Yeni növ koronavirus epidemiyası iqtisadi cəhətdən dünyanı yeni bir nizama sürükləyir. Bir çox sahədə olduğu kimi aviaşirkətlərin də vəziyyəti ürəkaçan deyil.
Lent.az xəbər verir ki, dünyada uçuşla bağlı məlumatları təhlil edən Flightradar24 veb saytına görə, dünya miqyasında uçuş sayında tarixi azalma var.
Məlumdur ki, bir çox ölkələr koronavirusa yoluxma riskini azaltmaq üçün təyyarə reyslərini təxirə salıb. Bu isə öz növbəsində uçuşların mart ayına olan sayına təsirini göstərib.
Belə ki, sadəcə son iki həftədə beynalxalq hava nəqliyyatı sahəsində bənzəri olmayan bir azalma var.
Məsələn, 21 fevralda 196 min 756 uçuş həyata keçirilərkən, mart ayının ortalarında bu rəqəm 155 minə geriləyib. 29 marta kimi isə say 64 522-yə qədər düşüb.
Martın 30-da qeydiyyata düşən uçuş sayı 74 295 olub. Ayın son günü bu say 77 min 468-ə yüksəlib. Beləliklə, son bir ayda hava nəqliyyatı sahəsində 50 faizdən çox azalma özünü göstərib. Bundan başqa, bu ilin ikinci rübündə qlobal reaktiv yanacaq istehlakının 60-70 faiz azalması göslənilir.
Bu məhdudiyyətlər səbəbindən beynəlxaql iqtisadi artımın iki fazidən az olacağı gözlənilir. Mütəxəssislərin fikrincə, koronavirus səbəbindən azalan uçuşların ən böyük təsiri aprel və may aylarında hiss ediləcək.