Siqaretlər satışdan yoxa çıxır, bahalaşır, dövlət qurumu isə... SƏBƏBİ AÇIQLAMIR
18 may 2022 15:15 (UTC +04:00)

Siqaretlər satışdan yoxa çıxır, bahalaşır, dövlət qurumu isə... SƏBƏBİ AÇIQLAMIR

Azərbaycanda 10 gündən çoxdur siqaret qıtlığı problemi yaranıb. 

Lent.az-ın məlumatına görə, hətta bəzi siqaretləri satışda tapmaq, ümumiyyətlə, mümkün deyil. 

Məsələn, “Sobranie” və “Winston” adlı siqaretlər elə bu siyahıdadır. Bundan başqa, digər siqaretlər satışda olsa da, onların da qiymətində müəyyən bahalaşmalar müşahidə olunur. 

Bəs, buna səbəb nədir?

Məsələ ilə bağlı mətbuata açıqlama verən ən böyük siqaret istehsalçısı olan “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, beynəlxalq məhsulların istehsalı üçün tələb olunan xammallar bu ilin mart ayına kimi Ukraynada yerləşən fabriklərdən gəlirdi. Lakin Ukraynada başlayan müharibə səbəbindən bu xammalların fabrikə təchizatı mart ayından regionun digər ölkələrindən, əsasən, Türkiyədən həyata keçirilir.

Sadəcə, bunu bilmək bizim kimi əminəm ki, sizi də qane etmədi. Çünki biz hər zaman rəsmi açıqlamanı gözləyirik. 

Amma məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu göndərsək də, cavab ala bilmədik. Sorğunun üzərindən 6 gün keçməsinə baxmayaraq hələ də cavab verməyiblər. Hər dəfə zəng edəndə əməkdaşları ya sorğunu cavabdeh olan şöbəyə yönləndirir, ya da məşğul olduqlarını bəhanə gətirirlər.

Görünən odur ki, məsələ tək bizlərə deyil, problemin aidiyyatı olduğu quruma da qaranlıq qalıb.
 

# 3738
avatar

Aytəkin Cəlali

Oxşar yazılar