent McNeley Moskvada işləyərkən, işlədiyi şirkət həmin bu agentliklə əməkdaşlıq da edib. Təbii ki, heç kim demir ki, Y&R Moskva zəif agentlikdi, amma fakt budur ki, tender prosesi pozulub. Tenderin qalibi son mərhələyə qalmış 3 şirkət arasından deyil, tenderdə, ümumiyyətlə, iştirak etməyən kənar agentlik seçilib.
Bundan başqa, biznes mühitində gəzən məlumatlara görə, Kent McNeley Y&R Moskva agentliyinə hər ay 55 min avro xidmət haqqı ödəməyə də razılaşıb. Bir məsələni qeyd edim ki, şirkət əvvəlki reklam agentliyinə hər ay 15 min avro xidmət haqqı ödəyirdi. Biz isə tender zamanı xidmətlərimizə görə aylıq 17500 AZN istəmişdik. Və mənə də qəribə gələn həm də odur ki, Anton Kulçinski bizim kreativ ideyanı 6 min manata almaq istəyirdi, amma şirkət Y&R Moskva agentliyinə hər ay bundan qat-qat artıq vəsait ödəyir. Yəni yerli şirkətlərə gələndə bizim beyin məhsulunu ucuz qiymətə alırlar, xarici ölkələrin reklam agentliklərinə isə 3-4 dəfə artıq vəsait ödəyirlər. Təbii ki, bu Nar Mobile şirkətinin öz işidir, amma bunu tender prosesini pozaraq etmək həm mənəvi-etik baxımdan, həm də qanunvericilik baxımından düzgün deyil.
- 10 gün əvvəl öz Facebook səhifənizdə bildirdiniz ki bu məsələ ilə bağlı Nar Mobile şirkətinin İcraçı Direktoruna elektron məktub yazmısınız. Bir irəliləyiş varmı?
- Mən 10 gün bundan əvvəl belə bir qərara gəldim ki, tender prosesinin keçirilməsi ilə bağlı narahatçılıqlarımı Kent McNeley-ə bildirim və tender prosesində qeyri-şəffaf məqamlar, tender iştirakçılarına heç bir məlumatların verilməməsi ilə bağlı faktları onun diqqətinə çatdırım. İndiyədək heç bir cavab almamışam. Bundan əlavə, Nar Mobile şirkətinin Facebook səhifəsinə mesaj yazmışam. Növbəti 10 gün ərzində cavab verilməsə, təbii ki, daha yuxarı instansiyalara müraciət edəcəyik. Biz hesab edirik ki, tender prosesinin bu şəkildə keçirilməsi təkcə Nar Mobile şirkətinin və şirkətin Direktorlar Şurasının imicinə deyil, həm də Azərbaycanın biznes mühitinə vurulan zərbədir. Bu müəyyən mənada həm də yerli şirkətlərə qarşı hörmətsizlikdir. Biz çox təəssüf edirik ki, tenderdə son mərhələyə 3 yerli şirkət qaldığı halda qalib kimi tenderdə iştirak belə etməyən kənar xarici şirkət seçilir. Hesab edirik, bu həm də ölkədə biznes mühitinin inkişafı üçün görülən işlərin üstündən xətt çəkməkdir. Biz ümid edirik ki, şirkətin Direktorlar Şurası və səhmdarları bu məsələyə biganə qalmayacaqlar.