2026-cı il təkcə hesabat ili deyil, həm də istiqamətin yenidən müəyyənləşdirilməsi ilidir.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbax WUF13 çərçivəsində keçirilən nazirlər iclasındakı çıxışında deyib.
“Bu gün burada kritik bir məqamı qeyd etdiyimiz bir vaxtda iştirak etməkdən şərəf duyuram. On il əvvəl üzv dövlətlər Quito şəhərində keçirilən BMT-nin Mənzil və Dayanıqlı Şəhər İnkişafı Konfransında Yeni Şəhər Gündəliyini qəbul etdilər. Bundan on il sonra isə gündəliyin 20 illik icra müddəti başa çatacaq.
Bu o deməkdir ki, 2026-cı il təkcə hesabat ili deyil, həm də istiqamətin yenidən müəyyənləşdirilməsi ilidir. Bu, nəyin uğurlu olduğunu, nəyin kifayət qədər sürətlə irəliləmədiyini və nələrin fərqli edilməli olduğunu soruşmaq ilidir.
Yeni Şəhərsalma Gündəliyi mənzil və dayanıqlı urbanizasiya üçün ən mühüm qlobal çərçivə olaraq qalır. Bu sənəd bizə xatırladır ki, şəhərlər və yaşayış məntəqələri yalnız problemlərin toqquşduğu yerlər deyil, eyni zamanda həllərin geniş miqyasda tətbiq oluna bildiyi məkanlardır.
Son onilliklər ərzində biz real irəliləyişlərin şahidi olmuşuq. Milli şəhər siyasətləri artıq əlaqələndirilmiş şəhər inkişafı üçün əsas alətlər kimi tanınır.
Təxminən 160 ölkə şəhər siyasəti çərçivələrini qəbul edib və ya hazırlayır, yaxud bunları milli inkişaf strategiyalarına daxil edib. Ölkələrin üçdə ikisindən çoxu milli mənzil siyasətlərini qəbul edib və burada ən çox diqqət yetirilən məsələ əlçatanlıq olub.
Təxminən 300 şəhər və submilli hökumət yerli hesabatlar dərc edib ki, bu da yerli fəaliyyətlərin milli prioritetlər və qlobal öhdəliklərlə əlaqələndirilməsinə kömək edir.
Yerli prioritetlər iqlim siyasətlərində də getdikcə daha çox əks olunur. Şəhər kontekstlərini ehtiva edən milli töhfə sənədlərinin payı 2021-ci ildə 49 faizdən 2025-ci ildə 80 faizə yüksəlib. Bunlar mühüm nailiyyətlərdir, lakin yetərli deyil.
Baş katibin Yeni Şəhərsalma Gündəliyinin icrası üzrə irəliləyiş hesabatı göstərir ki, tətbiq qeyri-bərabər olaraq qalır və bir çox sahədə kifayət qədər deyil.
Çox vaxt öhdəliklər davamlı investisiyalara, yerli səviyyədə nəticələrə və insanların həyatında ölçülə bilən yaxşılaşmalara çevrilməyib. Mənzil məsələsi bunu çox aydın göstərir.
Bu gün dünyada bir milyarddan çox insan gecəqondularda və ya qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır. Son on ildə isə əlavə olaraq 120 milyondan çox insan bu cür yaşayış yerlərinə köçüb və ya orada yaşamağa başlayıb.
Mənzil əlçatanlığı ilə bağlı təzyiqlər müxtəlif regionlarda və bütün gəlir qruplarında ailələrə təsir edir. Çünki bir çox şəhərlərdə mənzil tikintisi tələbatdan geri qalır.
Mənzil məhrumiyyətinin ən ağır formalarından biri olan evsizlik həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə artan problemə çevrilir.
Bunlar yalnız bir neçə şəhərin və ya ölkənin təcrid olunmuş problemləri deyil. Bunlar insanların işə, təhsilə, səhiyyəyə, nəqliyyata, xidmətlərə, təhlükəsizliyə və imkanlara çıxışını məhdudlaşdıran ümumi inkişaf problemləridir.
Eyni zamanda onların həyatı iqlim və təbii fəlakət risklərinə də daha çox məruz qalır. Bir çox şəhərlərdə sel, istilik dalğaları və torpaq sürüşmələri kimi təhlükələrə ən çox məhz yoxsul insanlar məruz qalır.
Baş katibin hesabatı göstərir ki, şəhərlərdə risk səviyyəsi sürətlə artır və şəhərlərin 80 faizindən çoxu ciddi təhlükələrlə üz-üzədir.
Məhz buna görə, Ümumdünya Şəhərsalm Forumu 13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir.
Əgər Yeni Şəhərsalma Gündəliyinin icrasını sürətləndirmək istəyiriksə, adekvat mənzil dayanıqlı inkişafın əsas hərəkətverici qüvvəsi kimi qəbul edilməlidir. Bu, yalnız ayrıca bir sektor və ya təkcə mənzil təchizatı məsələsi deyil.
Bu, torpaq məsələsidir. Bu, infrastruktur məsələsidir. Bu, maliyyə məsələsidir. Bu, idarəetmə, iqlim fəaliyyəti və insan hüquqları məsələsidir.
Növbəti onillik buna görə genişmiqyaslı icra dövrü olmalıdır.
Bu isə o deməkdir ki, inteqrasiya olunmuş mənzil siyasətləri geridə qalmaq riski olan insanlara, o cümlədən qeyri-rəsmi yaşayış məntəqələrində yaşayanlara və evsizlik riski ilə üzləşənlərə üstünlük verməlidir.
Bu, genişmiqyaslı gecəqondu məhəllələrinin yaxşılaşdırılması proqramları deməkdir.
Bu, mənzilin torpaq, nəqliyyat, iş yerləri, ictimai məkanlar, infrastruktur və xidmətlərlə əlaqələndirilməsi deməkdir ki, mənzil inklüzivlik və imkanlara aparan bir vasitəyə çevrilsin.
Bu, dövlət investisiyaları, bələdiyyə maliyyəsi, torpaq əsaslı maliyyə alətləri, inkişaf maliyyəsi və uzunmüddətli əlçatanlığı dəstəkləyən tərəfdaşlıqlar daxil olmaqla daha güclü maliyyə sistemləri deməkdir.
Bu, həmçinin icmaların, vətəndaş cəmiyyətinin, özəl sektorun və inkişaf tərəfdaşlarının daha fəal iştirakını tələb edir. Lakin bu rol koordinasiyalı olmalıdır.
Və nəhayət, bu, daha yaxşı məlumat və monitorinq deməkdir.
Biz ölçə bilmədiyimiz prosesi sürətləndirə bilmərik.
Bu nazirlər görüşü buna görə də ilk onillikdəki icranı qiymətləndirmək, adekvat mənzili növbəti onilliyin şəhər transformasiyasının mərkəzinə yerləşdirmək və iyul ayında keçiriləcək Yeni Şəhər Gündəliyinin aralıq icmalı üzrə Baş Assambleya üçün siyasi impuls yaratmaq baxımından mühüm fürsətdir.
UN-Habitat üzv dövlətlərə, yerli və regional hökumətlərə və bütün tərəfdaşlara bu sahədə dəstək verməyə hazırdır.
Bizim yeni şəhərsalma planımız torpaq ehtiyatları, qeyri-rəsmi yaşayış məntəqələri barədə məlumatların yaxşılaşdırılması və dayanıqlı urbanizasiyanın sürətləndirilməsini əhatə edir.
Bugünkü müzakirələri açarkən, mən nazirləri və bütün iştirakçıları Yeni Şəhərsalma Gündəliyinin sürətləndirilmiş icrasına töhfə verməyə çağırıram.
Aralıq icmal yalnız hesabat xarakteri daşımamalıdır.
Gəlin bu görüşdən siyasi iradəni yeniləmək və Yeni Şəhərsalma Gündəliyinin növbəti onillikdə insanların həyatında real yaxşılaşmalar yaratmasını təmin etmək üçün istifadə edək”