Rabitə Nazirliyi və DNF yüksək sürətli internetlə bağlı layihə hazırlayıb
08 noyabr 2013 10:32 (UTC +04:00)

Rabitə Nazirliyi və DNF yüksək sürətli internetlə bağlı layihə hazırlayıb

“Ölkədə, xüsusən də regionlarda sürətli internetdən istifadənin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən "evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksək sürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlayıb. Lent.az-ın məlumatına görə, bunu"Aztelekom" İB-nin baş direktoru Məhəmməd Məmmədov bildirib.

 

Baş direktor vurğulayıb ki,  əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit-saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək və istifadəçilərin sayını inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq, habelə elektron xidmətlərin, distant-təhsil, elektron ticarət, tele-tibb və digər fəaliyyət formalarının geniş tətbiqinə nail olmaqdır. 
”2013-cü ilin 9 ayı ərzində həyata keçirilmiş investisiya layihələri çərçivəsində EATS-lərinin birləşdirici xətlərinin optik kabellərlə təşkili məqsədilə ümumilikdə 98 kənd EATS-inə 546 km məsafədə fiber-optik kabel çəkilib, genişzolaqlı internet avadanlıqlarının montaj tutumu 48 min port artırılıb, şəbəkədə ümumi tutumları 7222 nömrə olan 23 yeni EATS quraşdırılıb. 54 EATS-in transmissiyası optik multipleksor, 40 EATS-in transmissiyası rəqəmli radio-rele avadanlıqları vasitəsilə təşkil olunmaqla informasiya texnologiyalarının inkişafı üçün zəruri infrastruktur yaradılmışdır. 28 Telekommunikasiya Qovşağının xidmət ərazilərində ümumilikdə 63 yaşayış məntəqəsində NGN texnologiyalı avadanlıqlarının alınıb quraşdırılması üçün hazırlıq işlərinə başlanılıb. 
Birliyin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2013-cü ilin əvvəli ilə müqayisədə 53 min istifadəçi və ya 31,5% artaraq (o cümlədən “Aztelekom.net” şəbəkəsində 39 min və ya 69%) 167 minə çatıb. Hazırda hər 100 ailədən 14,5-i, hər 100 abunəçidən 24,7-si genişzolaqlı xidmətlərin istifadəçisidir. 
Rayon telekommunikasiya qovşaqlarında xidmət göstərilən abunəçilərin sayı 678 mini keçmiş, Birliyin xidmət ərazisində hər 100 nəfərə düşən telefonların sayı 12,3-ə, 100 ailəyə düşən telefonların sayı 58,6-ya çatıb”.

 

 
M. Məmmədov onu da vurğulayıb ki, “Aztelekom” İstehsalat Birliyinin Rayon Telekommunikasiya qovşaqlarının ayrı-ayrı EATS-lərində olan boş tutumların istifadəyə verilməsi – yeni salınmış yaşayış məntəqələrinin telefonlaşdırılması, əhalidən, yerli icra hakimiyyəti orqanlarından daxil olmuş müraciətlərin əsasında boş nömrələrdən səmərəli istifadə etmək məqsədilə xətt şəbəkələrinin tikintisi və genişləndirilməsi istiqamətində layihələrin icrasına başlanılıb. “Layihə çərçivəsində ümumilikdə 200-dən artıq yaşayış məntəqəsində xətt şəbəkəsinin genişləndirilməsi və tikintisi işlərinin aparılması nəzərdə tutulur. Bir sıra yaşayış məntəqələrində xətt qurğularının genişləndirilməsi və tikintisi işlərinin qovşaqların daxili imkanları hesabına yerinə yetirilməsi məqsədilə Birlik tərəfindən mərkəzləşdirilmiş qaydada kabel materialları ayrılmışdır. Bundan əlavə, bəzi yaşayış məntəqələrində tikinti işlərinin yerinə yetirilməsi üçün podrat təşkilatlar cəlb olunmuşdur. hazırda 100 obyektdə xətt şəbəkəsinin genişləndirilməsi və tikintisi işləri aparılır. Artıq 26 obyektdə tikinti işləri başa çatıb. İlin sonuna qədər qeyd olunan 200-dən artıq yaşayış məntəqəsi üzrə işlər tamamlanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849

Oxşar yazılar