1991-ci ildə isə Nizami Gəncəvinin 850 illik yubileyi Sovet İttifaqı səviyyəsində qeyd edilərkən SSRİ Mərkəzi Bankı dövriyyəyə şairin təsviri olan sikkə buraxdı. Bu, tarixdə dahi Nizaminin təsviri olan ilk pul nişanı idi. Beləliklə, tanınmış şəxsiyyətlər seriyasından olan sovet xatirə pullarında yer alan 27 nəfərdən biri də Nizami Gəncəvi oldu.
Texniki arayış
Seriya: Tanınmış şəxsiyyətlər
Nominal: 1 sovet rublu (SUR)
Buraxılış ili: 1991
Buraxılış sayı: 2 500 000 ədəd
Kütləsi: 12,8 qram
Diametr: 31 mm
Qalınlıq: 2,3 mm
Material: Mis-nikel ərintisi
Pulun aversindəki “Nizami Gəncəvi 850” ornamenti Şərq üslubundadır. Şair əlində lələk tutmuş şəkildə təsvir olunub. Masanın üzərində mürəkkəb qabı da yaddan çıxmayıb. Reversdə isə standart olaraq SSRİ-nin gerbi təsvir edilib, “SSRİ, 1 rubl 1991” yazısı həkk olunub.
2 il sonra isə sovet rublu yerini müstəqil Azərbaycanın milli valyutasına verdi. Üzərində Nizaminin təsviri olan rubl indi kolleksiyaçıların diqqət mərkəzindədir.
Lent.az-ın Rusiya KİV-ə istinadən araşdırmasına görə, hazırda üzərində Nizami Gəncəvinin əksi olan bu sikkə auksionlarda müxtəlif qiymətlərə təklif edilir.
Anumis.ru saytının məlumatına görə, sikkə oktyabrın 5-də hərracda 619 rubla ( təxmini 15 manat ) satılıb.