Bakı Ələt, Səngəçal və Dübəndi istiqamətində genişlənəcək
02 noyabr 2010 17:34 (UTC +04:00)

Bakı Ələt, Səngəçal və Dübəndi istiqamətində genişlənəcək

Yaxın illərdə Bakı şəhərinin genişləndiriləcəyi əsas istiqamətlər Ələt, Səngəçal və Dübəndi olacaq. Bu barədə “APA-ECONOMICS”ə Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Komitəsi Dünya Bankının vəsaiti hesabına Böyük Bakının inkişafı üzrə Regional Sxem hazırlayır. Bu sənəddə Bakı və Bakıətrafı ərazilərin inkişafı və burda gözlənilən dəyişikliklər və paytaxtın mümkün genişlənmə istiqamətləri əksini tapacaq.

D.Dövlətxanov bildirib ki, Bakının genişləndiriləcəyi əsas istiqamətlərdən biri Ələt və Səngəçaldır. Səbəbi isə burda yeni limanın tikintisi və Bakının sənaye müəssisələrinın bura köçürülməsidir: “Aydındır ki, sənaye potensialı yaradıldığı üçün orda yaşayış sahələri də inkişaf edəcək və əhali artacaq”.

Həmçinin, Bakının Abşerondakı bəzi məntəqələrinin inkişaf etdirilməsi nəzərdə tutulur. Bunlardan biri Dübəndi istiqamətidir – burada yeni şəhərin salınması planlaşdırılır. İnkişaf etdirilməsi nəzərdə tutulan digər yaşayış məntəqələri Türkan və Zığdır.

Maraqlıdır ki, bu variantlar arasında Sumqayıt istiqaməti yoxdur. Komitə nümayəndəsi bunu Bakının Sumqayıt istiqamətinə kifayət qədər genişlənməsi ilə izah edir: “Artıq faktdır ki, Bakının Binəqədi rayonu Sumqayıtın Novxanı bağlarına birləşib. Buna görə də biz Sumqayıta Bakı aqlomerasiyasının elementlərindən biri kimi baxırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422

Oxşar yazılar