Bu il şəhid ailələri və müharibə əlillərinə 400 avtomobil təqdim ediləcək - RƏSMİ
13 fevral 2020 16:00 (UTC +04:00)

Bu il şəhid ailələri və müharibə əlillərinə 400 avtomobil təqdim ediləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəylinin APA-ya müsahibəsi:

- 2019-cu il sosial islahatlar ili kimi yadda qaldı. Eyni zamanda sosial təminat növləri üzrə ödənişlərdə, habelə pensiyalarda artımlar oldu. 2020-ci ildə hansı yeniliklər gözlənilir?

- Bu ilki gözləntilər 2019-cu ildə başladılan proseslərin davamıdır. 2019-cu ildə bir çox istiqamətlərdə islahatlar həyata keçirilib. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq, vətəndaşların maddi rifahının yaxşılaşdırılması, inzibatçılığın təkmilləşdirilməsi, elektronlaşmanın həyata keçirilməsi istiqamətində çox ciddi addımlar atılıb. Eyni zamanda qanunvericilik sahəsində islahatlar həyata keçirilib. Təxminən 300-ə yaxın normativ hüquqi akta müvafiq düzəlişlər və yenilənmələr həyata keçirilib. Bundan əlavə, sosial siyasətə yanaşmada ciddi addımlar atılıb, beynəlxalq təşkilatlarla müəyyən konseptual planın, yol xəritəsinin hazırlanmasına başlanılıb. Bu istiqamətdə olan addımlar 2020-ci ildə də davam etdiriləcək. 

 

Minimum əmək haqlarının, minimum pensiya məbləğinin yenidən artırılması, eyni zamanda orta əmək haqqı göstəricisinin və orta pensiya məbləğinin kifayət qədər yüksəlməsi gözlənilir. Orta pensiyanın təxminən 300 manata, orta əmək haqqının isə 730 manatın üzərinə çatması hədəf kimi müəyyən olunub. Qeyd edim ki, 2019-cu ildə orta əmək haqqı 16,6 faiz artaraq 544 manatdan 635 manata, orta pensiya məbləği isə 228 manatdan 262 manata yüksəlib. 

- Ötən ildən etibarən avtomatlaşdırılmış pensiya təyinatı sistemi tətbiq olunmağa başlayıb. Bunun effekti necə olub və ötən dövrdə nə qədər adama avtomatlaşdırılmış qaydada pensiya təyin olunub?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gələcəyi avtomatlaşdırma ilə bağlıdır. Vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığının tam yüksək səviyyəyə çatdırılmasına çalışırıq. Burada avtomatlaşdırma, elektron təyinatla yanaşı, proaktiv təyinatı da həyata keçirdik. Elektron təyinatda vətəndaşın müraciətinə ehtiyac var, proaktiv təyinatda isə buna ehtiyac yoxdur. Sistem özü vətəndaşın bu hüququnu müəyyən edir və hüququn yarandığını müəyyən etdikdə proaktiv qaydada vətəndaşın müraciəti olmadan belə ona hüquq tanınır. 

Avtomatlaşdırılmış pensiya təyinatına 2019-cu ilin yanvarın 1-dən başlanılıb. Bir il ərzində 15 min insanın proaktiv qaydada pensiya təyinatı həyata keçirilib. Əvvəllər pensiya təyinatının növlərindən asılı olaraq bəzən 10-a yaxın sənəd və bir aydan çox vaxt tələb olunurdu. Vətəndaş həmin sənədləri fərqli qurumlardan toplayırdı. Bu sistemin proaktiv qaydaya keçilməsi ilə vətəndaşların həmin xidmətə əlçatanlığı maksimum səviyyəyə çatıb. Eyni zamanda həmin o sənədlərin toplandığı orqanların işi və bizə olan müraciətlər azalıb. ƏƏSMN qanunvericilik islahatı çərçivəsində 80-ə yaxın müavinət-təqaüd növünü unifikasiya edərək sayını təxminən 30-a qədər azaldıb. Hazırda onların 19-nun təyinatını pensiyada olduğu kimi proaktiv qaydaya keçirmişik. Bu, o deməkdir ki, bu ildən elektronlaşmış müavinət, təqaüd və pensiya növləri vətəndaşların hər hansı müraciətinə ehtiyac olmadan proaktiv qaydada təyin ediləcək. 

- Ümumilikdə, sosial təminat sistemi üzrə hansı elektron təyinat sistemləri var və bu e-təyinat sistemləri ildə nə qədər adama proaktiv qaydada xidmət göstərməyə imkan verir?

- Fərqli müavinət növləri var. Hər müavinət və təqaüd növü üzrə bizə illik nə qədər müraciət olduğunu araşdırdıq. Ən böyük müraciət sayı doğuma görə müavinətdir. Bununla bağlı illik təxminən 130 min müraciət olur. Ötən ilin oktyabrından həmin müavinətin təyinatını proaktiv qaydaya keçirə bildik. Amma bu müavinət iki hissədə - dövlət büdcəsindən və işləyən vətəndaşlar üçün MDSS, yəni sosial sığorta hesabına DSMF büdcəsindən ödənilir. 

Biz dövlət tərəfindən ödəniləni avtomatlaşdırdıq. Bununla həmin müavinət növü üzrə təxminən 90 mindən artıq müraciətə ehtiyac qalmayacaq, onlar avtomatik qaydada öz müavinətlərini alacaqlar. Avtomatlaşdırmadan öncə bu müavinət növü üçün 6 sənəd tələb olunurdu. Hazırda bunların sayı 0-a endirilib. Bu il həmin müavinətin ikinci hissəsinin də avtomatlaşması üçün addımlar atılacaq.

Bundan əlavə, əlillik üzrə müavinətlərin və təqaüdlərin avtomatlaşmış təyinatı həyata keçirilib. Bununla bağlı il ərzində təxminən 15-20 min müraciət olur, bu müraciətlərə artıq ehtiyac olmayacaq. Fəxri adlarla bağlı təqaüdlərin bir hissəsinin də avtomatlaşmasına nail olmuşuq, digər mənbələrdən ödənilən hissəsinin də avtomatlaşmasını bu il yekunlaşdıracağıq. Sağlamlıq imkanları məhdud uşaqların müavinət və qulluq təqaüdləri artıq proaktiv qaydaya keçirilib. Hazırda təxminən 70 minə yaxın insan bu təqaüd və müavinət növünü elektron qaydada əldə edir. Onların illik təxminən 5-10 min nəfəri üçün bu müavinət növü üzrə təyinat proaktiv həyata keçiriləcək. 

Bundan əlavə, e-arayış sistemi də tətbiq edilib. Nazirliyə təxminən 30-a yaxın arayışla bağlı illik 300 minə yaxın müraciət olurdu. 2019-cu ildə bu arayışların 15-ni elektron müstəviyə keçirdik. Hazırda e-sosial portalı vasitəsilə vətəndaşlar elektron arayışlarını real vaxt rejimində əldə edə bilirlər. Bu, bütün özəl və dövlət orqanları üçün keçərli arayış növünə çevrilib.

- Özəl pensiya fondlarının yaradılması ilə bağlı uzun zamandır müzakirələr davam edir. Yaxın zamanlarda belə fondun yaradılması nəzərdə tutulubmu? 

- Bu, bizim daim müzakirə etdiyimiz, eyni zamanda beynəlxalq ekspertlərlə ortaq çalışdığımız məsələlərdən biridir. Hazırda BMT-nin İnkişaf Proqramı və PwC şirkətilə birgə layihə həyata keçiririk. Bu layihənin sonunda Azərbaycanda  pensiya fondunun tam anlamda yeni müstəviyə keçirilməsini hədəf kimi müəyyən etmişik. Eyni zamanda özəl pensiya fondlarının yaranması, bunu hansı formada və meyarlarla tətbiq edəcəyimiz üzərində işləyirik. Dünya təcrübəsində 0-dan başlayaraq 4 pensiya pilləsi var. Sıfır pillə həmrəylik prinsipinə, yəni sosial sığortaya, vətəndaşın ödədiyi məbləğə əsaslanmadan hər kəsin eyni məbləğdə pensiya almasını ehtiva edir. Bu, daha çox sosialist ölkələrin pensiya sisteminə bənzəyir, bəzi dövlətlərdə hələ də var. Biz bu pillədən bir addım önə keçərək birinci pilləni, yəni, sosial sığorta prinsipini tətbiq edirik. Bu, vətəndaşın ödədiyi sosial sığorta haqları müqabilində onun pensiyasının alınması pilləsidir. İkinci pillə özəl pensiya fondlarının, üçüncü isə tam könüllü pensiya fondlarının tətbiqidir. İkinci və üçüncü pillələrin tətbiqi ilə bağlı aktiv işlər aparırıq və bir çox ölkələrin təcrübələrini nəzərdən keçiririk. Son olaraq Nazirliyin geniş nümayəndə heyəti Baltikyanı ölkələrdə təcrübə mübadiləsində oldu, kifayət qədər maraqlı nəticələr əldə etdik. Eyni zamanda özəl həyat sığorta şirkətləri ilə ortaq İşçi Qrup yaratmağı hədəfləyirik ki, üçüncü pillənin tətbiqində onların təcrübəsindən faydalanaq. Düşünürük ki, bu il Azərbaycanın ortaq seçəcəyi model müəyyən ediləcək. Bu fondların tətbiqi ilə bağlı müəyyən qanunvericilik aktları da qəbul edilməlidir. Bu, çox həssas mövzudur, bir çox ölkələrdə özəl pensiya fondları tətbiq olunsa da, daha sonra onların uğurlu nəticələri müşahidə edilmədi. Digər ölkələrin həm müsbət, həm də mənfi təcrübələrini əsas tutaraq yaxşı model seçmək istəyirik ki, onun tətbiqi formal yox, real xarakter daşısın. 

- Pensiyaların indeksləşdirilərək artırılması nə qədər vətəndaşı əhatə edəcək? Həm də ölkədə ilk dəfə belə yüksək faizlə indeksləşdirilərək artım həyata keçiriləcək.

- Pensiyaların indeksləşdirilərək artırılması Azərbaycanda iki növ üzrə aparılır. İlin əvvəlində vətəndaşların aylıq pensiya məbləğlərinin, yəni pensiyanın sığorta hissəsinin indeksləşməsi həyata keçirilib. Eyni zamanda, vətəndaşların fərdi kapitalında olan məbləğ, yəni, gələcəkdə pensiya hüququ yaranan zaman onun istifadə edəcəyi məbləğ də hər il indeksləşdirilir. Aylıq pensiya məbləğlərinin indeksləşdirilməsi əmək haqqının artım tempinə uyğun olur.   

Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2019-cu ildə orta aylıq əmək haqqı tempinin artımı 16,6 faiz təşkil edib. Ölkə başçısının imzaladığı sərəncama əsasən, pensiya məbləğləri yanvarın 1-dən 16,6 faiz artırıldı. Bu qərar 1 milyon 120 mindən çox vətəndaşa təsir edir. Xüsusi şərtlərlə pensiya əldə edən şəxslər var ki, onların pensiyası indeksasiyaya əsasən deyil, əvvəllər tutduğu vəzifədəki maaşa uyğun artırılır. Bu artım 2019-cu ilin sentyabrın 1-də həyata keçirilib və müxtəlif kateqoriyalarda onların pensiyalarında təxminən 20-40 faizə qədər artımlar olub.   

Fərdi kapitalın indeksləşməsi isə 2019-cu il üzrə istehlak qiymətlərinin artım tempinə uyğun olaraq indeksləşdirildi. Bu rəqəm də 2,3 faiz olaraq şəxsin pensiya kapitalında olan məbləğə tətbiq ediləcək.

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan ünvanlı dövlət sosial yardımı ilə bağlı qanunvericilik layihələri hökumətə təqdim edilib. Bu layihələrdə sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün hansı dəyişiklər var?

- Burada bir çox dəyişikliklər var, ünvanlı sosial yardım çox vacib saydığımız alətlərdən biridir. Bu model bizdə uzun müddətdir işləsə də, təkmilləşdirilməsinə ehtiyac var. 2019-cu ildə bununla əlaqədar ortaya kifayət qədər təkliflər qoyduq. Vətəndaşların bu alətə əlçatanlığı sadələşməlidir, artmalıdır. Ünvanlı sosial yardım üçün vətəndaşlardan elektron qaydada bir çox məlumat tələb edilirdi, bunu sıfıra endirdik. 

Hazırda ünvanlı sosial yardımın verilməsi üçün tələb olunan meyarları azaldaraq onun digər dövlət orqanlarından elektron müstəvidə alınmasını təmin edirik. Çünki vətəndaşlardan alınan məlumatla mövcud bazadan alınan məlumat arasında çox cüzi bir ziddiyyət yarananda belə imtina verilirdi və vətəndaş əziyyət çəkirdi. Biz hazırda çalışırıq ki, vətəndaşlar mövcud bazalarda olan məlumatlar əsasında təhlil edilsin və ünvanlı sosial yardımın təyini və ya imtinası onun üzərində həyata keçirilsin. Bu məlumatların alınmasında səbəb gəlirləri əsasında vətəndaşın aztəminatlı kateqoriyaya aid edilib-edilməməsini müəyyən etməkdir. Bu baxımdan vətəndaşların həm gəlirlərini, həm də xərclərini təhlil edirdik.

Amma sistemlərimizi tam inteqrasiya etdikdən və istədiyimiz səviyyəyə gəldikdən sonra artıq vətəndaşların xərclərini təhlil etməməyi hədəf kimi müəyyən etmişik. 

Önəmli dəyişikliklərdən biri odur ki, biz ünvanlı sosial yardım təyin edildikdən sonra vaxtaşırı vətəndaşın aylıq gəlirlərində dəyişiklikləri monitorinq edirdik. Dəyişiklik baş verdikdə və ailə bunu bizə bildirmədikdə ona qanunvericiliklə imtina verilirdi və 2 illik məhdudiyyət qoyulurdu. Bu isə çox sərt yanaşma idi. Biz bu yanaşmanı aradan qaldırırıq. 

Vətəndaşın, ailənin gəlirində olan dəyişikliklə bağlı məlumatı artıq ailədən deyil, inteqrasiya olunmuş məlumat şəbəkəsindən alınmasına yönləndiririk ki, vətəndaşın bir çox istiqamətlərdə məlumat vermək vəzifəsinə ehtiyac qalmasın. Məlumat verilmədikdə imtinaya da səbəb olmasın. Bu, çox önəmli istiqamətdir. Yaxın vaxtlarda bu dəyişikliklər qanunvericilik müstəvisində qəbul olduqdan sonra bunların hamısını tətbiq edəcəyik. Bu tətbiq olunduqdan sonra həm qanunvericilik, həm də bizim İT infrastrukturu istiqamətində həyata keçirdiyimiz təkmilləşdirmələr vətəndaşların ünvanlı sosial yardıma müraciətini kifayət qədər asanlaşdıracaq. Bu sahədə təyinatların sayı da kifayət qədər artacaq. 

- Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı bu il nə qədər insanı əhatə edəcək?

 - 2018-2020-ci illərdə şəhid ailələrinə və müharibə əlillərinə mənzil təminatı, eyni zamanda müharibə əlillərinə avtomobil təminatında kifayət qədər artıma nail olmuşuq. 2018-ci ildə cəmi 265 avtomobil, 626 mənzil təqdim etmişdiksə, 2019-cu ildə bu rəqəm avtomobildə 600-ə, mənzil sayında isə 934-ə çatıb. 2020-ci ildə 400 avtomobil və 1500 mənzil verilməsini hədəf kimi müəyyən etmişik. Göründüyü kimi, iki il ərzində iki dəfədən çox artıma nail olmuşuq. Ölkə rəhbərinin fərmanına əsasən, 2014-cü ilin 1 yanvar tarixinə qədər mənzillə bağlı növbədə olanların bütün ehtiyaclarını yaxın 2 il ərzində təmin etməyi düşünürük və buna nail olacağımıza inanırıq. Bu il avtomobil növbəsində olanların hamısını əhatə etməyə çalışacağıq. 2019-cu ildə 600 avtomobil təqdim edilib, bu il isə 400 avtomobil təqdim ediləcək. Bunun da səbəbi odur ki, növbədə olan cəmi 400 nəfər var. Məqsədimiz hər il bu rəqəmi artırmaqdır.

- Bu ilin əvvəlindən müavinətlər sistemində hansı yeniliklər tətbiq olunub?

- Bu, qanunvericilikdə təkmilləşdirilmənin aparılması, müəyyən uyğunsuzluqların, bəzi hallarda ədalətsiz yanaşmanın aradan qaldırılması və ümumilikdə sosial siyasət konsepsiyasında müəyyən yanaşmaların təkmilləşdirilməsi üzrə aparılan islahat idi. 1 yanvardan qeyd etdiyiniz qanun layihəsi artıq qüvvədədir. Əvvəllər bizdə bir neçə istiqamətdə uyğunsuz yanaşmalar mövcud idi. Məsələn, ailə başçısını itirməyə görə pensiya alan ailə üzvləri bəzi hallarda müavinət alanlardan daha az pensiya alırdı. Bizdə minimum pensiya məbləği 200 manatdır. Ailə üzvü iki nəfər idisə, 200 manat iki yerə bölünürdü, hər ailə üzvünə 100 manat ödəniş olunurdu. Ailə başçısını itirməyə görə müavinət məbləği isə 80 manatdır. Yəni iki ailə üzvü olanda 160 manatlıq müavinət, 200 manatlıq isə pensiya verilirdi. Amma ailə üzvünün sayı üç olanda 200 manatlıq məbləğ üçə bölünürdü, bir adama düşən məbləğ 80 manatdan daha az, təxminən 67 manat olurdu. Bu zaman müavinət rəqəmi pensiya rəqəmini ötürdü. Bu isə bizim sosial siyasət konsepsiyasına zidd rəqəm idi, çünki pensiya hər zaman müavinətdən daha çox olmalıdır. Bu uyğunsuzluğu aradan qaldırdıq və vətəndaşlara seçim imkanı verdik. Yəni, 1 yanvar tarixindən ailə üzvü üç və daha artıq, müavinət pensiyadan daha çox olanda vətəndaşın seçim hüququ yarandı və o, pensiyanı deyil, müavinəti almaq hüququnu əldə etdi. 

Digər dəyişiklik odur ki, əvvəllər ailə başçısını itirməyə görə müavinət və sağlamlıq imkanları məhdud 18 yaşına çatana qədər uşaqların müavinət növü var idi. Amma bunların hər ikisini uşaqlar eyni vaxtda ala bilmirdi.  Çünki bu iki müavinətin təyinat mahiyyətləri fərqli idi. Sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinətin mahiyyəti onların reabilitasiya, səhiyyə xərclərinin qarşılanması üçün nəzərdə tutulurdu, ailə başçısını itirməyə görə müavinət isə onların gündəlik məişət xərclərini qarşılamaq üçün verilirdi. Bu ikisinin eyni vaxtda alınmaması fəsad idi deyə, bunu da aradan qaldırdıq. Hazırda qanuna əsasən, bu uşaqlar müavinətlərin hər ikisini eyni vaxtda ala bilirlər.

Üçüncü düzəliş isə budur ki, əvvəllər yaşa görə pensiya hüququ əldə edə bilməyənlər yaşa görə müavinət alırdılar. Yaşa görə pensiya hüququ qadınlarda 61,5, kişilərdə isə 64,5 olduğu təqdirdə müavinətlər qadınlarda 62, kişilərdə isə 67 idi. Belə olduğu təqdirdə yenə də fəsad yaranırdı. Qadınlar pensiya hüququ əldə edə bilmədikdə 6 ay, kişilər isə 2 il 6 ay gözləməli idilər ki, müavinətlərini ala bilsinlər. Biz bu hüquqları bərabərləşdirdik. Hazırda həm qadınlar, həm də kişilər istənilən səbəbdən pensiya hüquqlarını əldə edə bilməyəndə həmin an yaşa görə müavinətlərini əldə edə bilirlər. Bu təyinat da proaktiv qaydaya keçirilib.

Həmin dəyişikliklər bu sahədə olan çox ciddi uyğunsuzluğu aradan qaldırmış oldu. 

- Son olaraq, ötən il “2019-2025-ci illərdə sosial xidmətlərin inkişafına dair Milli Strategiya” hazırlandığı qeyd edilirdi. Bu strategiya hazırlanıbmı və burada nələr nəzərdə tutulub? 

- Hazırda bu strategiyanın hazırlanması üzərində ciddi işlər gedir. Bu istiqamətdə BMT, UNİCEF, UAFA kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Strategiyada vətəndaşların əhatəli, daha keyfiyyətli sosial xidmətlə təmin oluna bilməsi üçün bütün müddəalar nəzərə alınacaq. Eyni zamanda Avropada Sosial Sığorta Xartiyası var, bu, bizim qəbul edəcəyimiz strategiyanın şərtlərinə uyğun olmalıdır. Biz bunun üzərində də işlər aparırıq. Yaxın zamanlarda bu strategiya ölkə rəhbərinə təqdim ediləcək.   

Strategiya birinci növbədə sosial xidmətlərin keyfiyyətinin artırılmasına imkan verəcək. Sosial xidmətlər istiqamətində yenilənmələrə, islahatlara, təkmilləşdirməyə çox ehtiyac var. Digər tərəfdən, strategiya çərçivəsində icma əsaslı xidmətlərin göstərilməsi də genişləndiriləcək.

Eyni zamanda xaricdə kifayət qədər geniş yayılmış dövlət-özəl tərəfdaşlıq formatına keçidi çox önəmli sayırıq. Bu sahədə qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən dövlətlə birlikdə müəyyən funksiyaların həyata keçirilməsi xidmət keyfiyyətinin artırılmasına, rəqabət mühitinin formalaşmasına gətirib çıxaracaq. Bunun nəticəsində də dövlətin göstərdiyi xidmətlərin keyfiyyəti müsbətə doğru dəyişəcək.

Bu istiqamətdə önəmli addımlardan biri də ölkə rəhbəri tərəfindən nazirliyə tabeli Sosial Xidmətlər Agentliyinin yaradılmasıdır. Bu Agentlik məhz ölkədə sosial xidmətlər siyasətinin vahid yanaşma ilə, struktur vasitəsilə idarə olunmasını həyata keçirəcək. Bu, çox önəmli islahatdır. Hazırda publik hüquqi şəxs olan Agentliyin yaranması üzərində ciddi işlər gedir. Düşünürük ki, yaxın bir neçə ay ərzində Agentliyin tam fəaliyyətini təmin edə biləcəyik.

Bizim məqsədimiz eyni zamanda “müraciət əsasında xidmət”dən “ehtiyac əsasında xidmət”ə keçidi təmin etməkdir. Yəni, biz vətəndaşın müraciətini gözləmədən onun hər hansı bir sosial dəstəyə ehtiyacını təhlil edir və xidmət göstəririk. Bu layihənin adı “DOST məsləhəti”dir. Düşünürük ki, Nazirliyin gələcəyi bu layihə ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3086
avatar

Oxşar yazılar