Asiyalı milyarderlər Qautam Adani, Lou Tak Kvonq, Kolin Huan, Vu İlin və Ravi Caypuriya gəlir səviyyələrində ümumi azalma fonunda 2022-ci ildə birgə sərvətlərini 90 milyard dollardan çox artıra biliblər.
Lent.az bildirir ki, bu barədə “Forbes” məlumat yayıb.
Ən çox 2022-ci ildə “Adani Group”un sahibi hindistanlı 60 yaşlı Qautam Adani sərvətini artıra bilib. Hazırda onun aktivləri 116,8 milyard dollar səviyyəsindədir, təkcə 2022-ci ildə onlar 55 milyard dollar artıb.
İkinci yeri “Bayan Resources”un sahibi, indoneziyalı 74 yaşlı Lou Tak Kvonq tutub. Bu il o, 16 milyard dollar qazanıb, sərvəti isə 25,2 milyard dollardır.
Üçüncü yeri “Pinduoduo” bazarını yaradan çinli 42 yaşlı Kolin Huan tutur. Onun sərvəti 29,6 milyard dollardır və il ərzində artım 11 milyard dollar təşkil edib.
Dördüncü yerdə “Yiling Pharmaceutical” şirkətinin rəhbəri çinli 73 yaşlı Vu İlindir. Onun sərvəti 4,9 milyard dollar, il ərzində artımı 4 milyard dollardır. Onun şirkəti koronavirus da daxil olmaqla virus infeksiyalarına qarşı dərmanlar, həmçinin ürək-damar, onkoloji, uroloji və digər xəstəliklərin müalicəsi üçün dərmanlar istehsal edir.
İlk beşliyi “RJ Corp”un rəhbəri olan hindistanlı 68 yaşlı Ravi Caypuriya tamamlayır. Hazırda onun sərvəti 8,9 milyard dollar, illik artımı isə 3,9 milyard dollar qiymətləndirilir. O, KFC, “Pizza Hut” və “Costa Coffee” kimi aktivləri idarə edir.