Zərərli gəmiricilərə qarşı mübarizə məqsədilə istifadə olunan sink-fosfid preparatı Avropa İttifaqı, MDB-yə daxil olan bir çox dövlətlər tərəfindən qadağan edilməsinə baxmayaraq, Azərbaycanda hələ də istifadə olunur. Lent.az-ın Hesablama Palatasına istinadən verdiyi məlumata görə, bu, Palatanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində apardığı nəzarət tədbiri nəticəsində müəyyən edilib.
Hesablama Palatası Azərbaycanda zərərli gəmiricilərə qarşı mübarizə məqsədilə istifadə olunan sink-fosfid preparatının qadağan edilməsi barədə Nazirlər Kabinetinə təklif təqdim edib.
Sink-fosfid yüksək toksiki zəhərə malik, heyvanlar aləmi və insanlar üçün təhlükəli olan pestisiddir. Sink-fosfiddən adətən siçanabənzər gəmiricilərlə mübarizə aparmaq üçün zəhərli, aldadıcı yemlər hazırlanaraq istifadə olunur. Aldadıcı yem hazırlanarkən sink-fosfid bitki yağı və dənli taxıllarla qarışdırılaraq gəmiricilər olan yerlərə qoyulmalıdır. Sink-fosfid gəmiricilərin orqanizminə daxil olaraq parçalanaraq hidrogen fosfin qazına çevrilir və toksiki zəhərlənmə baş verir. Əmələ gələn fosfin qazı havanı sıxışdırıb çıxarır və ərazidə zəhərli qaz yaranır ki, bu da bütün canlı orqanizmlərə və ətraf mühitə neqativ təsir göstərir. Sink-fosfidin istifadəsindən sonra ölmüş gəmiricilər və qalan zəhərli yem qarışıqları yığışdırılmalı və müvafiq qaydada məhv edilməlidir. Sink-fosfid istifadə olunan ərazilərə, otlaq və əkin sahələrinə 10-15 gündən tez heyvanların buraxılması qadağandır. Lakin çöl quşları və heyvanlar ərazilərdən zəhərli yemin qalıqları, vəhşi heyvanlar və quşlar, o cümlədən, adları “Qırmızı kitab”a düşmüş heyvanlar ölmüş gəmiricilərlə qidalanaraq zəhərlənib məhv olurlar. Ərazidə qalan sink-fosfid qalıqları ətraf mühit və insanların zəhərlənməsi üçün ciddi təhlükə yaradır.
Hesablama Palatası tərəfindən aparılan auditin nəticələri müzakirə edilərək Azərbaycanda zərərli gəmiricilərə qarşı mübarizə məqsədilə istifadə olunan sink-fosfid preparatının Avropa İttifaqı ölkələri və MDB-yə daxil olan bir sıra dövlətlər tərəfindən qadağan edilməsini, sink-fosfidin, ətraf mühitə, flora və faunaya, insanlara yaratdığı təhlükələrin ciddiliyini, onu qadağan edən ölkələrin sayının və preparatın tətbiqi ilə bağlı təhlükələrin daha da artmasını nəzərə alaraq, sink-fosfidin dövlət qeydiyyatından keçən pestisidlərin siyahısından çıxarılması, istifadəsinin dayandırılması və onun başqa pestisidlərlə əvəz olunması məsələsinin “Fitosanitar nəzarəti haqqında” qanuna əsasən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nəzdində yaradılmış Elmi Texniki Şurada və Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarına əsasən yaradılmış Ekspert Şurasında müzakirə edilməsi məqsədəuyğun sayılıb.
Göstərilənləri nəzərə alaraq, Hesablama Palatası sink-fosfidin dövlət qeydiyyatından keçən pestisidlərin siyahısından çıxarılması barədə müvafiq qərarın qəbul edilməsini məqsədəuyğun hesab edib.