Azərbaycanda 2015-ci ilin sonuna tədiyə balansının cari hesabının pik ilində (2011-ci il) olan 17 mlrd. dollar həcmində profisitinin təxminən 0.5 mlrd. ABŞ dollarına düşməsi proqnozlaşdırılır.
APA-nın məlumatına görə, bu, Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında əksini tapıb.
Mərkəzi Bankın bəyanatında qeyd edilib ki, bu ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 48,7% azaldığı halda, idxal, demək olar ki, dəyişməyib. İxracda azalma əsasən neft-qaz sektoru üzrə baş verib. Xarici ticarət balansının profisiti 5 dəfədən çox azalaraq 2.4 mlrd. dollar təşkil edib. İqtisadi tərəfdaş ölkələrdə yaranmış vəziyyət daxil olan pul baratlarına da təsir edib, ilkin rəqəmlərə görə, pul baratları ötən ilin eyni dövrü ilə müqayisədə 30%-dən çox azalıb. 2015-ci ildə ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib. Hazırda strateji ehtiyatlar 39 mlrd. dollar təşkil edir ki, bu da 26.5 aylıq mal və xidmət idxalına kifayət edir və xarici dövlət borcunu 5 dəfədən çox üstələyir.
Cari ilin 11 ayında real ÜDM 3,1%, o cümlədən qeyri-neft iqtisadiyyatında 4% artıbr. ÜDM-in 69,3%-i qeyri-neft sektorunun payına düşüb. İqtisadi artımda daxili tələb, o cümlədən istehlak tələbi və investisiya qoyuluşları mühüm rol oynayıb. 2015-ci ilin 11 ayında ölkə iqtisadiyyatına investisiyaların həcmi 14.4 mlrd. manat təşkil edib. Əvvəlki illərdə olduğu kimi, cari ildə də dövlət investisiyalarının ölkədə investisiya aktivliyi mühüm rol oynayıb. 2015-ci ilin 11 ayında ev təsərrüfatlarının istehlak xərclərinə ilk növbədə gəlirlərin artımı təsir göstərib. Dövr ərzində əhalinin nominal pul gəlirləri 5,7%, orta aylıq əməkhaqqı isə 4,6% artıb.
Mərkəzi Bankın bəyanatında vurğulanır ki, qiymətlərin sabitliyinin təmin edilməsi, inflyasiyanın təkrəqəmli səviyyədə saxlanması hesabat dövründə də Mərkəzi Bankın və hökumətin başlıca vəzifələrindən biri olub. 2015-ci ilin 11 ayında orta ilik inflyasiya 3,7% təşkil edib. Ərzaq qiymətlərinin artımı isə 5,9% olub. Nominal effektiv məzənnə, inflyasiya gözləntiləri və ticarət tərəfdaşlarında yüksək inflyasiya qiymətlərə artırıcı, pul təklifi və dünya qiymətlərinin dəyişimi isə azaldıcı təsir göstərib. Bundan başqa, bir sıra sosial əhəmiyyətli məhsulların qiymətlərinin tənzimlənməsi inflyasiya səviyyəsini azaldan amillərdən olub.
İnflyasiya tempi əhalinin nominal gəlirlərinin artım tempindən aşağı olub, nəticədə əhalinin sərəncamında qalan gəlirlər real olaraq 11 ayda 2% artıb. 2015-ci ilin 11 ayında ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya orta hesabla 8,3% təşkil edib ki, bu da Azərbaycandakı inflyasiyadan 4,6 faiz bəndi çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 32% azalıb, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi isə 2,3% artıb.