Oktyabrın 23-də “Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında keçiriləcək futbol üzrə Azərbaycan Superkuboku uğrunda oyuna təyinatlar açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, İbrahimxəlil Axundlu adına Naxçıvan şəhər stadionunda keçiriləcək matç gənc FİFA referisi Rəhim Həsənova həvalə olunub.
Ona Yaşar Abbasov və Vaqif Musayev yan xətt, Rauf Cabbarov 4-cü, Əliyar Ağayev və Orxan Məmmədov əlavə köməkçi hakimlər qismində yardım edəcəklər. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov hakim-inspektor, Şaiq Həmidov isə AFFA nümayəndəsi kimi iş başında olacaq.
Qeyd edək ki, görüş saat 15:00-da başlanacaq.