Yeni legioner Dünya Kubokunda fəxri kürsünü hədəfləyib
04 dekabr 2013 16:30 (UTC +04:00)

Yeni legioner Dünya Kubokunda fəxri kürsünü hədəfləyib

“Synergy Baku Cycling Project”in heyətinə yeni dəvət etdiyi avstraliyalı velosipedçi Lük Deyvison komandasına həm trek, həm də şose yarışlarında uğur qazandırmaq niyyətindədir. Azərbaycan Velosiped İdmanı Federasiyasından Lent.az-a verilən məlumata görə, Deyvison gələn həftə Meksikanın Aquaskalyentes şəhərində keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) Dünya Kubokunda iştirak etməyə hazırlaşır.

 

Ötən ay Okeaniya trek çempionatında birincilik sevinci yaşayan və 2014-cü ildə “Synergy Baku Cycling Project”də çıxış edəcək velosipedçi “Omnium” titulunu qazanmağa ümid edir. Deyvisonun sözlərinə görə, “Omnium” velosiped yarışları dekatlon versiyasına aid edilir. Burada bir neçə əsas element – havada fırlanaraq döngə, xal yarışı, maneələri dəf etmə, 1 km zamana qarşı çalışma və fərdi izləmə yarışları var. Lük bu yarış növünü çox sevdiyini və stilinə uyğun olduğunu deyir.

 

Qeyd edək ki, Deyvison keçən ilin noyabrında İngiltərənin Mançester şəhərində keçirilən “Omnium” üzrə dünya çempionatında bürünc medal əldə edib. 23 yaşlı velosipedçi 2008-ci ildə gənclər arasında “Omnium” və “Madison” yarışlarında trek üzrə komanda izləmə növünün qalibi də olub. Sonradan o diqqətini şosse yarışlarına yönəldib və 2011-ci ilin avqustundan 2012-ci ilə qədər “Budget Forklifts” komandasında çıxış edərək bir neçə parlaq qələbə qazanıb. Velosipedçi “Tour of Gippsland”, “Murray River” və Avstraliyanın milli şosse yarış seriyasında üst-üstə 13 dəfə mərhələ qalibi olmaqla yanaşı, yekun sıralanmada 1-ci yeri tutub. Deyvisonun 2012-ci ildə əldə etdiyi uğurlar “Synergy Baku Cycling Project”in idman direktoru Ceremi Hantın diqqətindən yayınmayıb və gənc velosipedçinin Azərbaycan klubuna keçməsində həlledici rol oynayıb: “Avstraliyalı gəncin çıxışlarını böyük maraqla izləyirdim. Mən Deyvisonu inandıra bildim ki, o təkcə trekdə deyil, şose yarışlarında da uğur qazana bilər. Hazırda biz onu adını çəkdiyim növlərə daha yaxşı hazırlamaq üçün Tim Dekerlə birlikdə çalışırıq və velosipedçinin uğur qazanması üçün lazım olan bütün şəraiti yaradırıq” – deyə, Ceremi Hant bildirib. Meksikadakı Dünya Kubokundan sonra Lük Deyvison “Baku Synergy” ilə birgə İspaniyanın Kalpe bölgəsində təlim-məşq toplantısına başlayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437
avatar

Oxşar yazılar