“Daşqınlar Azərbaycanı yarım milyarda qədər ziyana saldı” - MÜSAHİBƏ
17 dekabr 2010 16:13 (UTC +04:00)

“Daşqınlar Azərbaycanı yarım milyarda qədər ziyana saldı” - MÜSAHİBƏ

Qlobal maliyyə və iqtisadi böhranla müşahidə olunan 2010-cu il də başa çatır. Dünyanın bütün bölgələri, o cümlədən inkişaf etmiş ölkələr üçün düşərli olmayan bir il. Bu il dünya ictimaiyyəti iri maliyyə qurumlarının, bankların, fabrik və zavodların bağlanması fonunda çoxsaylı əməkçi etirazlarının da şahidi olduq. İqtisadi və sosial gərginlik şəraitində mühüm beynəlxalq təşkilatlar dünyanı ərzaq böhranı, taxıl qıtlığı gözlədiyinə dair proqnozlar və xəbərdarlıqlar da yaydılar.

Bəs, 2010-cu il Azərbaycan iqtisadiyyatı üçün nə ilə yadda qaldı? Yeni, 2001-ci ildə ölkənin iqtisadi həyatında bizi nələr gözləyir?

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun Lent.az-a müsahibəsi bu barədədir:

- Bu il ölkə iqtisadiyyatında 9 faiz artım oldu. Bir sıra beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətindəki irəliləyişlər də 2010-cu ilin yaddaqalan hadisələri sırasına aid etmək olar. Məsələn, bu il Ərzurum qaz kəməri vasitəsilə qaz ixracı reallaşdı. Azərbaycanın daxilində iri investisiya tutumlu layihələr, o cümlədən magistral yolların çəkilməsi, səhiyyə və təhsil obyektlərinin istifadəyə verilməsi, yeni müəssisələrin açılışı da bu ilin payına düşür. Uzun illər Azərbaycanda həllini gözləyən bir məsələ – Balaxanıda Zibil Zavodunun tikilməsi nəhayət, bu il reallaşdı. Ümumiyyətlə, baxmayaraq ki, dünya maliyyə sistemində böhran davam edir, 2010-cu il Azərbaycan iqtisadiyyatı üçün o qədər də itkili il kimi xarakterizə olunmur. Əksinə, Azərbaycan faktiki olaraq, özünün maliyyə ehtiyatını qoruyub-saxladı və artırdı, bankların bağlanmasına o qədər də imkan verilmədi. Bu il Azərbaycanda cəmi 2 bank fəaliyyətini dayandırdı, amma Amerika kimi ölkədə 150-yə yaxın bank bağlandı. Bütövlükdə, 2010-cu ildə Azərbaycan iqtisadiyyatı üçün yadda qalan müsbət amillər çoxdur. Ən əsası odur ki, dünya maliyyə böhranı Azərbaycana ciddi təsir göstərmədi.

- Amma qiymət artımı yenə də yüksələn templə davam etdi...

- Bəli, qiymət artımları bu il də müşahidə olundu, inflyasiya 6-7 faizə çatdı. Amma bunların dövlətə, insanların həyatına elə də ciddi təsiri olmadı. Hər halda, çalışmaq lazımdır ki, istehlak malları bahalaşmasın. Odur ki, bu sahəyə nəzarət bir qədər də artırılmalıdır.

- Bu il həm də dövlət xətti ilə ipoteka kreditlərinin verilməsində xeyli geriləmələr oldu...

- İpoteka kreditləri yalnız 2007-ci ildə, qanun qəbul olunandan sonra normal fəaliyyətə başladı. Xüsusən də biz sosial ipoteka proqramını həyata keçirə bildik və bəzi insanlar bundan yararlandı. Ancaq sonra həm tikinti bazarında olan durğunluq, həm ipoteka kreditləşməsinin özündə yaranan müəyyən problemlər ona gətirib çıxardı ki, bu sahədə geriləmələr müşahidə olundu. Çünki dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait də az idi. Ona görə də ipoteka kreditləşməsi layihəsi ciddi nəticə vermədi. Düzdür, sosial ipoteka proqramı yenə də müəyyən qədər işləyir, ancaq digər növdən olan ipoteka kreditləşməsində faizlər yüksək olduğundan insanlar bu sahəyə maraq göstərmir.

- İpoteka krediti götürmək istəyənlərin qarşısına yeni bir şərt də qoyulub ki, onlar Dövlət Sosial Müdafiə Fonduna sığorta ödəmələri ilə bağlı arayış təqdim etməlidir.

- Mən bu barədə eşitməmişəm. “İpoteka kreditləri haqqında” qanun qəbul olunub və hansı sənədlərin tələb olunduğu orada göstərilir. Ola bilər ki, bu sənəd bankın öz vəsaitləri hesabına kredit alan vətəndaşlardan istənilir. Belə halda banklar özləri bu şərti qoyur. Çünki banklar İpoteka Fondundan yüksək faizlərlə ipoteka götürür.

- Aprel-may aylarında baş verən sel və daşqınlar da bu ilin mühüm hadisələri sırasındadır. Bu hadisələr ölkə iqtisadiyyatına nə dərəcədə təsir etdi?

- Bu il təbii fəlakətlər Azərbaycan iqtisadiyyatına müəyyən qədər ziyan vurdu. Hətta biz əlavə olaraq dövlət büdcəsinə yenidən baxmalı olduq. Daşqınların qarşısını almaq, dağılmış evlərin əvəzində yenisini tikmək üçün təxminən yarım milyard manata yaxın vəsait ayrıldı. Həmin zonalarda bəndlərin tikilməsi, Kürün təmizlənməsi, yaşayış evlərinin tikintisi hələ davam edir. O gərgin vaxtlarda hökumət qurumları çox fəal işlədi. Xüsusilə Fövqəladə Hallar Nazirliyi ilə Müdafiə Nazirliyi. Düzdür, insanlar fiziki və mənəvi cəhətdən çox əziyyət çəkdilər, ancaq dövlət onların maddi sıxıntılardan qoruya bildi. O insanlara daim yardım edilirdi. Yeri gəlmişkən, bu işləri davam etdirmək lazımdır, çünki Kürün yenidən daşması ehtimalı var və ona görə çayın dibi sistemli şəkildə təmizlənməlidir. Yadınızdadır ki, bu daşqınlar nəticəsində hökumət bir sıra layihələri təxirə salmalı oldu, məktəblərin, səhiyyə ocaqlarının tikilməsi ləngidi.

- Bəs, bu il kənd təsərrüfatı sektoru daha çox nə ilə yadda qaldı?

- 2010-cu il kənd təsərrüfatı üçün də yaxşı olmadı. İstər taxıl istehsalında, istərsə də digər məhsulların istehsalında geriləmə baş verdi, taxıl istehsalı təxminən 25 faiz azaldı. Ümumiyyətlə, kənd təsərrüfatı sahəsi ayrıca bir məsələdir və bu sahəyə hərtərəfli diqqət yetirmək lazımdır. Kənd Təsərrüfatı Nazirliyinin özünün strukturlarından tutmuş onun yerlərdəki bölmələrinədək hər şeyə yenidən baxılmalıdır. Bu sahəyə vəsaitlərin artırılmasına, dövlət nəzarətinin gücləndirilməsinə böyük ehtiyac var. Həmçinin fermerlərin işləməsi üçün bütün şərait yaradılmalıdır ki, kənd təsərrüfatı məhsullarının istehsalı artsın. Çox təəssüf ki, prezidentin vacib göstərişlər verməsinə, “Ərzaq təhlükəsizliyi haqqında” Dövlət Proqramının qəbul olunmasına baxmayaraq, bu sahədə irəliləyişə nail ola bilmirik. Yəni kənd təsərrüfatı sahəsindəki problemlər çox ciddi məsələdir. Ona görə də Azərbaycan dövləti, hökuməti və ictimaiyyəti bu məsələdə həmişə diqqətli olmalıdır.

- Fermerlər üçün indikindən artıq daha hansı şəraiti yaratmaq olar?

- Fermerlərə şərait yaradılmalıdır ki, onlar əkib-becərmə işlərində problemlərlə üzləşməsin. “Aqrolizinq”in texnikalarının fermerlərə necə və hansı faizlərlə verilməsi məsələsinə yenidən baxılmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda işlək əhalinin 40 faizdən çoxu kənd təsərrüfatı ilə məşğuldur, onda bu sahə ölkəmiz üçün mütləq mənada prioritet sayılmalıdır. Əhalinin normal yaşaması üçün bu sahə daim diqqət mərkəzində olmalıdır. Əhalisinin az qala yarıya qədəri kənd təsərrüfatında çalışan ölkə niyə taxıl qıtlığı ilə üzləşməlidir? Bu il taxılla bağlı ölkədə çox ciddi problem yarandı, çörəyin və unun qiymətində artımlar oldu. Yəni kənd təsərrüfatı Azərbaycan üçün strateji sahədir və indiki durum hamımızı narahat etməlidir. Mən rayonlarda insanların şikayət etdiyinin tez-tez şahidi oluram. Çünki əvvəlki illərdə mövcud kənd təsərrüfatı infrastrukturları ləğv olunub, hər şey dağılıb. Məhsul istehsalçılarının dərman və gübrələrlə təminatında ciddi problemlər var, dərmanlar həddindən artıq keyfiyyətsizdir. Artıq Quba-Qusar zonasında meyvə yetişdirilməsində ciddi problemlər yaranır, meyvələr xəstəlik səbəbindən xarab şəkildə əmələ gəlir. Çünki gübrələr və dərmanlar keyfiyyətsizdir. Azərbaycana gətirilən gübrələr mütləq dövlət səviyyəsində nəzarətdə olmalıdır. İndi məlumatlar alırıq ki, Azərbaycanın özündə kimlərsə sexlər açıb, dərmanlara əlavələr qatıb camaata satırlar. Halbuki, onların heç 30 faizi dərman deyil, böyük əksəriyyəti başqa şeylərdir. Yəni kənd təsərrüfatında bu cür ciddi problemlər var. Ona görə də bu sahəyə dövlət nəzarəti gücləndirilməli, güzəştli kreditlərin həcmini artırmaq, kənd əhalisinə kömək etmək lazımdır.

- Milli Məclisdə istifadə olunmayan pay torpaqlarının geri qaytarılması, torpaqların kooperativlərdə birləşdirilməsinə dair müzakirələr birmənalı qarşılanmır. Siz bu məsələyə necə baxırsınız?

- Mən o qanun layihəsini görməmişəm. Ancaq ümumiyyətlə, torpaqların istifadəsi ilə bağlı Azərbaycanda çox ciddi problemlər var. Həqiqətən də istifadə edilməyən torpaqlar həddindən artıq çoxdur. Ona görə də torpaqların könüllülük prinsipi ilə birləşməsi məhsul istehsalını artıra bilər, həm də əkin xərcləri azalar. Amma yenə deyirəm, bunların hamısı könüllülük prinsipinə əsaslanmalıdır. Heç kəsi məcbur etmək olmaz ki, digər torpaq sahibləri ilə torpaqlarını birləşdirsinlər.

- Torpaqları kooperativlərdə birləşdirməkdənsə, əkilməmənin səbəblərini araşdırıb problemi aradan qaldırmaq daha effektiv olmazmı?

- Bəli, bu da ciddi məsələdir. Biz özümüz də torpaqların əkilməməsinin səbəbləri barədə həm hökumət nümayəndələri ilə görüşlərdə, həm də Milli Məclisdə bir neçə dəfə məsələ qaldırmışam. Dövlət Torpaq və Xəritçəkmə Komitəsi özəlləşdirmə zamanı torpaqla əlaqədar ciddi problemlər yaradıblar. Yəni torpaqlar özəlləşdirilərkən onun hansı məqsədlər üçün istifadə ediləcəyi öyrənilməyib və heç kim də buna görə məsuliyyət daşımır. Ona görə də dövlət tərəfindən əkilməyən, istifadə olunmayan torpaqlara münasibət bildirilməlidir, bu məsələ baxılmalıdır. Əgər dövlət olaraq, ərzaq təhlükəsizliyimizi təmin etmək istəyiriksə, torpaqların hamısı istifadə olunmalıdır.

- Gələn il üçün ölkə iqtisadiyyatı, o cümlədən kənd təsərrüfatı sahəsində gözləntiləriniz nədən ibarətdir?

- Gələn il üçün Azərbaycanda bu sahədə ciddi problem gözləmirəm. Çünki ölkənin ehtiyatı böyükdür, bu saat 30 milyarddan da çox ehtiyatımız var. Neft və qaz sektoru inkişafdadır. Amma çox istərdim ki, gələn il qeyri-neft sektoruna və kənd təsərrüfatına diqqət artırılsın. Bunsuz ölkənin nə dayanıqlı inkişafı, nə də əhalinin məşğulluq və sosial problemlərinin həlli çox çətindir. Biz kənd təsərrüfatı və qeyri-neft sektoruna nəzarəti gücləndirməliyik ki, ölkənin neftdən sonrakı dövrünə hazır olaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784

Oxşar yazılar