Azərbaycan lizinq bazarında böhran
12 may 2011 14:08 (UTC +04:00)

Azərbaycan lizinq bazarında böhran

Azərbaycanda fəaliyyət göstərən bəzi lizinq şirkətləri vəsait çatışmazlığı və ödəniş problemləri ilə üzləşib və bu səbəbdən lizinq əməliyyatlarının maliyyələşdirilməsini məhdudlaşdırıb.
ikidə bir

«APA-ECONOMICS»in apardığı araşdırmaya görə, bazarda fəaliyyət göstərən «UniLeasing», «AGLeasing», «Nikoil Leasing», «Parex Leasing & Factoring» və «Texnika Leasing» şirkətləri artıq vəsait çatışmazlığı səbəbindən əməliyyatları dayandırıb.


«UniLeasing» şirkətinin marketinq və reklam üzrə meneceri Elçin İbrahimovun «APA-economics»ə verdiyi məlumata görə, hazırda şirkət tərəfindən fiziki və hüquqi şəxslər tərəfindən alınan yeni avtomobillərin alışının maliyyələşdirilməsi dayandırılıb. «Lakin digər avadanlıqların kreditləşməsi davam etdirilir. Vaxtı ilə şirkət tərəfindən lizinqə verilən avadanlıqlar və minik avtomobillərinin ödənişində problemlər yarandığı üçün sahibləri həmin avtomobil və avadanlıqları şirkətə qaytarır. Qaytarılan avadanlıq və minik avtomobillərinin yenidən lizinqə verilməsi istiqamətində şirkət işini davam etdirir, yəni onları yenidən maliyyələşdirir», - deyə E.İbrahimov bildirib.


E.İbrahimovun sözlərinə görə, əvvəlki dövrlə müqayisədə şirkət mövcud vəziyyətdə seçim zamanı korporativ müştərilərə üstünlük verir.


«AGLesing», «Nikoil Leasing», «Texnika Leasing» və «Parex Leasing & Factoring» şirkətlərindən isə bildirilib ki, lizinq əməliyyatlarının dayandırılması birbaşa maliyyə çatışmazlığı ilə bağlıdır. Şirkətlərin nümayəndələrinin fikrincə, yaxın günlərdə maliyyə vəsaiti cəlb olunarsa lizinq əməliyyatları bərpa oluna bilər.

«AtaLeasing» şirkəti İdarə Heyətinin sədr müavini Cavid Abbasovun sözlərinə görə isə, əvvəlki illərlə müqayisədə şirkət indi daha çox korporativ müştərilərə üstünlük verir: «Əvvəllər şirkət tərəfindən vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi olmayan fiziki şəxslərlə lizinq əməliyyatları aparılıb. Hazırda isə bu kimi müştərilərə lizinq əməliyyatlarının aparılması qadağan edilib. Şirkət mövcud durumda daha risksiz layihələrin maliyyələşdirilməsinə üstünlük verir».

Qeyd edək, bazarın digər iştirakçıları - «MCB Leasing», «Qafqaz Leasing», «Ansar Leasing» və «Joint Leasing» şirkətləri lzinqlə bağlı layihələrin maliyyələşdirilməsini uğurla davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 977

Oxşar yazılar