Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun «Ekonomist» jurnalına müsahibə verib. Müsahibə jurnalın iyul-avqust ayları (№40-41) buraxılışında dərc olunub.
- Cənab nazir, Azərbaycanın İKT sektorundakı mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
- Azərbaycanın İKT sahəsində həm ikitərəfli, həm də regional və beynəlxalq əməkdaşlıqda rolu davamlı olaraq artır, ölkənin İKT sektoruna xarici investorların marağı çoxalır. Tanınmış beynəlxalq təşkilatlarla, şirkətlərlə birgə fəaliyyətimiz genişlənir. Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, UNESCO və digər nüfuzlu beynəlxalq təsisatlarla qurulmuş əməkdaşlıq münasibətləri, həyata keçirilən birgə layihələr ölkəmizin İKT üzrə beynəlxalq əməkdaşlıqda mövqelərini gücləndirir. Qısa müddət ərzində respublikamızda bir çox tanınmış telekommunikasiya və informasiya texnologiyaları şirkətlərinin nümayəndəlikləri açılıb, milli şirkətlər region bazarında özlərini tanıda bilib. Ölkədə özəl İKT sektorunun inkişafının dəstəklənməsi istiqamətində aparılan siyasət sayəsində bu sektora yeni sabit və mobil şəbəkə operatorları, İKT məhsulları istehsalçıları və yayım şirkətləri daxil olub, inkişaf üçün sağlam rəqabət mühiti yaradılıb.
Ölkəmiz telekommunikasiya və informasiya texnologiyaları sahəsində təkcə region üçün deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan mötəbər tədbirlərin fəal iştirakçısına və təşkilatçısına çevrilmişdir. Azərbaycan prezidenti cənab İlham Əliyevin himayəsi, Azərbaycan hökumətinin, eləcə də BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı, Regional Rabitə Birliyi və digər mötəbər beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən və Xəzəryanı və Qafqaz regionlarında ən iri İKT sərgilərindən biri olan «BakuTel» deyilənlərə əyani misaldır.
Azərbaycanda İKT sahəsində beynəlxalq təcrübəyə, qabaqcıl texnologiyalara və səmərəli tərəfdaşlığa əsaslanan fəaliyyət ölkənin beynəlxalq və regional inteqrasiya layihələrində iştirakı üçün zəruri potensial formalaşdırıb.
Ölkəmizin «Trans-Avrasiya Super İnformasiya Magistralı» və «Avropa-Mərkəzi Asiya İnformasiya Magistralı»nın yaradılması kimi siyasi, iqtisadi və texniki baxımdan qlobal layihələrin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etməsi bu potensialın parlaq nümunəsidir. Bu layihələrin reallaşdırılmasına beynəlxalq dəstək əldə olunub və hazırda onların həyata keçirilməsi üçün region ölkələri və beynəlxalq təşkilatlarla birgə işlər görülür.
Qeyd olunduğu kimi, region və digər xarici bazarlara çıxışın təmin edilməsi istiqamətində artıq bir neçə layihə həyata keçirilməkdədir. Kosmik sənayenin inkişafı üzrə nəzərdə tutulmuş ilk telekommunikasiya peyki bu ilin fevral ayında uğurla orbitə göndərilib, 2 aprel 2013-ci il tarixindən etibarən «Azerspace-1» telekommunikasiya peykinin orbitdəki bütün sınaq prosesləri uğurla başa çatdıqdan sonra peykin idarəetməsi peykin istehsalçısı olan ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən tamamilə «Azərkosmos» ASC-yə təhvil verilib. 2015-ci ildə yer səthinin müşahidə peykinin, ikinci telekommunikasiya peykinin isə 2016-cı ildə orbitə çıxarılması planlaşdırılır. Peyklərin idarə olunması mərkəzi bu ilin sonunda istifadəyə veriləcək.
Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Eyni zamanda, son illərdə məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin İKT sektoru hər üç ildə 2 dəfə artıb və son 8-10 ildə orta illik artım tempi 20-25% təşkil edib və bu artım tempi ümumdünya inkişaf tempini 2-3 dəfə qabaqlayır. Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir və dünya orta göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır. Əldə olunan nailiyyətlər beynəlxalq aləmin də diqqətindən yayınmayıb. Belə ki, «Dünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları – 2012» («The Global Information Technology Report 2012») hesabatında Azərbaycan «Şəbəkələşmə hazırlığı indeksi»nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlib. Bu hesabata əsasən, ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin say çoxluğuna görə MDB-də I yerdədir. Həmçinin, Dünya İqtisadi Forumunun «The Global Competitiveness Report 2012-2013» hesabatında «Qlobal rəqabətqabiliyyətlilik indeksi» üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutub və beləliklə, yenə də MDB məkanında öz liderliyini qoruyub saxlamağa müvəffəq olub. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) İnformasiya Cəmiyyətinin ölçülməsi «Measuring the Information Society – 2012» adlı hesabatında «İKT inkişaf indeksi» (IDI) üzrə əvvəlki hesabatla müqayisədə 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yeri tutub. Bu hesabatda Azərbaycan 10 «Ən dinamik inkişaf edən ölkələr» qrupunda yerini möhkəmlədib. Məhz bu göstəricilərə əsaslanaraq, beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin gələcək inkişafı ilə bağlı müsbət və optimist fikirlər səsləndirirlər. Bu proqnozlara görə, Azərbaycan hökuməti İKT sahəsinə investisiya yatırmaq, eyni zamanda İKT sahəsinin inkişafına xüsusi şərait yaratmaqla, bu istiqamətdə islahatları davam etdirərsə, 2025-ci ildə Azərbaycanda İKT sahəsindən əldə olunan gəlirlər neft sektorundan gələn gəlirlərə bərabər olacaq və daha sonra bu gəlirləri üstələyəcək.
- 2013-cü il Azərbaycanda «İKT ili» elan edilib. Yəqin ki, Nazirliyin xüsusi tədbirlər planı və yeni layihələri var ki, onlar bu il və ya yaxın gələcəkdə reallaşa bilər. Bu barədə daha ətraflı məlumat verə bilərsinizmi? Rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişaf perspektivlərini necə görürsünüz?
- Qeyd etdiyim kimi, ölkəmizdə İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın davamlı yüksəlişində və ümumilikdə cəmiyyətin həyatında aparıcı sahəyə çevrilib. Bütün bunların nəticəsində Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü il Azərbaycanda «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilib və artıq bu sahədə müxtəlif istiqamətləri əhatə edən xüsusi tədbirlər planının icrasının həyata keçirilməsinə başlanılıb. Bu tədbirlərin əsas məqsədi - müasir informasiya texnologiyalarının aktiv tətbiqi fikrinin ölkə çərçivəsində daha da geniş yayılması, milli İKT sektorunun potensialının gücləndirilməsi, e-dövlət layihələrinin genişləndirilməsi, gündəlik həyatda İKT vasitələrinin geniş tətbiqinin təmin edilməsi və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına töhfə verilməsidir. Ümid edirik ki, biz bu il də ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələrin inkişafında, xarici şirkətlər və investisiyaların Azərbaycan iqtisadiyyatına, xüsusən də İKT sahəsinə cəlb edilməsində müəyyən uğurlara nail olacağıq.
- «E-hökumət», «E-imza», ümumilikdə elektron xidmətlərin həcminin artırılması və sürətləndirilməsi istiqamətində hansı işlər görülür?
- E-dövlətin formalaşması Azərbaycanda informasiya cəmiyyətinin yaradılmasının əsas istiqamətlərindən biridir. Artıq bir neçə ildir ki, bu yöndə məqsədyönlü fəaliyyət aparılır və müsbət nəticələr var. Məlum olduğu kimi, dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılması və onların elektron xidmətlərinin «bir pəncərə» prinsipi əsasında göstərilməsi məqsədilə «Elektron hökumət» portalı yaradılaraq 2012-ci ilin aprelindən əhalinin istifadəsinə verilib. «E-hökumət» layihəsi «Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)» əsasən işlənib hazırlanıb və «Elektron Azərbaycan» Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə İKT-nin geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır. Məlumat üçün bildirim ki, «Elektron hökumət» portalına qoşulan dövlət orqanlarının sayı 40-a çatdırılıb və portal vasitəsilə 215 elektron xidmətin göstərilməsi təmin edilib. Avropa Birliyi ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən 20 əsas elektron xidmət növünün əksəriyyəti Azərbaycanda da tətbiq edilməkdədir. Artıq ölkəmizdə sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, elektron vergi və gömrük bəyannamələr təqdim edilir, daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı sosial yardımların təyinatı, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin və tələb olunan sənədlərin qəbulu elektron formada həyata keçirilir və bu say sürətlə artır. Eyni zamanda, ölkədə elektron imzanın istifadəsi üzrə Açıq Açar İnfrastrukturu qurulub və Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılaraq 2011-ci ilin sentyabrından işə salınıb. Elektron imza xidmətindən istifadə məqsədilə müraciət edən dövlәt hakimiyyәti orqanlarına hüquqi və fiziki şəxslərə ümumilikdə təxminən 12 min elektron imza verilib.
Bundan başqa, elektron xidmətlərin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi, nömrə resurslarının ayrılması, radiorabitə vasitələrinin qeydiyyatı, elektron imzanın verilməsi, internetə qoşulma, telefon çəkilişi, nömrənin dəyişdirilməsi və digər xidmətlərin elektron formada həyata keçirilməsi təmin edilib. Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri yaradılıb.
- Nazirlik genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqi istiqamətində hansı tədbirlər həyata keçirir?
- 2012-ci ildə möhtərəm prezidentin hər bir kəndə və yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsi barədə müəyyən etdiyi hədəfə nail olunması üçün «Azərbaycanda milli genişzolaqlı internetin inkişafı» layihəsi hazırlanıb.
Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə «Hər evə optika» prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində 2015-ci ildən etibarən Bakı şəhərində ən azı 100 Mbit/saniyə, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 Mbit/saniyə, qəsəbə və kənd yerlərində ən azı 10 Mbit/saniyə sürətli genişzolaqlı internetlə əhalinin təmin ediləcəyi nəzərdə tutulur.
«Elektron hökumət» həllərinin regionlarda tətbiqinin genişləndirilməsi, şəhər və kəndlər arasında rəqəmli fərqin aradan qaldırılması, sektorun sağlamlaşdırılması və İSP-lərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması layihənin əsas məqsədidir.
Layihə Dövlət Neft Fondu tərəfindən maliyyələşdiriləcək və ümumi dəyəri təqribən 433 mln. manat təşkil edir. 2014-cü ildən etibarən layihənin ümumi dəyərinin 30-35% reinvestisiya hesabına təmin edilməsi gözlənilir. Layihə çərçivəsində 18 min km fiber-optik kabelin çəkilməsi nəzərdə tutulur.
Layihə əsasında ölkənin kabel infrastrukturunun kökündən yenidən qurulması gözlənilir. Qeyd edim ki, Azərbaycan son 3 ildə MDB məkanında genişzolaqlı internetin istifadəsinə görə lider mövqedə qərarlaşır.
Ötən il ərzində ölkədə məlumatların ötürülməsi keyfiyyətinin artırılması istiqamətində işlər aparılıb və nəticədə beynəlxalq kanalların tutumu 2,2 dəfə artıb, qiymətlər isə 35% endirilib. Perspektivdə bu tendensiyanı davam etmək planlaşdırılır ki, bu da öz növbəsində internet istifadəçilərinin sayının artmasına və ümumilikdə sektorun inkişafına rəvac verəcək.
- Bildiyimizə görə, rəqəmli TV yayımı, poçt sahəsində qeyri-ənənəvi xidmətlərin genişləndirilməsi məsələləri də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hədəflərinə aiddir. Bu barədə daha ətraflı məlumat almaq istərdik.
- Dünyada gedən proseslərə uyğun olaraq, Azərbaycanda da bu yayım üsuluna keçid üzrə sınaq yayımına 2004-cü ildə başlanılıb. Nazirlər Kabinetinin 274s saylı 13.09.2006-cı il tarixli sərəncamına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilib və Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə «Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı» təsdiq edilib. Proqramda ölkə ərazisində rəqəmli televiziya yayımına keçidin 2013-cü ilədək başa çatdırılması və bu mərhələlərdə rəqəmli televiziya yayımının analoq televiziya yayımı ilə paralel həyata keçirilməsi nəzərdə tutulur. 2013-cü ildən başlayaraq ölkədə analoq TV proqramlarının yayımının mərhələlərlə dayandırılması planlaşdırılır. Ölkəmizdə rəqəmli televiziya yayımına keçidi zəruri edən başlıca amil televiziya yayımında keyfiyyətə olan tələbat, məhdud tezlik resurslarından səmərəli istifadə olunması və mobil televiziyaya ehtiyacın olmasıdır.
Azərbaycan 2013-cü ilin sonuna qədər rəqəmli TV yayıma keçəcək. Hazırda Bakı və ölkənin bir neçə iri şəhər və rayon mərkəzlərinin TV stansiyaları daxil olmaqla quraşdırılmış rəqəmli TV vericilər vasitəsilə əhalinin 87%-i açıq paket (10 TV proqram) rəqəmli DVB-T MPEG-4 standartlı TV yayımla əhatə edilib. Analoq yayımla paralel rəqəmli yayım həyata keçirilir. Ölkə əhalisinin qalan hissəsinin (bura ucqar dağ kəndləri və relyefdən asılı olaraq rəqəmli TV qəbul olunmayan yaşayış məntəqələrində yaşayan əhali aiddir) rəqəmli TV yayımla əhatə edilməsi üçün əlavə tədbirlər görülür.
Eyni zamanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən respublika ərazisində yeni istifadəyə verilmiş rəqəmli televiziya ötürücülərinin əhatə dairəsinin ölçülməsi məqsədilə monitorinqlər aparılır. Radiomonitorinq müddətində yeni quraşdırılmış televiziya ötürücülərinin əhatə dairəsi ölçülür, telekanallarının yayım vəziyyəti araşdırılır. Layihənin həyata keçirilməsinin məqsədi mərhələ-mərhələ ölkənin bütün ərazisində televiziya yayımının analoq standartından rəqəmli standarta keçidini təmin etməkdən ibarətdir. Rəqəmli yayıma keçid genişçeşidli və irihəcmli məlumatların böyük sürətlə və yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasına imkan verəcək.
- Oktyabrın 9-da Azərbaycanda prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Mərkəzi Seçki Komissiyası ilə birgə İKT-nin tətbiqinin yüksək səviyyədə təşkili ilə bağlı Nazirlik hansı işləri görmək fikrindədir?
- Bu il ölkədə keçiriləcək prezident seçkilərinin bütün texniki məsələlərinin yüksək səviyyədə həll olunması üçün tədbirlərin icrasına başlanıb. Ölkə ərazisində seçki məntəqələrinin veb-kameralarla təchiz olunması nəzərdə tutulub. Kameraların qurulması ilə əlaqədar yeni şəbəkə konfiqurasiyası işlərinin həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, seçki məntəqələrinin keyfiyyətli və sürətli internet və telekommunikasiya xidmətləri ilə də təmin edilməsi üçün bütün lazımi işlər həyata keçiriləcək.