Azərbaycanda qaz itkiləri xeyli azalıb - FOTO
23 iyun 2023 20:52 (UTC +04:00)

Azərbaycanda qaz itkiləri xeyli azalıb - FOTO

Son sutkada 10 milyon 279 min kubmetr təbii qaz qəbul edilib

Lent.az-ın məlumatına görə, “SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə 22 iyun 2023-cü il tarixində respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 10 milyon 279 min kubmetr təşkil edib”. Bu sözləri SOCAR “Azəriqaz” İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib. Şöbə rəisinin sözlərinə görə Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul 7 milyon 357 min kubmetr, regionlar üzrə isə bu rəqəm 2 milyon 922 min kubmetr təşkil edib. “Sutka ərzində ümumi qəbulun 72 faizi Bakı şəhəri və Abşeron yarımadasının, 28 faizi isə regionların payına düşür”, - deyə Rasim Əhmədov bildirib. Qurum rəsmisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 322 min kubmetr az qaz qəbul edildiyini də media nümayəndələrinin diqqətinə çatdırıb. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə hər il qazlaşma işləri ilə paralel olaraq korroziyaya uğrayan, istismar müddəti başa çatan qaz xətlərinin yenilənməsi işlərinin həyata keçirildiyini qeyd edib. “Bütün bu işlər əsasən yay aylarında həyata keçirilir ki, abonentlərimiz qış aylarında təhlükəsiz və davamlı olaraq təbii qazla təmin olunsun. Birlik tərəfindən bu addımların atılması birbaşa abonent məmnunluğunun təmin olunmasına xidmət edir”,-deyə şöbə rəisi vurğulayıb. Eldəniz Vəliyev həmçinin yenidənqurma işlərindən sonra itkilərin azalmasında xeyli irəliləyiş olduğunu da media nümayəndələrinin diqqətinə çatdırılıb. Daha sonra “Açıq qapı” aksiyası jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

# 1719
avatar

Oxşar yazılar