Müdafiəçi Rafael Varan “Mançester Yunayted”dən ayrılmaq istəyir.
Lent.az xarici mediaya istinadla bildirir ki, klub 30 yaşlı fransızı yalnız yay transfer pəncərəsində buraxmağa hazırdır. Baş məşqçi Erik ten Haq, “qırmızı şeytanlar”a ilk dördlükdə yer almaqdan ötrü ən yaxşı şans vermək üçün komandasının əsasını saxlamaq istəyir. Ancaq mövsümün sonunda “Yunayted” təklifləri dinləyəcək.
Varan özü İtaliya və ya Səudiyyə Ərəbistanı çempionatına keçməkdə maraqlıdır. Müdafiəçinin Səudiyyə klublarından təklifləri var və o, maaşını xeyli artıra bilər.
Varan 2021-ci ilin avqustunda “Real Madrid”dən “Mançester Yunayted”ə keçib.
Onun transfer məbləği 40 milyon avro olub. Oyunçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt Varanı 35 milyon avro dəyərində qiymətləndirir.
Bu mövsüm Varan 12 oyun keçirib və 1 qol vurub.