“Yarışda 301 kiloluq ştanq ayağıma düşdü” - Dünya rekordçusu Lent.az-a danışır...
01 noyabr 2022 20:15 (UTC +04:00)

“Yarışda 301 kiloluq ştanq ayağıma düşdü” - Dünya rekordçusu Lent.az-a danışır...

5 qat dünya, 3 qat Avropa, 11 qat Respublika çempionu, Dünya və Avropa kubokunun sahibi, Beynəlxalq dərəcəli idman ustası, Peşəkar divizionda (ProDivision) çempion və dünya rekordunu qıran ilk azərbaycanlı idmançı Rövşən Xəlilov Lent.az-a özəl müsahibə verib. 

Onunla müsahibəni təqdim edirik: 

- Mən, Rövşən Məqsəd oğlu Xəlilov. 1990-cı il noyabr 8-də Mingəçevirdə anadan olmuşam. İdmana uşaqlıq dövründən güləşlə gəlmişəm. Bakı İslam Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişəm. Ancaq özümdəki fiziki gücü hiss edib sahəmi dəyişdim. Ağırlıqqaldırmanın “Powerlifting” növü ilə məşğul olmağa başladım. Hazırda həm də “Strongman” idman növü ilə məşğulam. 

Bildiyiniz kimi, Strongman “güclü kişi” deməkdir. Bu dünyada çox məşhur olan idman növüdür. Bura maşın qaldırma, ağır çəkili əşyaları uzaq məsafəyə aparmaq daxildir. Bir sözlə, güclə dözümlülüyün vəhdətini yaradan idman növüdür. 

- Sonuncu yarışda zədələnmisiniz, hazırda vəziyyətiniz necədir? İdmanı davam etdirə biləcəksiniz?

- Bəli, Respublika Çempionatında 301 kiloqramlıq ağırlıq sifariş etdim. 75 kiloda mən dünya rekordu etmişəm. Öz çəkimdən 4 dəfə çox (300 kilo) ağırlıq qaldırmışam. Bu ağırlığı yerdən qaldırma sahəsində Azərbaycanda da ilk idi. Dünya rekordum təsdiqlənərək sertifikatım da gəlib.  

Aldığım zədəyə gəldikdə isə, Respublika Çempionatında istədim 301 kilonu qaldırım. Bununla da rekordumu təzələyim. Çox təəssüf ki, həmin yarışda sanki ölümdən döndüm. 301 kiloqram ağırlığında ştanq ayağıma düşdü. Şükürlər olsun ki, böyük zədə almadım. İndi yaxşıya doğru gedir hər şey, Allahın izni ilə yola davam edərəm.

- Aldığınız zədənin sizin karyeranıza hansı mənfi təsirləri oldu?

- Təbii ki, o fasilə güc baxımdan məni geri saldı. Müəyyən müddət sağlamlığımla bağlı müalicələr aldım. Şükür, artıq yaxşıyam. Çıxdığım yola davam edib, istədiyim uğuru əldə edəcəm. 

- Yarışa hazırlaşanda ən çətin proses hansı dövrdür?

- Ən çətin proses çəki salmadır. 5-6, hətta 7 kilo artığın olur, yarışa qədər onu aşağı salmaq məcburiyyətindəsən. Bu sağlamlıq baxımından da çətindir. Çünki həm sağlamlığa diqqət edib, həm də çəkini çox qısa müddətdə aşağı salmaq çətindir. 

Düşünürəm ki, 32 yaşım olmasına baxmayaraq bu yola davam etməliyəm. 

- Axı, bu sahədə sizin yaşınızda olan əksər insanlar karyerasını başa vurur?

- Bəli, elə bir yaş dönəmindəyəm ki, çox idmançı bu yaşda karyerasını başa vurur. Ancaq dediyim kimi, zədələrim olmasa, həqiqətən davam etmək gücündəyəm. Çünki hələ öz çəki dərəcəmdə, özümdən güclü heç kimi görmürəm. Nə vaxtsa, bunu görsəm, karyeramı başa vuracam. Çünki Azərbaycanı daha güclü idmançının təmsil etməsini istəyirəm. Əgər hazırda mən ən güclüyəmsə, niyə karyeramı başa vurum?(gülür).

- Siz idmanla yanaşı həm də FHN-nin işçisisiniz. Dövlət işində olmağınız idman karyeranıza necə təsir edir?

- Yarış dönəmlərində FHN-nin mənə çox böyük dəstəyi olur. Yarışa hazırlaşanda təlim-məşq toplantıları olur ki, buna da xüsusi icazələrlə qatılmaq mümkün olur. Bu istiqamətdə mənə fövqəladə hallar naziri çox kömək edir. Mən də bayrağımızı, vətənimizi xaricdə təmsil edirəm. Nazirliyin mənə bu dəstəyi olmasa, qazandığım heç bir uğur olmazdı. Burdan FHN-ə Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinə, rəis müavinlərinə və komandirimə təşəkkürümü bildirirəm.  

- Elə bir an olub ki, yorulub bu sahədən getmək istəmisiniz?

- Düzünü desəm, valideynlərim həddindən çox bu sahədən getməyimi israr edir. Həm də subay olduğum üçün deyirlər ki, evlənmək yaşındı. Valideynim deyir ki, artıq sənin yox, övladının idmana getmək yaşıdı (gülür). Ancaq mən arzuma, qarşıma qoyduğum məqsədə çatmamışam. Həmin arzumu reallaşdırandan sonra bu sahədən gedəcəm. Yerimi cavan nəsli buraxacam. 

- İdman sahəsini seçdiyiniz zaman ailənizin münasibəti necə oldu? Qərarınıza qarşı çıxdılar yoxsa ?

- Bütün valideynlər övladlarını təhlükədən qorumağa çalışırlar. Ailəm də məni qorumaq üçün qarşı çıxdılar. Məşq etməyim deyə təkid edirdilər. Hər gün bu sözləri dinləməmək üçün Mingəçevirdən Bakıya köçdüm. Onların sözləri artıq mənə psixoloji təsir göstərirdi. Hazırda Bakıda tək yaşayıram, bu illər ərzində yaşadığım çətinliklərin heç birini ailəm görmədi.  

- Gələcəkdə övladınızın da sizinlə eyni sahədə olmasını istərdiniz? 

- Bəli, istərdim. Mənim sahəm olimpiada idman növü deyil. Amma çox istərəm ki, övladlarım olimpiadanın tərkibində olan idman sahəsi ilə məşğul olsunlar. Çünki bu sahə bizdən daha üstündür. 

- Dediyiniz kimi, məqsədinizə çatdıqdan sonra karyeranızı başa vuracaqsınız. Bundan sonrakı planlarınız nədir? 

- Karyeramı başa vurduqdan sonra FHN-dəki işimə davam edəcəm. Həm də məşqçilik fəaliyyətimlə məşğul olacam. 

- Hər bir uğurun arxasında ona dəstək olan bir müəllim durur. Sizə bu sahədə dəstək olan müəlliminiz kimdir?

- Uşaqlıdan idmanla məşğulam. İlk güləş müəllimim Mingəçevirdə Mehman müəllim olub. Güləş idman növünü buraxdıqdan sonra sambo ilə məşğul oldum. Həmin dövrlərdə Xəzər, Azər, Əliağa müəllim kömək oldu. 

Artıq özümdə bu gücü hiss edib Bakıya gəldim. Bakıda mənə Vüsal Mərdanov, Hafiz Verdiyev, Rüfət, Azər Mustafayev və hazırda Vüqar, Bəxtiyar, və Raif müəllim dəstək oldu. Amma ilk yarışlarıma Samir Məmmədovun köməkliyi ilə çıxdım. Elə bu idman növünün varlığından da onun sayəsində bilmişəm. 

- Rövşən bəy, bu illər ərzində ən yaddaqalan anınız nə olub?

- Təsəvvür edin ki, yarışa qatılmaq üçün 1 il dayanmadan gündə iki dəfə məşq etdim. 1 ilin sonunda yarışa çox qısa müddət qalmış ani çıxan xəstəlik ucbatından iştirak edə bilmədim. Bu mənim üçün ən pis haldır. Heç zaman yadımdan çıxmır. 

Bir dəfə də triko geyinmişdim. Bunun da üzərində yaşıl rəng var idi. Başlayıb mənə söyüş yazırdılar ki, bayrağı geyinmisən. Orda yaşıl var deyə bayraq sayılmır axı. Bayraq zirvədə olur. 

- Səhv etmirəmsə, bir müddət əvvəl mahnı klipinə çəkilmisiniz. Bu necə baş verdi?

- Rusiyada məşhur bir azərbaycanlı musiqiçi var. Elşən adlı dostumuzdu. O, Azərbaycanda klip çəkirdi. Ortaq dostlarımızdan mənim onun klipində iştirak etməyimi xahiş etmişdi. Mən də heç bir təmənnasız razılaşdım və çəkildim. 

- Uğur qazandıqca paxıllıq çəkən insanlar çox olur. Bəs sizdə necə, paxıllıq edib, sizi geri çəkən tanışınız oldumu? 

- Bu sualınızla sanki ürəyimdən ox çıxdı. Belə hadisə tək mənim yox, uğur qazanan bütün insanların başına gəlir. Uğura gedən yolda düz gedirsənsə, deməli o yolun sonunda uğur yoxdur. 

Təbii ki, mən də çörək kəsdiyim, dostluq, qardaşlıq etdiyim insanlardan pislik görmüşəm. HƏlə də onlarla mübarizədəyəm. Çünki çox çətindir. Biri var düşmənini tanıyırsan, ondan qorunursan. Biri də var onla dostluq edirsən, amma o, sənin arxandan geri çəkməyə çalışır. Hətta elə an olar ki, pislik etdiyini bilmədən onunla dostluğa davam edirsən. Mən də öz karyeramda belə hadisələrlə qarşılaşmışam.   

- Son olaraq, idmanla məşğul olmağa başlayan gənclərə nələri tövsiyə edərsiniz? Hansı səhvləri etməməlidirlər?

- İlk başda tələsməsinlər. Daha sonra yaxşı müəllim seçimi etməlidirlər. Həmin müəllim sayəsində tələbə düzgün istiqamətlənir. Ən əsası, spirtli içkilərdən, siqaretdən uzaq olmalıdırlar. İdman həqiqətən ən gözəl sahədir ki, insanı uğura aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4599
avatar

Fidan İlqar

Oxşar yazılar