Elmir Səfərli
24 avqust 2022 17:45 (UTC +04:00)

Elmir Səfərli

“Xarici investisiyanın regionlara transferi faydalı olacaq” - Müsahibə

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqaməti üzrə

Lent.az-ın müsahibi iqtisad üzrə fəlsəfə doktoru Elmir Səfərlidir.

- Elmir bəy,  ölkəmizin regionlarında emal sənayesinin, kənd təsərrüfatı sektorunun, turizmin, istehsalın effektiv potensialının artırılması, məşğuluq səviyyəsinin yüksəldilməsi istiqamətində hansı işlər görülüb?  

-  Bir ölkənin iqtisadiyyatının dinamik və davamlı inkişafı birbaşa olaraq iqtisadiyyatın şaxələndirilməsindən, dayanıqlı olmasından və eyni zamanda iqtisadiyyatın bütöv ölkə səviyyəsində diversifikasiyasından asılıdır. Bildiyiniz kimi, müstəqillikdən sonra Azərbaycan iqtisadiyyatının formalaşmasında ən əsas prioritet sahə neft-qaz sektoru olub. Bu baxımdan demək olar ki, “Əsrin müqaviləsi” imzalanmasından 2005-ci ilə qədər Azərbaycanda ümumi investisiya həcminin böyük hissəsi neft-qaz sektoruna yönəldilmişdi. Lakin 2005-ci ildən etibarən aparılan islahatların gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı konsepsiyaların tətbiqi, eləcə də, qeyri-neft sektoruna dövlət dəstəyinin əhəmiyyətli dərəcə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi, regionların sosial iqtisadi inkişafı üçün milli proqramların hazırlanması və sistemləşdirilməsi, dinamik iqtisadi fəallığın artırılması, regionlara daxili və xarici investisiyaların cəlb edilməsi, ölkə hüdudları çərçivəsində bərabər imkanlarla istehsal obyektlərinin qurulması və eləcə də istehsal olunan məhsulların ixrac potensialının artırılmasında dövlət dəstəyinin təmin olunması Azərbaycan iqtisadiyyatının inkişafı və qlobal iqtisadiyyatın bir parçası olmaq üçün əhəmiyyət kəsb etdi. İmzalanan sərəncamlar, tətbiq olunan milli proqramlar, eyni zamanda paytaxtla bərabər regionlarda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar və tətbiq olunan strategiyalar uzunmüddətli dövrdə ölkə iqtisadiyyatını dayanıqlı, sağlam və tarazlı etdi. Bütün bu sistemli addımların əsas məqsədi, regionlarda sosial inkişafın formalaşdırılması, qeyri-neft sektorunun, xüsusi ilə də, emal sənayesinin, kənd təsərrüfatı sektorunun, turizmin, istehsalın effektiv potensialının artırılması, regionlarda məşğuluq səviyyəsinin yüksəldilməsi, yoxsulluq səviyyəsinin minimuma endirilməsi və eləcə də, irimiqyaslı infrastrukturun qurulmasıdır.  

-  İqtisadiyyatın regionlarda diversifikasiyasının təmin olunmasını hədəfləyən proqramlar özünü doğrultdu?

-  Ölkə prezidentinin müxtəlif illərdə imzaladığı dövlət proqramları da regionların inkişafı üçün müstəsna rol oynayıb. 2004-2008-ci illərdə, 2008-2014-cü illərdə, 2014-2018-ci illərdə imzalanmış proqramların əsas məqsədi də iqtisadiyyatın regionlarda diversifikasiyasının təmin olunması idi. Regionlarda fəaliyyət göstərən sahibkarlara xüsusi vergi güzəştlərinin olması, onlar üçün təşviq strategiyaların hazırlanması və tətbiqi, fermerlərin, eləcə də, kiçik ailə müəssisələrinin effektiv fəaliyyəti üçün lazımlı infrastrukturun qurulması, elektron sistemlərin yaradılması və aparılan proseslərin sadələşdirilməsi, irimiqyaslı subsidiya proqramlarının region əhalisi üçün tətbiqi,  region əhalisinin yaşam səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda regionda fəaliyyət göstərən şəxslərə maliyyə əlavələrinin verilməsi, onlara tibbi və sağlamlıq xidmətlərinin verilməsi imkanlarının artırılması, eləcə də, xarici dövlətlərlə imzalanmış investisiya proqramlarının regionlara transfer edilməsi güclü sosial iqtisadi inkişafa əhəmiyyətli dərəcədə təsir edib.

- Bəs gələcək üçün hansı layihələr var?

- 2021-ci ildə bütünlüklə  ölkə üzrə, xüsusən də regionlarla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” konsepsiyası təsdiq edildi. Bu konsepsiyaya əsasən ölkənin 2021-2030-cu illərində xüsusi uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyası formalaşdırılmalı, əhalinin rifah səviyyəsinin artırılması istiqamətində addımlar atılmalı, biznes və investisiya mühiti təkmilləşdirilməli, və ümumi inkişaf çərçivəsində Milli Prioritetlər müəyyənləşdirilməli və tətbiq edilməlidir.

- 30 il işğalda olmuş torpaqlarımız azad olundu. Minalardan təmizlənmə əməliyyatlarından sonra bu torpaqlar ölkəmizin iqtisadiyyatına hansı  həcmdə töhfə verəcək?

- İşğaldan azad olunan torpaqların boşaldılması həyata keçirildikdən sonra iki əsas məsələ gündəmə gəldi. Birinci məsələ, əhalinin rayonlara köçürülməsinin təmin edilməsi istiqamətində ilkin infrastruktur layihələrinin həyata keçirilməsi və ikinci mövzu isə, regionun iqtisadi aktivliyini həyata keçirtmək üçün müxtəlif sahələr üzrə investisiyaların yatırılmasıdır. 
Hələ Qarabağ probleminin mövcud olduğu dövrlərdə belə Azərbaycan dünyada investisiya qoyuluşuna görə ən cəlbedici ölkələr sırasında olmuşdur. Bütünlükdə, 1995-2018-ci illər ərzində Azərbaycana ortalama 140 milyard ABŞ dolları həcmində xarici investisiya cəlb olunmuşdu. Bu sərmayələrin 30%-i Azərbaycan hökumətinin və eləcə də, ölkə sərhədləri içərisində fəaliyyət göstərən müxtəlif özəl qurumların beynəlxalq maliyyə təşkilatlarından aldığı kreditlərin payına düşür. İnvestisiyaların digər qismi isə birbaşa xarici investisiyalar olaraq qeydə alınıb. Belə qənaətə gəlmək mümkündür ki, Qarabağ münaqişəsinin həll olunması ölkəyə olan investisiya marağını daha da artıracaq, yaxın bir neçə il ərzində regiona yatırılması planlanan sərmayələrin həcmi bir neçə dəfə artacaq. Regionun siyasi, coğrafi mövqeyi və eyni zamanda potensial resursları da həm yerli, həm də xarici investorların marağını çəkməkdədir. Bu gün bir çox beynəlxalq təşkilatlar və bizneslər  öz fəaliyyət sahəsinə uyğun olaraq azad edilmiş ərazilərə sərmayə yatırmağa hazırdır. Düşünürəm ki, ilkin mərhələdə, kiçik və orta biznes səviyyəsində ediləcək investisiyalar növbəti mərhələdə böyük həcmli investisiyalar üçün xüsusi təşviq rolunu oynayacaq. 
Növbəti 10 illik planda isə ümumilikdə ölkə səviyyəsində sosial-iqtisadi maraqların təmin olunması istiqamətində işlər artırılmalı və ümumilikdə Milli İnkişaf Prioritetlərindən yola çıxaraq yeni strategiyalar tətbiq olunmalı, texnolojik inkişaf meyarları ölçülərək inkişaf istiqamətli işlər görülməlidir.

- Konkret hansı təklifləri irəli sürə bilərsiniz?

1) Regionların iqtisadi resurslarından istifadə etməklə, bölgələrin iqtisafi fəallığı artırılmalı, o ərazilərdə yaşayan insanların gəlir səviyyəsi və iş imkanları yüksəldilməli,  regionlarda məhsul və xidmət istehsalının artırılması üçün bazar şərtləri daha da asanlaşdırılmalı, sağlam rəqabət mühiti formalaşdırılmalı və eyni zamanda, sosial xidmətlərin əlçatanlığı artırılmalıdır.

2) Ölkə səviyyəsində son on ildə baş verən institusional problemlər aradan qaldırılmalı, prioritet sahələr üzrə qanunvericilik və eyni zamanda hüquqi normativ baza təkmilləşdirilməli və səmərəlilik artırılmalıdır.

3) Qeyri-neft sektoru üzrə investisiyaların həcmi artırılmalı, xarici investisiyaların cəlb edilməsi istiqamətində təşviq proqramları hazırlanmalı və tətbiq edilməlidir. 

4) Neft iqtisadiyyatından elm, texnologiya və süni intellekt iqtisadiyyatına keçid sürətlənməli, rəqəmsal transformasiya üzrə hökumət strategiyası hazırlanmalı və təkmilləşdirilməli, innovativ texnoloji və maddi idarəçilik prinsipləri əsasında dayanıqlı iqtisadi inkişaf formalaşdırılmalı, yaşıl iqtisadiyyat və innovativ metodlar tətbiq edilməlidir.

Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1986
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar