<b>Gömrükdə “Yaşıl dəhliz” qaydaları təsdiqləndi </b>- <span style="color:red;">FƏRMAN  - YENİLƏNİB
21 may 2016 16:47 (UTC +04:00)

Gömrükdə “Yaşıl dəhliz” qaydaları təsdiqləndi - FƏRMAN - YENİLƏNİB

 

 "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün  "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə qaydaları açıqlanıb.

 

APA-nın məlumatına görə, bu qaydaların məqsədi gömrük rəsmiləsdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi, o cümlədən risk qiymətləndirilməsinin nəticələri əsasında, avtomatlaşdırılmış elektron informasiya sisteminin (bundan sonra - elektron sistem) imkanlarından istifadə etməklə, yarana biləcək təhlükənin səviyyəsinin əvvəlcədən müəyyən edilməsi, gömrük nəzarətinin formalarının idxal-ixrac prosedurları üzrə tətbiqinin daha da optimallaşdırılmasından ibarətdir.

Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

 

"Yaşıl dəhliz" - əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemi;

 

"Mavi dəhliz" - əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılışından sonra gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemi;

 

"Sarı dəhliz" - əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin, məlumatların, elektron və ya kağız daşıyıcıda sənədlərin, o cümlədən Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatların (şəhadətnamələrin), mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin mövcudluğunun və digər hüquq müəyyənedici sənədlərlə müşayiət olunmasının yoxlanmasını və gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemi;

 

"Qırmızı dəhliz" - əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin, habelə tələb olunan hallarda şəxsin yoxlanmasını nəzərdə tutan buraxılış sistemi;

 

Gömrük nəzarəti - gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər;

 

Risk - gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı;

 

Risklərin idarə edilməsi - məlumatların toplanması, məlumat bazasının yeniləşdirilməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi;

 

Risk qruplarının müəyyənləşdirilməsi meyarları - idxalatçının fəaliyyətinin xüsusiyyətləri ilə bağlı olan və idxalatçının müxtəlif risk qruplarına aid olunması üçün istifadə edilən kəmiyyət və (və ya) keyfiyyət göstəricilərinin məcmusu;

 

Avtomatlaşdırılmış elektron informasiya sistemi - malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən buraxılış sistemini müəyyən etmək məqsədi ilə məlumatların təhlili və risk qruplarının müəyyənləşdirilməsi ilə bağlı tətbiq olunan proqram təminatı.

 

Qaydalarda istifadə olunan digər anlayışlar Gömrük Məcəlləsi ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 saat əvvəl verilməlidir.

 

**

15:34

Prezident İlham Əliyev gömrük xidmətləri ilə bağlı mühüm  fərman imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamına uyğun olaraq malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” təsdiq edilib.

 

Fərmanda bildirilir:

 

1. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

2.1. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

2.4. bu Fərmanla təsdiq edilmiş Qaydalarda nəzərdə tutulan buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastrukturun yaradılması üçün maliyyələşməni təmin etsin;

 

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmanla təsdiq edilmiş Qaydalarda nəzərdə tutulan buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar iki ay müddətində müvafiq infrastrukturun yaradılması üçün tədbirlər görsün.

 

5. Bu Fərmanla təsdiq edilmiş Qaydalar 2016-cı il avqustun 1-dən qüvvəyə minir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar